ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı yeni təklif irəli sürülüb.
Gununsesi.info xəbər verir ki, təklifə əsasən, məhkumun xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi məsələsinə yalnız mövcud prosedurlar çərçivəsində deyil, həm də Ombudsmanın təqdimatı əsasında baxılması nəzərdə tutulur.
Məlumata görə, bunun üçün Cinayət-Prosessual Məcəllənin 511.2-ci maddəsinə müvafiq dəyişikliklərin edilməsi təklif olunur. Qeyd edilir ki, bu yanaşma ağır xəstə məhkumların hüquqlarının daha effektiv müdafiəsinə və humanitar prinsiplərin gücləndirilməsinə xidmət edə bilər.
Ekspertlər hesab edir ki, Ombudsmanın bu prosesə cəlb olunması belə hallarda daha obyektiv və operativ qərarların qəbuluna şərait yaradacaq. Eyni zamanda, bu dəyişiklik məhkumların sağlamlıq vəziyyətinin nəzərə alınması baxımından hüquqi mexanizmlərin genişləndirilməsi kimi qiymətləndirilir.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.
Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.
Orxan
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.