
ABŞ və Yaponiya rəhbərliyi Yaponiya ərazisində Amerika yataqlarından gələn tədarük hesabına formalaşacaq birgə neft ehtiyatlarının yaradılması məsələsini müzakirə edir.
"Yomiuri" qəzetinin məlumatına görə, bu barədə rəsmi qərarın martın 19-da Vaşinqtonda Yaponiyanın Baş naziri Sanae Takaiti və ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüş zamanı elan ediləcəyi gözlənilir.
Layihənin maliyyələşdirilməsi üçün Tokionun əvvəllər ABŞ-a vəd etdiyi 550 milyard dollarlıq investisiya paketindən istifadə olunacağı bildirilir. Birgə ehtiyatların xüsusilə Alyaska yataqlarından idxal edilən neft hesabına yaradılması planlaşdırılır.
Qeyd edək ki, ABŞ və İsrailin İrana zərbələri nəticəsində tədarük zəncirində yaranan fasilələrə görə Yaponiya martın 16-dan etibarən öz milli strateji neft ehtiyatlarının bir hissəsini bazara çıxarmağa başlayıb. Ümumilikdə ölkənin 45 günlük ehtiyacını ödəyəcək həcmdə neft topdansatış şirkətlərinə münaqişədən əvvəlki ucuz qiymətlərlə satılacaq.