EN

''Fənərbaxça'' 2026-da ilk dəfə bunu bacardı

Türkiyə çempionatında həftəiçinə salınan 27-ci tura start verildi.

Qeyd edək ki, ''Qalatasaray'' və ''Samsunspor'' avrokuboklarda çıxış etdiyindən onların bu turdakı oyunları təxirə salınıb. Açılış oyununda ''Fənərbaxça'' ''Qaziantep''i qəbul etdi. ''Fənər''in stadionunda tribunadakı boşluqlar və fanatların dəfələrlə komandanı fitə basması diqqətdən qaçmadı. Görünür, artıq fanatlar çempionluq ümidini itiriblər. Amma konkret bu oyunda ''sarı-lacivərdlilər'' ümidləri doğrultdular.

Fasiləyə geridə yollanan ''Qaziantep'' ikinci hissənin əvvəllərində bərabərlik qolunu vursa da, ''Fənər'' qalan vaxtda daha 3 dəfə fərqlənərək 4:1 hesablı inamlı qələbə qazandı. Nqolo Kante Türkiyə karyerasında ilk qolunu vurdusa, Nene Dorgeles Türkiyə karyerasında ilk dəfə het-trik etdi. Domeniko Tedeskonun komandası bu təqvim ilində ilk dəfə superliqada 4 qol vurdu.

Maraqlıdı ki, ''Fənər'' bu mövsüm 3-cü dəfə bu rəqibə 4 qol vurmağı bacardı. İstanbul nəhəngi həm ilk dövrədə, həm də kubokda 4:0 üstün olmuşdu. Ümumiyyətlə, ''Qaziantep'' hazırda elitada çıxış edən kollektivlər arasında ''Fənərbaxça''nın ən yüksək (86) qələbə faizinə malik olduğu rəqibdi. ''Fənər'' antepliləri 14 superliqa matçının 12-də məğlub edib.

Tedesko Türkiyə çempionatı çərçivəsində ''Fənər''in başında keçirdiyi ilk 12 ev oyununun heç birində məğlubiyyət acısı yaşamayıb (8 qələbə, 4 heç-heçə). Əcnəbi məşqçilərdən sonuncu dəfə Vitor Pereyranın (avqust 2015 - oktyabr 2021, 21 oyun) belə seriyası olmuşdu.

Chosen
77
1
football-plus.az

2Sources