EN

“Dubayda al-ver” dövrü SONA ÇATIR – Regional biznes mərkəzi bu şəhərlərdən biri olacaq – SİYAHI

Xəbər verdiyimiz kimi, iki gün əvəl İran pilotsuz uçuş aparatları ilə Dubay şəhərində yerləşən Beynəlxalq Maliyyə Mərkəzinə zərbə endirib. Zərbə nəticəsində mərkəzin yerləşdiyi binada güclü partlayış baş verib.
 

Bu Dubay şəhərindəki mühüm mərkəzlərə edilən ilk hücum deyil. 28 fevraldan üzü bəri Dubay şəhəri İranın əsas hədəfində olan mərkəzlərdən biridir. Xüsusilə də, Dubay aeroportuna bir neçə dəfə zərbə endirilib.


Yaranmış vəziyyətdə Dubayın regionun biznes mərkəzi kimi roluna istər-istəməz sarsıdıcı zərbə vurulur. Daşınmaz əmlak ucuzlaşır, investisiyalar geri çəkilirlər. Nəticədə Dubay öz əvvəlki əhəmiyyətini itirir.

Bu fonda görəsən yeni mərkəz rolunu hansı şəhər və yaxud şəhərlər oynaya bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirir ki, yaranmış durumda Dubayı əvəz edə biləcək əsas biznes mərkəzi rolunda Doha şəhəri çıxış edə bilər:

“Yaxın Şərqdə uzunmüddətli hərbi gərginlik regionda biznes və investisiya mühitinə də ciddi təsir göstərdiyindən, belə vəziyyətdə investorlar adətən daha sabit siyasi mühitə, təhlükəsizliyə və inkişaf etmiş maliyyə infrastrukturuna malik şəhərlərə yönəlirlər.
 

Əgər regionda risklər artarsa, Dubayın bəzi regional biznes funksiyaları başqa şəhərlərə keçə bilər. Bu baxımdan ən çox adı çəkilən alternativlərdən biri Doha şəhəridir. Qətər son illər maliyyə, logistika və beynəlxalq tədbirlər sahəsində böyük investisiyalar edib.


İnfrastrukturun inkişafı, beynəlxalq hava limanı və maliyyə zonalarının yaradılması bu şəhərin regional biznes mərkəzi kimi rolunu gücləndirə bilər”.

İqtisadçı digər mümkün namizədlərdən biri kimi Əl-Riyad şəhərini də qeyd edib:

“Səudiyyə Ərəbistanı iqtisadiyyatını neftdən kənar sahələr hesabına diversifikasiya etmək üçün böyük layihələr həyata keçirir. Xarici şirkətlərin regional ofislərini Riyadda açmasını təşviq edən proqramlar və iri investisiya layihələri şəhərin biznes mərkəzinə çevrilməsi məqsədini gücləndirir”.

Müsahibimiz hesab edir ki, regiondan kənarda İstanbul və Sinqapur kimi şəhərlər də investorlar üçün alternativ platforma ola bilərlər:

“İstanbul coğrafi baxımdan Avropa ilə Yaxın Şərq arasında körpü rolunu oynayır, Sinqapur isə artıq Asiyanın ən böyük maliyyə və logistika mərkəzlərindən biri sayılır”.
 

Bununla belə, həmsöhbətimizin fikrincə, Dubayın mövcud üstünlükləri – inkişaf etmiş maliyyə sistemi, beynəlxalq biznes mühiti, logistika imkanları və liberal iqtisadi qaydalar – onu qısa müddətdə tam əvəz etməyi çətinləşdirir:


“Buna görə də daha real ssenari Dubayın rolunun birdən-birə başqa bir şəhərə keçməsi deyil, regionda bir neçə şəhər arasında bölüşdürülməsi ola bilər”.

Rüfət Sultan, Bizim.Media

Chosen
12
1
bizim.media

2Sources