EN

DYP bayramda yollarda təhlükəsiz hərəkətlə bağlı çağırış edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində yollarda təhlükəsiz hərəkətlə bağlı çağırış edib.

İdarədən verilən məlumata görə, müraciətdə bayram günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, bütün hərəkət iştirakçıları daha diqqətli və məsuliyyətli olmağa çağırılır:

"Nəzərə alınmalıdır ki, yol hərəkəti zamanı verilən hər bir qərar insanların həyat və sağlamlığına birbaşa təsir göstərir, ən kiçik diqqətsizlik isə ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan, səfərə çıxarkən yol və hava şəraiti düzgün qiymətləndirilməli, nəqliyyat vasitələrinin texniki sazlığı əvvəlcədən yoxlanılmalı, hərəkət zamanı müəyyən olunmuş sürət hədlərinə, təhlükəsiz ara məsafəsinə, eləcə də ümumi hərəkət təhlükəsizliyini təmin edən digər tələblərə ciddi əməl edilməlidir.

Bayram günlərində hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi əməkdaşları tərəfindən xidmət gücləndirilmiş qaydada təşkil olunacaq.

Bir daha xatırladılır ki, yollarda təhlükəsizlik hər kəsin məsuliyyətli davranışından asılıdır. Bayram sevincinin hər hansı yol-nəqliyyat hadisəsi ilə kölgələnməməsi üçün bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə, yolda həm öz həyatlarına, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə həssas yanaşmağa çağırırıq".
Chosen
61
21
7news.az

10Sources