EN

Dövlət Duması əmək miqrantları üçün yeni tələblər tətbiq edir

Moskva, 18 mart, AZƏRTAC

Rusiya Federasiyasının Dövlət Duması plenar iclasda ölkədə işləyən xarici vətəndaşlar üçün əlavə tələbləri nəzərdə tutan yeni qanun layihəsini birinci oxunuşda qəbul edib.

AZƏRTAC xəbər verir ki, sənəd “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi vəziyyəti haqqında” qanuna dəyişikliklərin edilməsini nəzərdə tutur və əmək miqrantların özlərini, onların himayəsində olan ailə üzvlərini regional əmsal nəzərə alınmaqla yaşayış minimumundan aşağı olmayacaq səviyyədə təmin etməyi öhdələndirir. Bu barədə Rusiya hökuməti tərəfindən təqdim edilmiş qanun layihəsinin mətnində qeyd olunur.

Təşəbbüsə əsasən, göstərilən tələb yerinə yetirilməyəcəyi təqdirdə xarici vətəndaşlara patentin və ya iş icazəsinin müddətinin uzadılmasından imtina edilə bilər. Bu halda onlar yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə 15 gün ərzində Rusiya ərazisini tərk etməlidirlər.

Bundan əlavə, əmək miqrantlarının uşaqlarının Rusiyada qalma şərtləri ilə bağlı yeni tələblər müəyyən edilir, belə ki, onlara yalnız valideynin iş icazəsinin qüvvədə olduğu müddətdə və həm işçi, həm də hər bir uşaq üçün fiziki şəxslərin gəlir vergisi üzrə sabit avans ödənişinin həyata keçirilməsi şərti ilə Rusiyada qalmağa icazə verilir.

Qanun layihəsində, həmçinin miqrantların uşaqlarının 18 yaşına çatdıqdan sonra 30 gün ərzində ya Rusiya ərazisini tərk etməli, ya da həmin müddət ərzində patent almaq üçün müraciət etməli olduqları nəzərdə tutulur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Chosen
35
10
azertag.az

10Sources