EN

Paşinyan xanımından niyə ayrıldı?..

İnsanlarımızın çoxu düşünür ki, Sovetin vaxtında bizim heç bir dissidentimiz –filanımız (bəs bizim Əbülfəz bəy kim idi?) olmayıb. Amma tamam belə də deyil, hər şey bir yana, Sovetin vaxtında müxtəlif dövrlərdə iki filosofumuz intihar edib.

Digər ziyalımızınsa 90-ci illərdəki müsahibəsindən çox maraqlı şey oxumuşdum. Adam deyirdi ki, hiss edəndə KQB mənimlə ciddi maraqlanmağa başlayıb, dərhal ailəmdən, uşaqlarımdan ayrıldım ki, mənə görə məhrumiyyətlər yaşamasınlar!

Soruşacaqsınız ki, bunları nə məqsədlə yazıram? Əvvəlcə, ərz edim ki, ağlım kəsəndən ən zəhləm gedən şey insanların həyatlarının necə deyər, qeyri-rəsmi hissəsilə maraqlanmaq olub.

Bir də insanları aşağılamağı sevməmişəm: əlbəttə ki, siyasi jurnalistikada belə hallara da təsadüf edilir, amma bu xüsusda hər halda, özümüzün canfəşanlıq etməyimiz heç yadımıza gəlmir: bilirsinizmi, bəzən adamın tutarlı arqumenti olmayanda başlayır aşıqlar demiş, aman-aman deməyə, ona görə də hətta hansısa siyasətçi haqqında yazanda çalışıb onun siyasəti haqqında yazmaq lazımdır. Çox nadir hallarda bəzi “aşağı” adamlar bunu unudanda onlara sakitcə xatırlatmaq lazım gəlir...

Belədəsə, bir daha deyirik: çalışmaq lazımdır ki, bu cür hallar maksimum dərəcədə az olsun, xüsusən də indiki məqamda, nə vaxt ki, siyasi, tənqidçi jurnalistikanın tamam “fatihə”sini vermək üçün güdükdə dayananlar bir deyil, beş deyil, olduqca çoxdur.

Amma çox nahaq, həmin adamlar bunun bədələni dərhal ödəməli olacaqlar və onda biləcəklər ki, etiraz, alternativ fikir və s. mütləq dışarı çıxmağın yolunu tapır, çıxır da, özü də daha kəskin, döyüşkən formada.

Qərəz, gələk mətləbə. İndi hamı günün bir hissəsini İrana, digərini Ukraynaya, hərdən də Ermənistana boylanır. Bəlkə də əvəlki ikisilə tam müqayisə olunmaz, amma böyrümüzdəki İrəvan da nisbi tarazlıq durumu yaşayır və bir də gördün ki, rəqqas tamam başqa tərəfə əyildı və elə bu səbəbdən iyun ayı yaxınlaşdıqca Ermənistan nəinki Ukraynadan, heç qonşu İrandan da az maraq kəsb etmir, çünki bu ölkədə də siyasi müstəvidə də nə baş verirsə, istər-istəməz, iyundakı parlament seçkisilə bağlanır, hətta Paşinyanın şəxsi həyatındakı bəzi detallar, o cümlədən bu yaxınlarda xanımı ilə boşanması...

Bilirsiniz, bəlkə məni bəzi adamlara və detallara ehtiyac olduğundan artıq şəkildə ciddi yanaşmaqda qınayacaqsınız və bəlkə də haqlı çox olacaqsınız. Üstəlik, onu da anlayıram ki, Bakı ilə İrəvan arasında son vaxtlarda sezilən anlaşmaya baxmayaraq Nikol Azərbaycanda rəğbət bəslənilən siyasətçilərdən sayılmır. İnsanların çoxu, əlbəttə, haqlı olaraq, bu adama sonuncu Qarabağ Müharibəsinə qədərki siyasətini bağışlamır, amma bəlkə də yanılırıq, fəqət, bizə hələ də elə gəlir ki, Qarabağ separatçıları, indinin özündə elə belə sakitləşməyən, farağat durmayan kriminal siyasi ünsürlər müharibədə uduzmasaydı Paşinyan onlarla əsla bacarmayacaqdı.

Ona görə də Azərbaycan müharibədə təkcə torpaqlarını azad etmədi, elə ermənilərin özünü də bu faşist elementlərindən xilas etdi.

Beledəsə, əlbəttə, Paşinyanın fizionomiya sarıdan da bəxti gətirməyib, ona baxanda Sovet vaxtı bazarlarda altdan-gizlincə cinc paltar, “şmotka” alveri edən “xaçik”lər yada düşür! Amma neyləmək olar? Adamı kiməsə “ərə” vermək fikrimiz yoxdur ki, durub görkəmilə də maraqlanaq!

Bizə elə gəlir ki, insafən, adam nəinki keçmiş “intellektual-prezident” Levondan fərqlənir, hətta deyərdik ki, ermənilər Qafqaza köçürüləndən demək olar, ilk erməni siyasətçisidi ki, Rusiyayla “buynuzlaşır”. Sözsüz, Saakaşvilidən daha bic adam təsiri bağışlayır, hətta arabir onun da Moskvayla daha “intim münasibətlər”indən yazılır-bəli, bu cür məlumatlara görə, Rusiyaya qarşı sanksiyalar tətbiq olunandan sonra Rusiya da, Putin də, Ermənistan da və eləcə də Paşinyan da çox yaxşı qazana biliblər! Ola bilər! Tarixən erməni “daşnak”larının bir əli Rusiyanın, digəri Fransanın və bəzən də ABŞ-ın “cibində” olub, üstəlik, peşəkar “kəşfiyyat adamları” adətən, azı, iki kəşfiyyata işləyirlər...

Amma bütün bunlara rəğmən, heç kim onu ciddi şəkildə “Kremlin adamı” hesab etmir, bəlkə də əksinə! Hamıya məlum olan bəzi detalları burada təkrar xatırlatmaq fikrimiz yox, amma bizə elə gəlir ki, Kreml də, eləcə Paşinyan özü də anlayır ki, iyun ayında ciddi siyasi döyüş olacaq: əgər Paşinyan və ya qərbpərəst qüvvələr bu döyüşü udsa, işlər yaxşı olacaq, yox, udmasa, çox şey fəna olacaq, üstəlik, Paşinyan özü siyasət adamı kimi çox ciddi problemlər yaşacaq; hətta Kreml onu sərbəst buraxsa da, “daşnaklar” bunu etməyəcək! Hazırda elə bu saytımızda bir müddət əvvəl yazdığmız kimi, baş faşist, Rusiyanın da, elə Putinin də (indi Rusiya elə Putin demək deyilmi?) ən yaxın adamı R.Koçaryan Paşinyanın əsas opponentinə, hətta rəqibinə çevrilməkdədi: ümid yalnız onadı ki, ağıllı erməni seçicisiçün Koçaryan da çevrilmiş səhifə olmalıdı. Onda bəs kim? Bax, elə sual da budur...

Ona görə də erməni baş naziri gündə özünə bir “piar” yaratmağa, ən əsası, ən pis senariyə də hazır olmağa cəhd edir: bir daha deyirəm ki, mümkündür ki, yanılıram, amma onun “ailə dramı”nı da bu rakusrsdan yozardıq.

Bəlkə də kimsə düşünür ki, əşşi, seçkidir də, nə böyük problemdir! Amma belə deyil, istər Ermənistanda, istərsə də Gürcüstanda məncə, seçkini saxtalaşdırmaq imkanları böyük deyil, hətta bəlkə də demək olar, yoxdur. Sorğular da arxayınlıq üçün əsas vermir; Nikol və partiyası öndə olsa da, ciddi, həlledici üstünlük deyil. Ona görə də Nikol Paşinyan iyun ayında onu hansı sınağın gözlədiyinin fərqindədir.

Bölgə də sanki start ərəfəsindədir. Bir Azərbaycan proqnozlaşdırıla bilninən durumdadır. Ermənistan iyun seçkisindən sonra bilinəcək, o ki qaldı Gürcüstana, İvanişvili hələ nəinki Tiflisi Moskvaya dost edə bilməyib, əksinə Qərbi də itiribdir! Qərəz, vəziyyət belədir və Paşinyan şəkillərdə nə qədər qayğısız görünsə də, reallıq tamam başqadır...

Chosen
66
9
musavat.com

10Sources