EN

Deputatların Novruz xatirələri

Yazını böyüt
Yazını kiçilt

Öz xatirələri ilə sanki uşaqlaşdılar…

Novruz bayramı Azərbaycan xalqının ən qədim və ən sevilən bayramlarından biridir. Baharın gəlişini, təbiətin oyanışını simvolizə edən bu bayram əsrlərdir ki, xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi qeyd olunur. Tonqalların qalanması, səməninin cücərdilnəsi, bayram süfrələrinin qurulması, papaq atmaq və qapı pusmaq kimi adətlər Novruzun ən yadda qalan ənənələri sırasında yer alır. Bu bayram təkcə milli ənənələrin yaşadılması deyil, həm də insanların uşaqlıq xatirələrinin, ailə istiliyinin və birlik hissinin yenidən canlandığı xüsusi bir dövrdür.

Hər kəsin yaddaşında Novruzla bağlı özünəməxsus və unudulmaz xatirələr yaşayır. Bəs ölkənin tanınmış siyasətçiləri – millət vəkilləri Novruz xatirələrində hansı məqamlar var?

Hafta.az bir neçə deputat arasında sorğu keçirdi.

“Atdığımız lopa qonşuda balaca bir ot tayasının üstünə düşüb yanmışdı, elə qorxmuşduq ki…”

Arzu Nağıyev, deputat:

- Mən böyüdüyüm bölgədə-Tuvuzda Novruz bayramı həm zəngin, həm də rəngarəng adət-ənənələrlə qeyd olunurdu.
Uşaqlığım orada keçib, orta məktəbi də həmin bölgədə oxumuşam. Bu ərazi tarixən türk obalarının məskəni olub. Ona görə də Novruz bayramı burada həmişə çox təntənəli, zəngin adət-ənənələrlə qeyd olunub. Novruz yazın gəlişini, təbiətin oyanışını və bolluğu simvolizə edən bir bayramdır. Bu bayramla bağlı çox rəngarəng və maraqlı ənənələr mövcuddur.

Ən əsas atribut səməni idi. Buğdadan cücərdilən səməni bayramın rəmzi sayılırdı və mütləq şəkildə bayram süfrəsinin mərkəzinə qoyulurdu. Yadımdadır ki, bayram süfrəsində əsas yeməklərdən biri də plov olurdu. Bəzən qonaqlar üçün müxtəlif növlərdə hazırlanırdı. Bu süfrə bolluğun və paylaşmanın rəmzi sayılırdı.

Digər ənənələrdən biri də qovurğa hazırlamaq idi. Bu, müxtəlif dənli bitkilərin qovrulması ilə hazırlanırdı və bolluq, məhsuldarlıq rəmzi kimi təqdim olunurdu. Ən vacib adətlərdən biri isə tonqal qalamaq idi. İnsanlar tonqalın üzərindən tullanaraq köhnə ilin ağırlıqlarından və pisliklərindən təmizləndiklərinə inanırdılar.

Uşaqlıqda ən sevdiyimiz bayram əyləncələrindən biri yumurta döyüşdürmək idi. Bu oyun həm uşaqlar, həm də böyüklər arasında böyük maraq doğururdu. Həm kəndlərdə, həm də rayon mərkəzində bu ənənə geniş yayılmışdı.

Bizim bölgədə papaq atmaqdan çox torba atmaq adəti vardı. Uşaqlar qapı-qapı gəzərək torba atardılar və bayram payı istəyərdilər. Hətta bu zaman xüsusi bayatı və sözlər də deyərdik:

Döyüşlər ha döyüşlər,
Haqq yolunda durmuşlar,
Verin bizim payımızı,
Aparaq filankəsə.
Ustaya can sağlığı olsun!

Sonda isə zarafatla əlavə edərdik:

Verənin oğlu olsun, verməyənin qızı olsun.

Adətən ev sahibləri torbanın içinə müxtəlif şirniyyatlar, yumurta, qoz-fındıq və ya başqa nemətlər qoyardılar. Lopa yandırmaq da maraqlı adətlərdən idi. Bəzən lopanı uzağa atardıq. Yadımdadır ki, bir dəfə atdığımız lopa qonşuda balaca bir ot tayasının üstünə düşüb yanmışdı. O qədər qorxmuşduq ki, gizlənmişdik. Böyük bir ailə idik. Babam və nənəmlə birlikdə əmim, atam və onların uşaqları – ümumilikdə iyirmiyə yaxın adam bir evə yığışardılar. Kimisi yerdə, kimisi süfrə arxasında oturardı. Dualar oxunar, arzular tutulardı.

Uşaqlar isə qapı-qapı gəzib torba atar, topladıqları payları sonra bir yerdə bölərdilər. Yumurtanı daha çox udan uşaqlar isə onları dostları ilə paylaşardı.

Bayram süfrəsində ən böyük nemət plov sayılırdı. Bundan başqa, şəkərbura, paxlava və digər şirniyyatlar hazırlanardı. Bizim tərəflərdə “qatlama” deyilən xüsusi bir şirniyyat da bişirilirdi. Bundan əlavə müxtəlif xəmir yeməkləri və salatlar da hazırlanırdı.

Novruz bayramının Azərbaycan cəmiyyəti üçün əsas dəyəri milli adət-ənənələri, kimliyimizi və ailə dəyərlərimizi yaşatmaqdır. Bu bayram insanlara bolluğun, bərəkətin və birlikdə olmağın əhəmiyyətini xatırladır.

Yadımdadır ki, Novruz ərəfəsində insanlar qəbiristanlığa gedib dünyasını dəyişmiş yaxınlarını ziyarət edərdilər. Orada da şirniyyat və digər nemətlərdən kasıblara paylayardılar.

Uşaqlıq Novruzu ilə indiki Novruz arasında müəyyən fərqlər var. İndi biz artıq baba və nənə olmuşuq. Nəvələrimiz gəlir, ailə üzvləri toplaşır. Evdə yenə də bayram hazırlıqları görülür - şəkərbura, paxlava, qovurğa... Bunlar daha çox nəvələr və qonaqlar üçündür.

Əlbəttə, keçmişdəki kimi böyük lopalar atmaq və iri tonqallar qalamaq indi bir qədər çətindir. Amma buna baxmayaraq, hər kəsin qəlbində Novruz ən gözəl, ən bərəkətli və ən əziz bayram kimi yaşayır və yaşayacaq.

Düşünürəm ki, bu ənənələrin qorunmasında dövlətin də böyük rolu var. Bu bayramın yaşadılması və davam etdirilməsi üçün müxtəlif tədbirlər keçirilir. Bu gün Azərbaycan qalib dövlət kimi Novruzu daha böyük qürurla qeyd edir. Harada yaşamasından asılı olmayaraq, Azərbaycan xalqı öz kökünə, ənənələrinə və milli dəyərlərinə bağlı bir xalqdır. Ona görə də belə bayramlar xalqımızın birliyini və kimliyini daha da gücləndirir.

“Qulaq falına çıxardım…məni uşaqlığıma qaytardınız…”

Elnarə Akimova, deputat:

- Atalı-analı günlərim ən əziz, ən munis xatirələrimdir. Onların varlığı hər günümü bayram kimi yaşamağa imkan verirdi. İndi uzaqlarda qalan o günləri, o cümlədən, Novruz bayramını nisgilli olsa belə, rəngli və çoxsəsli xatirlayıram.

Ailədə altı uşaq olmuşuq. Bu, artıq bayramı necə təntənəli keçirməyimizi təsəvvür etməyə imkan verir. Bütün ailə bayram nemətləri düzülmüş bir stol ətrafına cəm olaraq televizor qarşısında əyləşər, bayramın dadını çıxarardıq. Mütləq yumurta döyüşdürərdik, hərəmizin adına bir şam yandırardıq.

Novruz bayramının çox ənənəsi var. İlkin olaraq ağlıma səməni, yumurta boyamaq və papaqatdı düşür.
Əlbəttə, çox iştirak etmişəm. Qulaq falına çıxardım.

Rəsmi tədbirlərdə də qeyd edirəm, amma bayramı birmənalı şəkildə ailəmlə keçirirəm. Bu, mənim üçün bir ritual xarakteri daşıyır. Ailəmlə bir ortamdayamsa, artıq bayramım bayram olur. Bayram süfrəsinin şahı plovdur. Amma bu, mənim sevdiyim yemək olduğundan həftədə ən azı, bir dəfə bişirirəm. Amma Novruz bayramının da olmazsa olmazıdır. Novrus kökümüzə, milli varlığımıza bağlı bayramdır. Min illik tarixi yaddaşımızdan süzülüb gəlir, özündə dərin folklor qatını ehtiva eləyir.
Əvvəllər insanlar daha çox paylaşmağı sevərdilər. Mənim yadımdadır, anam rus olan qonşumuza qədər bayram nemətlərini verərdi, digər qonşularımıza da həmçinin. Hər kəsin evində eyni təamlar bişsə də, insanlar paylaşmağın sevincini yaşamağı özlərinə borc bilərdilər. İndi təəssüf ki, bu mənəvi duyumdan zəmin alan adətlər unudulub getməkdədir.

Məni uşaqlığıma qaytardınız... Var olun!

“Belə fırıldaqlar üzündən bəzən aramızda ciddi mübahisələr də yaranırdı”

Fazil Mustafa, deputat: 

- Yadda qalan xatirələrim əsasən yumurta döyüşdürmə ilə bağlıdır. Çox zaman bu oyun hətta qarşıdurmaya, mübahisəyə, bəzən isə kiçik “savaşa” belə gətirib çıxarırdı. Uduzmağın nə qədər ağır bir hiss olduğunu biz ən çox məhz yumurta döyüşdürəndə anlayırdıq. Ona görə də möhkəm yumurta seçmək özü müəyyən bir bacarıq tələb edirdi. Bəzi adamlar bunu çox rahat tapırdılar. Hətta bəzən uşaqlar müxtəlif fəndlərə əl atır, yumurtanı daha möhkəm göstərməyə çalışırdılar. Zirək uşaqlar bərk olsun deyə, iynəylə yumurtaya qurğuşun yeridirdilər. Bu da çox vaxt davaya qədər aparırıdı. Belə fırıldaqlar üzündən bəzən aramızda ciddi mübahisələr də yaranırdı. Uşaqlıqdan ən çox yadımda qalan xatirələr bunlardır.

Uşaqlıq illərində Novruz bayramı çoxuşaqlı ailələrdə daha maraqlı keçirdi. Hər kəs bayrama böyük həvəslə hazırlaşırdı. Həyətdə tonqal qalayır, onun ətrafında toplaşıb bayramı qeyd edirdik. Süfrədə isə mütləq plov hazırlanardı. Adətən Novruz hər kəsin öz evində, ailə üzvləri ilə birlikdə keçirilirdi. Buna görə də bayram daha səmimi və maraqlı olurdu. Eyni zamanda bu günlər insanları bir-birinə daha da yaxınlaşdırır, mehribanlıq yaradırdı.

Novruz deyəndə ilk növbədə papaq atmaq və yumurta döyüşdürmək ənənələri yada düşür. Bunlar olduqca vacib adətlərdir. Maraqlıdır ki, bu adətlər insanı indi də bir az uşaqlaşdırır. Uşaqlar papaq atanda çalışırsan ki, papaq qapıdan boş qayıtmasın. Əvvəllər papağın içinə pul çox qoyulmazdı. Daha çox evdə olan alma, yumurta, şirniyyat kimi nemətlər qoyulardı. İndi isə dövr dəyişib, daha çox pul qoyulur ki, uşaqlar gedib özlərinə istədikləri şeyi alsınlar. Biz də uşaqlıqda papaqları əsasən böyük hörmət etdiyimiz qonşuların qapısına atardıq.

Tonqal qalamaq, papaq atmaq, yumurta döyüşdürmək - bunların hamısında iştirak etmişəm. Demək olar ki, elə bir adət yox idi ki, biz orada iştirak etməyək. Çünki hamımız bu bayramın içində böyümüşük və bu adətlər həyatımızın ayrılmaz bir hissəsi idi.

Hazırda isə Novruzu əsasən ailəmlə birlikdə qeyd edirəm. Rəsmi tədbirlərə o qədər də marağım yoxdur. Amma bəzən seçki dairəsində seçicilərlə və bəzi icra hakimiyyəti orqanları ilə birlikdə keçirilən tədbirlərdə də iştirak edirik. Buna baxmayaraq, bayramı daha çox ailə üzvləri, qardaş-bacılar və yaxınlarla birlikdə keçirməyə üstünlük verirəm.

Novruz süfrəsi isə mənim fikrimcə, mütləq zəngin və səmimi olmalıdır. Bu bayramın əsas dəyəri onun milli xarakterindədir. Novruz insanları bir araya gətirir, cəmiyyətdə həmrəylik yaradır və xoş duyğular bəxş edir. Ona görə də bu bayramın yaşadılması və qorunması olduqca vacibdir.

Təbii ki, uşaqlıq Novruzu ilə indiki Novruz arasında müəyyən fərqlər var. İndi daha çox uşaqların necə əylənməsinə diqqət yetiririk. Onların bu bayramdan zövq almasını istəyirik. Açığını desəm, bayramın ümumi aurasında böyük dəyişiklik hiss etmirəm. Sadəcə, uşaq vaxtı bu hisslər daha güclü idi. İndi isə uşaqların sevincini görəndə insan sanki öz uşaqlıq xatirələrinə qayıdır.

“Uşaqlıqda papaq atmışıq, torba ilə qapı-qapı gəzmişik”

Azər Badamov, deputat:

- Novruz bayramı ilə bağlı ən yadda qalan xatirələrim babamın, nənəmin, atamın və digər doğmaların bayram günü süfrə başında bir araya gəlməsi ilə bağlıdır. Biz həmin anlarda böyüklərdən çox şey öyrənirdik. İndi isə artıq özümüz övladlarımıza və uşaqlara adət-ənənələrimizi öyrətməyə çalışırıq.

Uşaqlıq illərində Novruz bayramını əsasən ailə üzvlərimiz və qohumlarımızla birlikdə qeyd edirdik. Bayram süfrəsi qurular, yaxınlar bir araya gələr, bayramlaşma mərasimləri keçirilərdi. Bu görüşlər həm də ailə bağlarını daha da möhkəmləndirirdi.
Novruz deyəndə ilk növbədə tonqal qalamaq, şamların yandırılması, uşaqlıq oyunları, papaq atmaq, eləcə də bayram süfrəsində şəkərbura, paxlava və Novruz aşının olması yada düşür.

Uşaqlıqda demək olar ki, bütün Novruz adətlərində iştirak etmişik. Papaq da atmışıq, torba ilə qapı-qapı gəzmişik, tonqal da qalamışıq. Bu adətlər uşaqlıq dövrünün daha maraqlı və yaddaqalan keçməsinə böyük töhfə verirdi.

Hazırda Novruz bayramını həm rəsmi, həm də ailəvi şəkildə qeyd edirik. Rəsmi şəxs kimi rayonda keçirilən Novruz bayramı şənliklərində iştirak edib sakinləri təbrik edirəm. Eyni zamanda Novruz günlərində böyükləri ziyarət etmək də bizim üçün vacib ənənədir. Bundan əlavə, ailə üzvlərim və övladlarımla birlikdə bayramı qeyd etməyə çalışırıq.

Novruz süfrəsinin əsas bəzəyi adətən səməni, şəkərbura və paxlava olur. Bu nemətlər bayramın əsas rəmzlərindən hesab olunur.

Novruz bayramı nəsillərdən-nəsillərə ötürülən qədim xalq ənənəsidir. Babalarımız da bu bayramı yüksək səviyyədə qeyd ediblər. Bu gün isə müstəqil dövlətimiz Novruzu rəsmi dövlət bayramları sırasına daxil edib və insanlara istirahət günləri verilir.

Bu bayram cəmiyyət üçün birlik və həmrəylik rəmzidir. İnsanlar bu günlərdə yaxınlarını ziyarət edir, ehtiyacı olanlara yardım göstərir. Eyni zamanda Novruz xalq şənlikləri ilə ölkədə xüsusi bayram ab-havası yaradır. Novruz həm də təbiətin oyanışını simvolizə edir. İnsanlar həyət-bacada təmizlik işləri görür, torpaqla məşğul olmağa başlayırlar. Bu isə bayramın bərəkət rəmzi olduğunu göstərir.

Əlbəttə, müəyyən fərqlər var. İllər keçdikcə bəzi adət-ənənələr dəyişir və ya təkmilləşir. Məsələn, əvvəllər uşaqlar Novruz bayramını səbirsizliklə gözləyər, papaq atmaq üçün qapı-qapı gəzərdilər. İndi isə bu ənənəni davam etdirən uşaqların sayı xeyli azalıb.

Bunun müəyyən səbəbləri də var. Əvvəllər uşaqların müxtəlif şirniyyat və nemətlərə çıxışı indiki kimi geniş deyildi. İndi isə demək olar ki, hər evdə bu nemətlər var və uşaqların ehtiyacları daha çox ödənilir. Digər tərəfdən, bəzi uşaqlar artıq papaq atmaqdan çəkinirlər. Bu da uşaqların sosial münasibətlərində müəyyən dəyişikliklərin göstəricisi kimi qiymətləndirilə bilər. Belə davam edərsə, gələcəkdə bu ənənənin tamamilə aradan qalxması ehtimalı da var.

“Papaq atmaq ənənəsi uşaqlıqdan mənim çox da qəbul etmədiyim adətlərdən biri olub”

Arzuxan Əlizadə, deputat:

- Novruz bayramı Azərbaycan xalqının hamılıqla qeyd etdiyi ən əziz bayramlardan biridir. Hətta desək ki, bu bayram xalqımız üçün ən əsas bayramlardan biridir, yanılmarıq. Baharın gəlişi ilə birlikdə cəmiyyətdə də bir canlanma hiss olunur. İnsanlar bayrama xüsusi hazırlıq görür, hər kəs bu ab-havanın içərisində olur.

Novruza hazırlıq isə bir neçə həftə əvvəldən başlayır. Su, od, yel və torpaq çərşənbələri bu bayramın ayrılmaz hissəsidir və əslində Novruza aparan hazırlıq mərhələsi kimi qəbul olunur. Təxminən bir aya yaxın davam edən bu mərhələ xalqımızın qədim adət-ənənələrini özündə əks etdirir. Bu ənənələr onilliklər, yüzilliklər boyu yaşadılıb və artıq xalqımızın qan yaddaşına çevrilib. Azərbaycanın müxtəlif bölgələrində Novruzun qeyd olunmasında müəyyən fərqlər olsa da, ümumi bayram əhval-ruhiyyəsi və əsas adətlər demək olar ki, hər yerdə eyni şəkildə qorunur.

Təbii ki, hər birimizin bu bayramla bağlı, xüsusilə də uşaqlıq illərindən qalan çoxlu xatirələri var. Uşaqlıqdan Novruzu ailə mühitində qeyd etmişik. Qohumlar, yaxınlar bir-birini ziyarət edər, bayramlaşma mərasimləri keçirilərdi. Biz də qonaq gedər, qonaq qəbul edərdik. Yəni gözümüzü açandan bu bayramın məhz belə – ailə və qohum çevrəsində keçirildiyinə şahidlik etmişik.

Digər Azərbaycan uşaqları kimi biz də tonqal qalamaq kimi bayram adətlərində aktiv iştirak etmişik. Bununla belə, bəzi ənənələrə fərqli yanaşmam olub. Məsələn, papaq atmaq ənənəsi uşaqlıqdan mənim çox da qəbul etmədiyim adətlərdən biri olub. Novruzun simvollarından sayılan Kosa və Keçəl obrazlarına da zaman-zaman müxtəlif baxışlar formalaşıb. Hesab edirəm ki, bəzi adətlər qorunub saxlanılsa da, bəziləri zaman keçdikcə sıradan çıxacaq.

Novruz bayramını daha çox ailə ilə keçirməyi üstün tutmuşuq və bu ənənə bu gün də davam edir. İnsan yaşa dolduqca ailə də böyüyür – övladlar, gəlinlər, nəvələr ailəyə qoşulur və bayram süfrəsi daha da genişlənir. Bu gün də Novruzu əsasən ailə üzvləri ilə birlikdə keçirməyə çalışırıq. Təbii ki, müəyyən rəsmi tədbirlərə dəvətlər olur və bəzilərində iştirak edirik. Eyni zamanda partiya üzvləri ilə də bayram ərəfəsində görüşüb Novruzu birlikdə qeyd etdiyimiz vaxtlar olur. Amma bayram gününü mütləq ailə üzvləri ilə birlikdə keçirmək bizim ailədə artıq ənənəyə çevrilib.

Novruz süfrəsi isə xüsusi əhəmiyyət daşıyır. Süfrədə müxtəlif nemətlər olur və adətən yeddi nemətin olması ənənəsi qorunur. Bu nemətlərin başında isə səməni dayanır. Əksər ailələrdə bu ənənə bu gün də yaşadılır.

Novruzun Azərbaycan cəmiyyəti üçün əsas dəyəri isə onun insanları bir araya gətirməsidir. Bu bayram insanları daha da yaxınlaşdırır, mehribanlaşdırır. Hətta xalq arasında belə bir deyim var ki, Novruz ərəfəsində küsülülər barışır. Bir çox insanlar xeyir işlərini də məhz bu bayram günlərinə salmağa çalışırlar. Bizim ailədə də belə ənənələr olub və bu günə qədər davam edir.

Uşaqlıq dövründəki Novruz isə təbii ki, tamam fərqli hisslərlə yadda qalır. Uşaqlar qayğıdan uzaq olur və bayramı daha böyük sevinclə qarşılayırlar. Mən arzu edərdim ki, bütün uşaqlar qayğılardan uzaq olsun, bayramları öz ailələri ilə birlikdə, firavan və xoşbəxt şəkildə keçirmək imkanına malik olsunlar.

Ümumiyyətlə, bütün ailələrə sülh, firavanlıq və mehribanlıq arzulayıram. Təəssüf ki, bəzən hər kəs üçün bayram süfrəsi qurmaq eyni dərəcədə asan olmur. Arzum budur ki, heç kim bayram ərəfəsində “bayramı necə keçirəcəyəm” kimi suallar qarşısında qalmasın.

Fürsətdən istifadə edərək qarşıdan gələn Novruz bayramı münasibətilə bütün xalqımızı səmimi qəlbdən təbrik edir, hər kəsə sağlamlıq, ruzi-bərəkət və xoş günlər arzulayıram.

“Hər Novruz yaxınlaşanda onu gülümsəyərək xatırlayıram”

Elçin Mirzəbəyli, deputat:

- Uşaqlıq illərimdən yaddaşımda qalan bir xatirə var ki, hər Novruz yaxınlaşanda onu gülümsəyərək xatırlayıram. Ailədə çox uşaq idik və bayram günləri hər birimiz üçün xüsusi sevinc demək idi. Rəhmətlik anam qozu, fındığı və konfetləri sayla paylayardı ki, hamıya bərabər çatsın. Biz də onları dərhal yeməzdik, bir az saxlayardıq ki, hamı yesin, səndə isə ehtiyatda qalsın. Sonra da onların gözü qabağında yeyəsən ki, ağızlarının suyu axsın. Uşaqlıq dəcəllikləri idi bu.

Bir dəfə səhər durub gördüm ki, mənə verilən payı qardaşlarım tapıb yeyiblər. O vaxt buna çox əsəbiləşmişdim, amma indi o xatirəni böyük bir sevgi və nostalji ilə xatırlayıram. Çünki həmin illər həm çətin, həm də çox səmimi və mehriban illər idi.
1998-ci ilin Novruz bayramı ərəfəsiydi. Mədəniyyət Nazirliyində çalışırdım. Bayram tədbirləri ilə bağlı müzakirələr zamanı belə qərara alındı ki, bu dəfə bayram tədbirinə fərqli yanaşılsın. Şah İsmayıl Xətai ilə müasir Azərbaycanın qurucusunun rəmzi görüşünün "təşkil edilməsi" təklifini irəli sürdüm. Bəyənildi və mənə təklifimi ssenariyə çevirmək tapşırıldı. Beləliklə, Şah İsmayıl Xətainin dilindən Ulu Öndərə müraciət formasında şeir yazdım və ssenaridə bu şeirin Xətainin geyimində olan aktyor tərəfindən, Şirvanşahlar sarayının divanınında ifa edilməsinin zəruriliyini vurğuladım. Xətai obrazını canlandıracaq aktyorla bağlı, demək olar ki, müzakirə aparılmadı. Bütün yaradıcı heyətin ağlından eyni sənətkarın adı keçdi... Təbii ki, əziz dostum, böyük sənətkarımız, xalq artisti Nurəddin Mehdixanlını nəzərdə tuturam. Nurəddin bəy hər zaman olduğu kimi Xətainin obrazını da mükəmməl canlandırdı...Və beləliklə Ulu Öndər Heydər Əliyev Şirvanşahlar sarayının yanından keçəndə sürprizlə qarşılaşdı. Sonradan şeiri və təbii ki, ifanı çox bəyəndiyini və hətta onun haqqında çəkilən filmlərdən birində Nurəddin bəyin ifasında bu şeirdən istifadə edildiyini eşidim. Bu şeirə və kiçik səhnə quruluşuna görə, mənə böyük pul mükafatı da yazdılar. Sözügedən səhnədən daha sonralar Heydər Əliyev haqqında çəkilən sənədli filmdə də istifadə olundu.

Ölkəmizin cənub bölgəsində, Lənkəran şəhərində doğulmuşam və uşaqlığım da bu şəhərdə keçib. Məlum olduğu kimi, Azərbaycan Respublikasının cənub bölgəsində, Naxçıvanda, xüsusilə də Ordubadda, soydaşlarımız Qərbi Azərbaycandan tamamilə deportasiya olunanadək bu qədim yurd yerlərimizdə də Novruz ənənələri hətta SSRİ-nin əzici ideoloji rejiminin mövcud olduğu zaman kəsiyində də öz zənginliyi ilə seçilib və bu böyük bayramın daşıdığı dəyərlər sisteminin bütün elementləri nəzərə alınmaqla qeyd olunurdu. Qeyd etdiyim yurd yerlərimizdə təşəkkül tapan Novruz ənənələri Güney Azərbaycandakı bayram şənlikləri ilə, demək olar ki, eynilik təşkil edir.

Bir qayda olaraq, bayrama hazırlıq prosesi çillələrdən başlayırdı. İlk çərşənbə - su çərşənbəsində ailələr birlikdə səhərin alatoranlığında çay kənarına, yaxud bulaq başına gedər, özləri ilə götürdükləri su bardaqlarını, inanca görə yenilənmiş su ilə doldurar evlərinə gətirər, su damlalarını tutiyə kimi həyat-bacalarına və yuxuya qalıb “su üstünə” getməyənlərin üzlərinə çiləyərdilər. Beləliklə, yenilənmiş, yenidən doğulmuş su həm həyat-bacanı, ev-eşiyi, həm də insanların ruhunu təzələyərdi.
Səməni, Novruz şirniyyatları, Novruz tonqalı, qohum-əqrabanın bir-biri ilə bayramlaşması, su çərşənbəsinin və ilaxır çərşənbənin ritualları və sair.

Papaq atmaq bizim ailədə yasaq idi deyə papaq atmazdıq. Tonqala gəldikdə isə böyük tonqallar bir qayda olaraq, el şənliklərində qalanardı. Evlərdə, həyətlərdə isə 7 saman, küləş topasından ibarət tonqal qalanardı və bütün ailə üzvləri 7 tonqalın üzərindən atılardı.

Novruz ailə bayramıdır və təbii ki, ailəmlə birlikdə qeyd edirəm. Önəmli olan nemət deyil, insanlardır. Bayramı bütün doğmalarımın iştirakı ilə sağlıqla qeyd etməkdən böyük nemət yoxdur.

Novruz, bütün komponentləri ilə birlikdə Azərbaycan xalqının milli dəyərlər sisteminin ayrılmaz bir hissəsidir, bizim bir millət və xalq olaraq, qədimliyimizin, bəşəriliyimizin, yüksək mədəniyyətə sahib olmağımızın nümunəsidir. Ayrı-ayrı imperiyaların basqısı, əsarəti altında olduğumuz zaman milli identikliyimizin qorunmasında Novruz ənənələrimizin müstəsna yeri olub. Azərbaycan türklərinin, bütövlükdə azərbaycanlıların Novruz ənənələri tamamailə milli özünəməxsusluğumuzun elementlərini təşkil edir və tamamilə fərqlidir. Novruz dəyişməyib, dəyişən bizik...

“Əl-ələ tutub ocağın ətrafında şənləndiyimiz günlər yaddaşımdan silinmir”

Könül Nurullayeva, deputat:

- Mənim üçün ən yadda qalan Novruz xatirəsi uşaqlıq illərimdə keçirdiyim bayramlardı. Hər Novruz bayramında uşaqlarla birlikdə böyük tonqallar qaladığımız, hamımızın əl-ələ tutub ocağın ətrafında şənləndiyimiz günlər yaddaşımdan heç vaxt silinmir. Uşaqlıq illərində bayramın səmimiyyəti, sevinci daha çox nəzərə çapırdı.

Milli bayram kimi Novruz bayramı ailəmizdə həmişə xüsusi hazırlıqla qeyd olunub. Bayramdan bir neçə gün əvvəl evdə təmizlik işləri görülər, səməni qoyular, bayramın simvolu olan şirniyyatlar bişirilərdi. Bayram axşamı isə bütün ailə üzvləri bir süfrə arxasında toplaşar, böyüklərin xeyir-duasını alardıq.

Novruz deyəndə ilk ağlıma gələn səməni və tonqal olur. Tonqalın üzərindən tullanmaq, “ağırlığım-uğurluğum odda yansın” demək bizim üçün həm maraqlı, həm də rəmzi bir ənənə idi.

Bəli, uşaqlıqda bu adətlərin demək olar ki, hamısında iştirak etmişəm. Tonqal qalamaq, üzərindən tullanmaq, papaq atmaq – bunlar bizim üçün bayramın ən maraqlı hissəsi idi. Düzünü desəm, ən çox papaq atmaqdan zövq alırdıq.

Hazırda həm ailəvi, həm də rəsmi tədbirlərdə iştirak edirəm. Dövlət səviyyəsində keçirilən bayram tədbirləri olur, eyni zamanda çalışıram ki, bayram günündə ailəmlə bir araya gəlim və bu ənənəni qoruyub saxlayaq.

Novruz süfrəsində mənim üçün mütləq olmalı olan nemətlərdən biri paxlava və şəkərburadır. Həmçinin səməni də Novruz süfrəsinin əsas rəmzlərindən biridir və onun olmaması bayram süfrəsini sanki natamam edir.

Novruz bayramının əsas dəyəri birlik, yenilənmə və milli ənənələrimizin qorunmasıdır. Bu bayram insanları bir araya gətirir, ailə bağlarını möhkəmləndirir və xalqımızın zəngin mədəni irsini gələcək nəsillərə ötürmək üçün mühüm rol oynayır.
Azərbaycanda Novruz həmişə yüksək təntənə ilə qeyd olunub. Mənim uşaqlıq dövrümdə qeyd etdiyimiz Novruzda sanki insanlar daha çox bir-birinin qapısını döyür, qonşular arasında münasibətlər daha yaxın idi. Bu gün də Novruz daha geniş miqyasda və təntənəli şəkildə qeyd olunur. Rəqmsallamşa, uşaqların dünya görüşüşünü dəyişməsi, şübhəsiz ki, bu sahəyə də təsirsiz ötüşməyib. Bununla belə, düşünürəm ki, ən vacib olan Novruzun ruhunu və ənənələrini qoruyub saxlamaqdır. Sevindirici haldır ki, Azərbaycan xalqı buna nail olub.

“Ən çox xoşladığımız isə aşın qarası idi”

Razi Nurullayev, deputat:

- Uşaqlıqda Novruz bizim üçün ilin ən gözlənilən bayramlarından biri idi. Bayram günü hamı süfrə başına yığışardı, anam plov bişirərdi və biz böyük həvəslə süfrəyə oturardıq. Ən çox xoşladığımız isə aşın qarası idi. O vaxtlar bizim üçün bayramın ən böyük sevinci konfet, qoz, fındıq, kişmiş, şəkərbura kimi şirniyyatlar idi.

Uşaqlıq illərimiz kasıbçılıq dövrünə təsadüf etsə də, buna baxmayaraq Novruzu böyük sevinc və həyəcanla gözləyirdik. Paxlava süfrədə olanda isə artıq hamı hiss edirdi ki, bayram gəlib. Hər kəsə böyük pay düşməsə də, o günlərin səmimiyyəti və sevinci çox fərqli idi.

Novruz deyəndə ilk növbədə çərşənbələr, tonqal və bayramın xüsusi ab-havası yadıma düşür. O vaxtlar məhəllələrdə hamı bayramın gəlişini səbirsizliklə gözləyirdi. Tonqal qalayardıq, uşaqlar böyük həvəslə tonqalın üstündən hoppanardı. Su çərşənbəsində isə su arxlarının üstünə gedərdik, insanlar suyun başında dua edər, təmizlik və bərəkət arzulayardılar.
Eyni zamanda Kosa və Keçəl obrazları da Novruzun ayrılmaz hissəsi idi. Onların zarafatları, məzəli söhbətləri bayram ovqatını daha da artırardı. Xonça düzəltmək də gözəl adətlərdən biri idi. Xonça hazırlayıb qonşulara aparardıq, onlar da xonçanın içinə nəsə qoyub geri qaytarardılar. Bundan əlavə, rəngli boyanmış yumurtalar da Novruzun ən sevilən atributlarından idi və uşaqlar yumurta döyüşdürmək üçün onları xüsusi həvəslə hazırlayardılar.

Ümumiyyətlə, Novruzun ən gözəl tərəflərindən biri də insanların bir-birinə yaxınlaşması idi. Qonşular bir-birinə bayram payı aparar, uşaqlar məhəllədə birlikdə oynayar, hər evdə bayram ab-havası hiss olunardı. Bu adətlər insanların arasında mehribanlığı və birlik hissini daha da gücləndirirdi.

Uşaqlıqda Novruzun demək olar ki, bütün adətlərində iştirak etmişəm. Tonqal qalayardıq və uşaqlar olaraq onun üstündən tullanmaq bizim üçün böyük əyləncə idi. Papaq atmaq isə xüsusilə maraqlı olurdu - qapıya papaq atıb gizlənərdik və içərisinə qoyulan şirniyyatları böyük maraqla gözləyərdik. Bundan əlavə, qulaq falına çıxmaq, yumurta döyüşdürmək kimi adətlər də uşaqlar arasında çox məşhur idi. Hər kəs öz yumurtasının möhkəm olmasını istəyərdi və bu da bayramın ən maraqlı “yarışlarından” biri sayılırdı.

Hazırda Novruzu əsasən ailəmlə birlikdə keçirməyə çalışıram. Təbii ki, bayram günlərində müxtəlif rəsmi tədbirlər də olur və bəzən onlarda iştirak etmək lazım gəlir. Amma Novruzun əsas ruhu mənim üçün yenə də ailə mühitində hiss olunur.
Ailə üzvlərinin bir araya gəlməsi, süfrə ətrafında söhbətlər, bayram ovqatı - bunlar Novruzu daha mənalı edir. Ona görə də imkan olduqca bu bayramı ailə ilə birlikdə qeyd etməyə üstünlük verirəm.

Novruz süfrəsinin özünəməxsus ruhu və simvolikası var. Mənim üçün bu süfrənin əsas rəmzi ilk növbədə səmənidir. Səməni baharın, yenilənmənin və həyatın davamlılığının simvoludur. Hər il səməninin süfrədə olması sanki təbiətin oyanmasını, yeni ilin bərəkət və ümidlə başlamasını ifadə edir.

Bununla yanaşı, Novruz süfrəsini şəkərbura və paxlavasız təsəvvür etmək çətindir. Bu şirniyyatlar təkcə bayram neməti deyil, həm də xalqımızın zəngin mətbəx ənənələrinin bir hissəsidir. Onların hazırlanması çox vaxt ailə üzvlərini bir araya gətirən gözəl bir proses olur. Bayram günlərində süfrədə plovun olması da xüsusi əhəmiyyət daşıyır. Çünki plov Azərbaycan mətbəxində bolluğun və qonaqpərvərliyin rəmzidir.

Ümumiyyətlə, Novruz süfrəsinin gözəlliyi təkcə yeməklərin çoxluğunda deyil. Onun əsas mənası ailə üzvlərinin bir süfrə ətrafında toplaşması, birlikdə söhbət etməsi və bayram sevincini paylaşmasıdır. Bu baxımdan Novruz süfrəsi sadəcə qida deyil, həm də ailə birliyinin və milli ənənələrin yaşadılmasının bir ifadəsidir.

Novruz bayramının Azərbaycan cəmiyyəti üçün ən böyük dəyəri onun xalqımızın qədim ənənələrini və mənəvi dəyərlərini yaşatmasıdır. Bu bayram min illərdir ki, nəsildən-nəslə ötürülür və xalqın yaddaşında xüsusi yer tutur. Novruz sadəcə təbiətin oyanmasını və baharın gəlişini qeyd etmək deyil, həm də insanların bir-birinə yaxınlaşdığı, mehribanlıq və birlik hissinin gücləndiyi bir bayramdır.

Bu günlərdə insanlar bir-birini ziyarət edir, küsülülər barışır, ailələr və qohumlar bir süfrə ətrafında toplaşır. Bu isə cəmiyyətdə həmrəyliyin və qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir. Novruz həm də insanlara yenilənmə, ümid və yaxşı niyyətlərlə yeni bir mərhələyə başlamaq mesajı verir. Məncə, bu bayramın ən böyük gücü də məhz bundadır — o, insanları birləşdirir və onları öz köklərinə bağlayır.

Uşaqlıq dövründə Novruzu daha sadə və təbii şəkildə qeyd edirdik. O vaxtlar imkanlar indiki qədər geniş olmasa da, bayramın sevinci daha səmimi hiss olunurdu. Uşaqlar tonqal qalayır, papaq atır, yumurta döyüşdürür, məhəllədə birlikdə bayramın sevincini yaşayırdıq. Hər şey daha çox insanların öz təşəbbüsü və səmimi münasibəti ilə baş verirdi.

Bu gün isə həyatın ritmi dəyişib, bir çox şey müasirləşib və bayramın qeyd olunma forması da müəyyən qədər fərqlənib. İndi Novruz daha geniş tədbirlərlə, müxtəlif proqramlarla qeyd olunur. Amma məncə əsas məsələ ondadır ki, bayramın ruhu və mənası qorunub saxlanılsın. Əgər ailələr bir araya gəlirsə, insanlar bir-birinə xoş söz deyirsə və ənənələr yaşadılırsa, demək ki, Novruz öz əsas dəyərini itirməyib.

Bizləri özümüzə, kimliyimizə qaytaran Novruzumuz mübarək!

Tahirə Qafarlı

Chosen
96
hafta.az

1Sources