EN

İran müharibəsi nə vaxt başa çatır?

ABŞ və İsrailin İrana qarşı hava hücumu 19 gündür davam edir.

Hazırda tərıflər müharibənin hansı mərhələsindədir? Hərbi qarşıdurmanın sona yaxınlaşmaqda olduğunu göstərən əlamətlər varmı? Bəs danışıq masası qurularsa, dini, siyasi, hərbi liderlərinin öldürüldüyü İranı danışıqlarda  kim təmsil edəcək? 

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları klassik müharibə ssenarisindən daha çox, çoxqatlı və qeyri-müəyyən “idarə olunan eskalasiya” modelini xatırladır: “18 gündür davam edən hava hücumları artıq təkcə hərbi əməliyyat deyil. Bu, siyasi iradələrin, regional güc balansının və qlobal oyunçuların səbr limitinin sınağıdır. Hazırkı mərhələni ən dəqiq “məhdudlaşdırılmış zərbə mərhələsi” kimi xarakterizə etmək olar. ABŞ və İsrail İranın hərbi infrastrukturuna, xüsusilə raket proqramına və strateji obyektlərinə fokuslanaraq genişmiqyaslı quru əməliyyatına keçmirlər. Bu isə onu göstərir ki, məqsəd İranı tam məğlub etmək yox, onu zəiflətmək və danışıqlara məcbur etməkdir. Eyni zamanda, İran da hələlik bütün potensialını işə salmayıb. Regionda proksi qüvvələr – İraq, Suriya, Yəmən və Livan istiqamətində tammiqyaslı aktivləşmə müşahidə olunmur. Bu da onu göstərir ki, Tehran “qırmızı xətt”i keçməkdən çəkinir. Bu baxımdan müharibənin sona yaxınlaşdığını göstərən əlamətlər görünmür. Amma bəzi dolayı əlamətlər mövcuddur. Məsələn, zərbələrin intensivliyinin müəyyən dövrlərdə azalması, diplomatik kanalların aktivləşməsi, enerji bazarlarında panikanın nəzarət altında saxlanılması Türkiyə, Qətər, Omanın “səssiz diplomatiya”ya keçməsi var. Ancaq bunlar hələ müharibənin bitməsi demək deyil. Əksinə, bu, tərəflərin növbəti mərhələ üçün mövqe toplaması da ola bilər”.

Siyasi şərhçi deyib ki, İran kimi qapalı sistemlərdə yüksək vəzifəli şəxsin aradan götürülməsi dərhal siyasi silkələnmə yaratmır: “Hazırda İranda institusional böhran əlaməti açıq görünmür. Dini elita və təhlükəsizlik aparatında ciddi təsirə malik fiqurlar adətən böhran anlarında “kölgədə qalaraq” prosesləri idarə etməyə üstünlük verirlər. Açıq səhnəyə çıxmaq isə yalnız hakimiyyət tranziti və ya sistem dəyişikliyi zamanı baş verir. Əgər danışıqlar olarsa, prezident Məsud Pezeşkian formal rəhbər kimi iştirak edə bilər, lakin əsas qərarverici olmayacaq. Əsas söz sahibi isə yenə də İranın ali dini lideri institutudur. Başqa sözlə, İran sistemində “danışan” və “qərar verən” fərqli şəxslərdir”.

Siyasi şərhçi “regionda böyük müharibə riski qalırmı” sualına belə cavab verib: “Bəli, risk hələ də yüksəkdir. Hörmüz boğazının bağlanması, İsrailə qarşı kütləvi raket hücumu, ABŞ hərbçilərinin birbaşa hədəfə alınması, “Hizbullah”ın tammiqyaslı müharibəyə qoşulması müharibənin genişlənəcəyinə gətirib çıxara bilər. Hazırda tərəflər bu “qırmızı xətlər”dən uzaq dayanmağa çalışır. Bu isə onu göstərir ki, heç kim böyük müharibədə maraqlı deyil. Amma səhv hesablamalar riski çox yüksəkdir. Bu baxımdan müharibə bitirmi sualına hazırda birmənalı cavab vermək çətindir. Ən real ssenari müharibənin qəfil bitməsi yox, “dondurulmasıdır”.

E.Məmmədəliyev,
Musavat.com

 

Chosen
47
musavat.com

1Sources