EN

Ərbil və Bağdad Kürdüstandan Türkiyəyə neft ixracının bərpası barədə razılığa gəlib

Hörmüz boğazındakı gərginlik fonunda İraq alternativ ixrac marşrutlarını aktivləşdirir...

Poliqon xəbər verir ki, bu barədə Rudaw Agentliyi məlumat yayıb. Məlumata görə, İraqın Kürdüstan Regional Hökuməti ilə federal Bağdad hakimiyyəti Kürdüstandan Türkiyəyə uzanan boru kəməri vasitəsilə neft ixracının bərpası ilə bağlı mühüm razılıq əldə edib.

Məlumata görə, razılaşmanın icrası çərşənbə günü səhər saatlarından etibarən qüvvəyə minəcək. İraqın neft naziri Həyyan Əbdül Qani bildirib ki, tərəflər bütün texniki və siyasi məsələlər üzrə razılığa gəliblər.

İraq parlamentinin üzvü və Kürdüstan Demokrat Partiyasını (KDP) təmsil edən Şirvan Dubardani qeyd edib ki, ilkin mərhələdə Kürdüstan və Kərkük yataqlarından hasil olunan mövcud neft həcmləri birgə şəkildə ixrac ediləcək.

Kürdüstanın baş naziri Məsrur Bərzani isə qərarın qəbul edilməsini ölkənin üzləşdiyi “fövqəladə şərait” ilə izah edib. O, sosial şəbəkə X-də paylaşımında bildirib ki, mövcud vəziyyət bütün tərəflərdən məsuliyyətli addımlar tələb edir və buna görə də neftin boru kəməri vasitəsilə ixracına ən qısa zamanda icazə verilib.

Bərzani əlavə edib ki, Kürdüstan hökuməti eyni zamanda Bağdadla danışıqları davam etdirərək regiona tətbiq olunan ticarət və idxal məhdudiyyətlərinin aradan qaldırılmasına, eləcə də neft-qaz şirkətlərinə təhlükəsiz fəaliyyət üçün zəmanətlərin verilməsinə çalışacaq.

O, həmçinin ABŞ-nin bu prosesdə oynadığı rolu yüksək qiymətləndirərək Vaşinqtona dəstəyə görə təşəkkür edib.

Qeyd olunur ki, ötən həftə Bağdad Ərbilə gündəlik əlavə 300 min barel neftin ixracı ilə bağlı rəsmi müraciət edib. Bu həcm Kürdüstanda hasil olunan təxminən 200 min barel neftə əlavə olunacaq. İraq hökuməti hesab edir ki, bu addım Hörmüz boğazının bağlanması nəticəsində yaranan enerji böhranının təsirlərini qismən azalda bilər.

Məlum olduğu kimi, regionda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra gərginliyin artması fonunda İran Hörmüz boğazını faktiki olaraq bağlayıb. Bu isə İraqın neft ixracına ciddi təsir göstərib. Nəzərə alsaq ki, ölkə gəlirlərinin təxminən 90 faizi neft sektorundan formalaşır, alternativ ixrac marşrutlarının açılması Bağdad üçün strateji əhəmiyyət daşıyır.

Ekspertlər bildirirlər ki, Kürdüstan-Türkiyə boru kəmərinin yenidən aktivləşdirilməsi yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm addımdır və regionda enerji balansına təsir göstərə bilər.

Poliqon.info

Chosen
10
poliqon.info

1Sources