EN

Bu futbolçu yayda “Fənərbaxça”ya qayıdacaq

“Fənərbaxça”nın ötən yay “Betis”ə icarəyə verdiyi Sofyan Amrabatdan xəbər var.

Əslində mərakeşli futbolçunun İspaniya macərası heç də pis başlamamışdı. Amrabat qısa müddətdə sevilyalıların əsas futbolçularından birinə çevrilməyi bacarmışdı. Hətta “Betis”in onu daimi əsasda transfer etmək planlarının olduğu da bildirilmişdi. İstanbul nəhəngi 29 yaşlı futbolçunun satışından təxminən 10 milyon avro gəlir gözləyirdi. Amma noyabrın sonlarında Avropa Liqasında “Utrext”lə görüşdə Amrabat komanda yoldaşı İsko ilə toqquşaraq zədələndi. Yanvarın ortalarında isə o, Niderlandda əməliyyat olundu. Həmin zədədən bəri Amrabat hələ də heç bir rəsmi oyuna çıxmayıb. Türkiyə mətbuatının yazdığına inansaq, “Betis” rəsmiləri artıq “Fənərbaxça” ilə əlaqə quraraq Amrabatı daimi əsasda transfer etməyəcəklərini bildiriblər. Bu da o deməkdi ki, bu futbolçu mövsüm bitən kimi İstanbula dönəcək. “Betis”in heyətində 11 rəsmi oyunda forma geyən və hesabına məhsuldar ötürmə yaza bilməyən təcrübəli oyunçunun “sarı-lacivərdlilər”lə 2028-ə qədər müqaviləsi var.

Bu arada “Fənər”də baş məşqçi Domeniko Tedeskonun gözünə girə bilməyən və əsas heyətə düşməkdə çətinlik çəkən braziliyalı Fredlə bağlı da yeni xəbərlər var. Braziliya mətbuatının yazdığına görə “Atletiko Mineyro” təcrübəli futbolçunu yaxından izləyir və onun xidmətində maraqlıdı. “Sambaçı” bu klubun marağından məmnun olsa da, qərar verməkdə tələsmək istəmir. O, yayda Avropadan gələcək təklifləri gördükdən sonra yekun qərarını verəcək. Fred ötən mövsümün gedişində “Korintians”, “Kruzeyro” və “İnternasyonal”ın da maraq dairəsinə düşmüşdü. Ancaq 33 yaşlı futbolçunun İstanbuldakı məvacibinin yüksək olması üzündən onun başqa kluba transferi reallaşmamışdı. “Fənər” Fredin satışından 12 milyon avro qazanmaq istəyir. Daha öncə “Mançester Yunayted”də də forma geymiş Fred indiyə qədər “Fənər”də 117 rəsmi oyunda 15 qol, 15 məhsuldar ötürmə ilə fərqlənib. Onun İstanbul nəhəngi ilə 2027-nin yayına qədər müqaviləsi var.

Chosen
14
1
football-plus.az

2Sources