EN

Minlərlə müəllimi əhatə edə biləcək maaş artımı təklifi -Deputat DANIŞDI

"Sertifikatlaşdırma imtahanlarında iştirak edən müəllimlərin əməkhaqqının artırılması mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərimiz təhsilverənlərin sosial təminatının daha da yaxşılaşdırılması məqsədi daşıyır. Bütövlükdə, 80 faiz və daha yüksək bal toplayan müəllimlərin əməkhaqlarının 35 faiz artırılması daha məqsədəuyğundur".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov söylədi.

"Hazırda 51 və daha yüksək, yəni 51-60 bal intervalında nəticə göstərən müəllimlərin əməkhaqqı 35 faiz artır. Amma nəzərə alsaq ki, 48 bal toplamaq 80 faizlik nəticə deməkdir və beynəlxalq standartlarda da 80 faiz məhz daha yüksək faiz kimi nəzərdə tutulur. Ona görə də beynəlxalq standarta uyğun olaraq məhz 80 faiz daha yüksək nəticə göstərmiş müəllimlərimizin əməkhaqlarının 35 faiz artırılması məqsədəuyğun olardı. Son statistikaya əsasən, hazırda 40 mindən çox müəllimimizin əməkhaqqında artımlar qeydə alınıb və onların təxminən 22 faizi məhz 35 faiz əməkhaqqı artırılan müəllimlərimizdir, yəni 51 və daha yüksək nəticə göstərmiş müəllimlər. Bizim təklif etdiyimiz mexanizmin qəbul edilməsi minlərlə müəllimimizin əməkhaqqının 10 faiz deyil, 35 faiz artmasına gətirib çıxara bilər. Bu da, təbii ki, daha çox müəllimlərimizin daha yüksək əməkhaqqı artımlarından faydalanmasına imkan yaradacaq", - deyə millət vəkili bildirdi.

Aytəkin TOFİQQIZI

Chosen
63
1
redaktor.az

2Sources