EN

Ərzaqlar niyə tez xarab olur? – AÇIQLAMA

Son zamanlar ərzaq məhsullarının keyfiyyəti ilə bağlı narahatlıqlar artmaqdadır. Xüsusilə meyvə-tərəvəzlərin cəmi bir neçə gün ərzində xarab olması, hətta düyü və qarabaşaq kimi uzunömürlü hesab edilən məhsulların qısa müddətdə qurdlanması ilə bağlı şikayətlər geniş yayılıb. Halbuki əvvəllər bu cür məhsulların həftələrlə, bəzən aylarla saxlanıldığı qeyd olunur.

 

Bəs məhsulların daha tez xarab olmasının səbəbi nədir?

 

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, hər bir məhsul növünə görə saxlama şəraiti, qabı, temperaturu fərqli olmalıdır, mütləq şəkildə onları saxlayarkən bu amillər nəzərə alınmalıdır.

Mütəxəssis

Onun sözlərinə görə, meyvə və tərəvəzlərin mövsümi olmasına diqqət edilməlidir: “Təbii mövsümündə yetişdirilibsə, kimyəvi maddələr vurulmayıbsa, bu məhsullar daha tez xarab olur. Ancaq bəzən olur ki, istixanalarda və ya yetişdirilməsində həddindən çox gübrələr, kimyəvi maddələrdən istifadə edilirsə, onların xarab olma müddəti sürətlənir. Bəzi məhsullar olur ki, onlar xaricdən gətirilirsə, tam yetişməmiş, kal formasında yığılır və daşınmaya davam gətirməsi üçün də müxtəlif kimyəvi maddələr vurulur, soyuducu maşınlarda daşınır və bunlar da artıq evə gətirildikdə yüksək və ya otaq temperaturunda saxlanılması tez xarab olmasına gətirib çıxarır”.

 

M.Hüseynova bildirib ki, bəzən də bu meyvə və tərəvəzlərin düzgün qablarda saxlanılmaması onların tez xarab olmasına səbəb ola bilər: “Banan, alma digər meyvələrin yanında qaldıqda onların da tez yetişməsinə, xarab olmasına gətirib çıxarır ki, bu məqama da diqqət etmək lazımdır. Bəziləri isə artıq mağazalara və satış nöqtələrinə çatana qədər son istifadə olunma müddətinə yaxınlaşmış olduğuna görə evə gətirildikdə tez xarab olur. Ancaq bəzən olur ki, insanlar meyvələri gətirdikdə evdə yuyur, sonra qarışıq şəkildə eyni qabda saxlayırlar ki, burada da onların yuyulması, rütubətli, isti ortamın olması xarab olma prosesini sürətləndirir. Bir çox hallarda bu meyvələr birlikdə qoyulduqda, hətta gec yetişən tərəvəzlərin belə daha tez yetişməsinə səbəb ola bilər. Paxlalılar, taxıl bitkilərinin içində əvvəldən həşərat yumurtaları ola bilir. Bu varsa, o zaman qurdlanma və ya həşəratların olmasına gətirib çıxara bilər. Saxlanılarkən rütubət və temperatur yüksək olarsa, bəzən tez zamanda qurdlanma baş verir. Bu növ məhsulları quru, sərin yerdə, düzgün qabda, xüsusilə şüşə qablarda saxlamaq lazımdır. Meyvə-tərəvəzləri isə soyuducuda saxlamaq, eyni zamanda qarışıq şəkildə qoymamaq, ayrılıqda yerləşdirmək tövsiyə edilir. İstifadə etdikdə isə soyuducudan lazımi qədər götürmək və istifadədən öncə yuyulması tövsiyə edilir”.

 

Şəhanə Quliyeva

Tarix: 18 Mart 2026, 09:09   
Chosen
68
pravda.az

1Sources