EN

Rusiya “kölgə donanması”nın hərbi gəmilərlə müşayiətini nəzərdən keçirir

Moskva sanksiyalardan yan keçərək neft ixrac edən tankerlərin qorunması üçün silahlı patrullar göndərməyi planlaşdırır...

Rusiya sanksiyalardan yan keçərək neft ixracı üçün istifadə olunan “kölgə donanması”na daxil gəmilərin qorunması məqsədilə silahlı dəniz patrullarının göndərilməsi imkanını nəzərdən keçirir.

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.

Mümkün tədbirlər barədə Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqi və Dəniz Kollegiyasının rəhbəri Nikolay Patruşev danışıb. Onun sözlərinə görə, Rusiya bayrağı altında üzən tankerlərin müşayiəti üçün “mobil atəş qrupları” yerləşdirilə bilər, həmçinin gəmilər “xüsusi müdafiə vasitələri” ilə təchiz oluna bilər.

Hücumlara cavab və nəzarətin gücləndirilməsi

Patruşevin açıqlamaları Moskvanın neft tankerlərinə qarşı hücumlarla bağlı artan narahatlığını əks etdirir. Rusiya hakimiyyəti bu insidentləri Ukraynanın fəaliyyəti ilə əlaqələndirir və iddia edir ki, Kiyev dəniz dronlarından istifadə edərək gəmilərə zərbələr endirir.

Patruşev bildirib ki, Rusiya daşımalarına qarşı “misli görünməmiş kampaniya” aparılır və buna cavab tədbirlərinin görülməsi zəruridir. Bu çərçivədə Moskva limanlara daxil olan gəmilərə nəzarəti gücləndirməyi və ixrac yüklərinə daha sərt nəzarət tətbiq etməyi planlaşdırır.

O, əlavə edib ki, Rusiya artıq dəniz daşımalarını real vaxt rejimində izləyir və hücumların qarşısını almaq üçün hərbi-dəniz qüvvələrini əlavə qoruma məqsədilə cəlb edə bilər.

Donanma üzərində açıq nəzarətə keçid

Financial Times qeyd edir ki, Rusiya tədricən “kölgə donanması”nın əvvəlki fəaliyyət modelindən uzaqlaşır. Əvvəllər bu gəmilər üçüncü ölkələrin bayraqları altında fəaliyyət göstərir, GPS məlumatlarının dəyişdirilməsi kimi maskalanma üsullarından istifadə edilirdi.

Hazırda isə daha çox gəmi Rusiya bayrağı altına keçir ki, bu da Moskvanın bu sahəyə daha birbaşa nəzarət etmək niyyətindən xəbər verir. Patruşev ölkənin öz dəniz potensialını inkişaf etdirməsinin vacibliyini vurğulayıb.

“Rusiya ilk növbədə öz dəniz daşımaları potensialına malik olmalıdır – donanma, gəmiqayırma və təmir imkanları, liman infrastrukturu, əməliyyat sistemi, sığorta və s.”, – deyə o bildirib.

O əlavə edib: “Ən zərərli yanlış təsəvvürlərdən biri o idi ki, bizə milli ticarət donanması lazım deyil və həmişə şübhəli sxemlərdən və ‘rahat bayraqlardan’ istifadə etməklə qənaət etmək mümkündür”.

Geosiyasi kontekst və dənizdə gərginlik

Patruşevin açıqlamaları qlobal dəniz daşımalarında gərginliyin artdığı bir dövrə təsadüf edir. Financial Times yazır ki, bu bəyanatlar qismən ABŞ-nin Hörmüz boğazında tankerlərin müşayiəti ilə bağlı təşəbbüsləri ilə də əlaqəlidir.

Bildirilir ki, Rusiya İranla kəşfiyyat məlumatları, o cümlədən Yaxın Şərqdə ABŞ hərbi obyektlərinin yerləşməsi barədə informasiyalar paylaşır ki, bu da ümumi qarşıdurma səviyyəsini artırır.

Bununla yanaşı, Vladimir Putin ABŞ-nin hərəkətlərini açıq şəkildə tənqid etməkdən çəkinir və eyni zamanda Tehranla dialoqda vasitəçilik təklif edir.

Qlobal ticarət və enerji üçün risklər

Patruşev baş verənləri “faciə” kimi qiymətləndirərək bildirib ki, bu proses dünya ticarətini və iqtisadi əlaqələri illərlə geriyə ata bilər.

“Əslində, ‘Epik qəzəb’ əməliyyatı qlobal enerji bazarını yenidən bölüşdürür və dəniz logistikasını dağıdır”, – deyə o qeyd edib.

O əlavə edib: “Burada epik heç nə yoxdur – dünya qeyri-müəyyən humanitar və iqtisadi nəticələri olan faciəni izləyir”.

Onun sözlərinə görə, mövcud hadisələr logistika zəncirlərinin dağılmasına və qlobal iqtisadiyyat üçün uzunmüddətli risklərin yaranmasına gətirib çıxarır.

Qısamüddətli qazanc və uzunmüddətli təhdidlər

Münaqişələr fonunda neft qiymətlərinin artması Rusiyaya gündəlik 150 milyon dollara qədər əlavə gəlir gətirsə də, Patruşev bunu müvəqqəti effekt kimi qiymətləndirir.

Onun fikrincə, Yaxın Şərqdə tərəfdaşlara mümkün zərər və sabit ticarət əlaqələrinin pozulması uzunmüddətli perspektivdə bu qazancı üstələyir.

Eyni zamanda ABŞ-nin Hindistana sanksiyalara məruz qalan Rusiya neftinin daşınmasına icazə verməsi Vaşinqton və Avropa arasında yanaşma fərqlərinin artdığını göstərir.

Blackstone Compliance şirkətinin eksperti Devid Tannenbaumun sözlərinə görə, bu cür addımlar ziddiyyətli görünür və “kölgə donanması”na daxil gəmiləri daha da cəsarətləndirərək sanksiyaların effektivliyini azalda bilər.

Poliqon.info

Chosen
58
poliqon.info

1Sources