EN

Möminə xatun türbəsi: Dövlət siyasətinin mədəni irsin qorunmasına növbəti töhfəsi

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 18 mart, AZƏRTAC

XII əsrdə inşa edilmiş Möminə xatun türbəsi orta əsr Azərbaycan memarlığının ən möhtəşəm monumental tikililərindən biri hesab olunur. Türbə dahi Azərbaycan memarı Əcəmi Naxçıvaninin yaradıcılığının ən parlaq nümunələrindən biridir. Onun memarlıq üslubu Naxçıvan memarlıq məktəbinin formalaşmasında mühüm rol oynayıb. Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncam əsasında Möminə xatun türbəsində aparılan kompleks bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün dövlət büdcəsinin ehtiyat fondundan maliyyə vəsaitinin ayrılması, memarlıq irsinin qorunması istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin mühüm göstəricisidir. Bu qərar həm də milli memarlıq ənənələrinin elmi əsaslarla yaşadılmasını təmin edən strateji addım kimi qiymətləndirilməlidir.

Bunu AZƏRTAC-a açıqlamasında Naxçıvan Dövlət Universiteti Memarlıq kafedrasının müəllimi Məhəmməd Bayramov deyib.

O bildirib ki, orta əsrlər Azərbaycan memarlıq məktəbinin ən möhtəşəm və konseptual baxımdan yetkin nümunələrindən biri hesab olunan Möminə xatun türbəsi yalnız monumental memarlıq abidəsi deyil, həm də XII əsr memarlıq düşüncəsinin yüksək bədii və mühəndislik sintezini əks etdirən nadir irs nümunəsidir. Bu abidə formanın estetik kamilliyi, konstruktiv məntiqin aydınlığı və ornamental sistemin zənginliyi ilə Azərbaycan memarlıq tarixində xüsusi yer tutur.

“Memarlıq abidələri hər bir xalqın tarixi yaddaşının maddi daşıyıcısıdır. Bu baxımdan Möminə xatun türbəsinin qorunması yalnız bir memarlıq nümunəsinin saxlanılması deyil, həm də Azərbaycan mədəniyyətinin çoxəsrlik inkişaf yolunun gələcək nəsillərə çatdırılması deməkdir. Aparılan bərpa və konservasiya işləri bu unikal memarlıq irsinin zamanın təsirlərindən qorunaraq elmi və mədəni dəyərini uzun illər ərzində yaşatmasına xidmət edir. Belə təşəbbüslər Azərbaycan memarlıq irsinin qorunması və beynəlxalq elmi-mədəni mühitdə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır və ölkənin zəngin tarixi-mədəni potensialının gələcək nəsillər üçün etibarlı şəkildə saxlanılmasına imkan yaradır”, - deyə M.Bayramov qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
95
azertag.az

1Sources