EN

"Oyun günü 3 saat yol gedib, birbaşa meydana çıxırdıq, hansı şərtlərlə işlədiyimizi desəm..." MÜSAHİBƏ

"Karvan-Yevlax"ın sabiq baş məşqçisi Azər Haşımov Sportal.az saytına müsahibə verib.

- “Karvan-Yevlax”dan ayrıldıqdan sonra nə işlə məşğul olursuz? 

- Heç bir işlə məşğul deyiləm. Hazırda da yaşadığım Mingəçevir şəhərindəyəm. Hələ ki işsizəm.

- Hansısa klublardan təkliflər almısınız?

- Bildiyiniz kimi, çempionatın yekunlaşmasına 2 aya yaxın vaxt qalıb. Yəqin ki, yeni mövsümün əvvəlində təkliflər ola bilər. Təkliflərə gəldikdə, bəli, olub. Sadəcə iş olsun deyə, işləmək xatirinə qeyri-ciddi komandalarda çalışmağım düzgün gəlməz. 

- "Karvan-Yevlax” indi də sonuncu pillədədir. Komandanın performansını necə dəyərləndirirsiniz?

- Dediklərimə ola bilər ki, inanmayasınız. “Karvan-Yevlax”dan ayrıldıqdan sonra bu komandanın heç bir oyununa 90 dəqiqə baxmamışam. Yalnız icmallarda matçın hesabını görmüşəm. Ona görə heç nə deyə bilmərəm.

- Sizcə, komanda Premyer Liqadakı yerini qoruyub-saxlaya biləcək, yoxsa bu, sadəcə mümkünsüz görünür?

- Çempionatın bitməsinə 9 tur qalıb. Hələ oyunlar qabaqdadır. Futbolda hər şey ola bilər. Ona görə düşünürəm ki, hər bir komanda sona qədər mübarizə aparacaq

- Heyət olaraq komanda mövsümün əvvəlindəkindən çox da fərqlənmir. Sizcə, mövsümün əvvəlində daha da yaxşı futbolçular, daha güclü kollektiv cəlb etmək mümkün idi, yoxsa bəlli maliyyəyə uyğun maksimum bu heyəti toplamaq olardı?

- Futbolçular bir o qədər də bərbad deyildi. Onların arasında keyfiyyətli futbolçular da var. Bizim dövrümüzdə “Karvan-Yevlax”ın 5 xalı var idi. Hansı şəraitlərlə, hansı şərtlərlə toplanmışdıq... Bilən-bilir bilməyən də, bilsin. “Qəbələ” ilə Şamaxıdakı ilk oyun, səfərdə “Kəpəz”ə 3:2 hesablı qalibiyyət...Oyunlara oyun günü gedib, birbaşa meydana çıxmaq nə deməkdir, bilirsiz? Üç saata yaxın yol get və sonra oyuna çıx. Normal ev sahibi olsan da, bizim üçün ikiqat zərbə idi. Həm öz azarkeşlərinin qarşısında oynama, həm də oyun üçün 185 km qət et, sonra oyuna çıx...

Bunlar asan məsələ deyil. Azər Haşımov, Zaur Hacıyev, Hüseyn Məhəmmədovun hansı şərtlərlə, hansı şəraitdə işlədiyini detallı şəkildə incələsəm, deyərsiz ki, yığdığınız 5 xal hələ çoxdur. Ən əsası isə “Turan Tovuz”, “Zirə”, “Araz-Naxçıvan” kimi avrokuboklar uğrunda oynayan komandalarla görüşdə hesabda öndə olurduq. Sonda uduzurduq. Bu cür komandalarla oyunlarımız olub, hesabda öndə də olmuşuq. Ona görə futbolçulara bir o qədər də keyfiyyətsiz futbolçular deməzdim. Bəli, maliyyəyə uyğun futbolçular yığılıb. “Karvan-Yevlax”a uğurlar arzulayıram.

Mirbağırağa

saytlarin hazirlanmasi

Chosen
30
1
sportal.az

2Sources