ABŞ Prezidenti Donald Trampın Kubanı "ələ keçirmək" barədə dediklərindən sonra Kuba Prezidenti Migel Dias-Kanel "sarsılmaz müqavimət" göstərməyə hazır olduğunu bəyan etdi.
Herbiand.az xəbər verir ki Kuba rəhbəri X mikrobloqunda yazıb:
"Ən pis ssenari ilə üzləşən Kuba bir şeyə əmindir: istənilən xarici təcavüzkar sarsılmaz müqavimətlə qarşılaşacaq".
AFP-nin məlumatına görə, Kubanın iqtisadi və enerji böhranını daha da pisləşdirən ABŞ-ın davam edən neft blokadası fonunda ada dövləti hökuməti artan təzyiqlə üzləşir. Martın 16-da adada ümumxalq elektrik kəsintisi baş verdi və bütün 10 milyon insan elektriksiz qaldı. Martın 17-si səhərə qədər ölkə əhalisinin üçdə ikisinə, o cümlədən 1,7 milyon insanın yaşadığı paytaxt Havananın 45 faizinə elektrik enerjisi bərpa edilmişdi.
The New York Times qəzetinin 16 martda yazdığı kimi, Donald Tramp həmin gün jurnalistlərə danışarkən "Kubanı ələ keçirmək şərəfinə nail olacağı" fikrini bildirib. Qəzet Ağ Ev rəhbərinin sözlərini sitat gətirərək yazıb: "Kubanı götürün. Yəni, onu azad edin, götürün. Düşünürəm ki, onunla istədiyimi edə bilərəm. Hazırda çox zəifləmiş bir ölkədir".