EN

Bu dəfə Bakıdan bölgələrə köç başlayacaq: Plan baş tutarsa

Son illər paytaxtda əhali sayının artması ilə yanaşı bir sıra problemləri müşahidə etmək mümkündür. 

Burada yaranan əsas problemlərdən biri də tıxacların yaranmasıdır. Mütəxəssislərin fikrincə, paytaxtdakı mövcud problemlərin həlli yollarından biri, məhz ali təhsil müəssisələrinin bölgələrə köçürülməsidir. 

Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında Xankəndidə fəaliyyət göstərən Qarabağ Universiteti nümunə kimi çəkilərək digər bölgələrdə də bu modeldən istifadə edilməsi təklif olunub:

"Bunun üçün Bakıdakı universitetlərin köçürülməsi və ya bölgələrdə yeni ali təhsil müəssisələrinin açılması istiqamətində təhlillər aparılmalıdır. Əsas odur ki, yerlərdə təhsil mühiti və sosial həyat olduqda insanlar axınla bölgələrə gedəcəklər, çünki paytaxtdakı tıxaclarda insanların nə qədər əziyyət çəkdiyini hamı gündəlik həyatında müşahidə edir". 

Ali təhsil ocaqlarının bölgələrə köçürülməsi yerlərdə iqtisadi inkişafa səbəb olacaqmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Cebheinfo.az”-a bildirib ki, regionlarda ali təhsil ocaqlarının yaradılması və mərhələli şəkildə universitetlərin paytaxtdan regionlara doğru tranformasiya edilməsinin ciddi iqtisadi faydaları mümkündür: 

“Təbii ki, bu prosesin özünün xərci var. Ancaq bununla belə nəzərə almaq lazımdır ki, təhsil hər hansı bir yaşayış məskənində ciddi bir ekosistemin formalaşmasına gətirib çıxarır.

Xüsusilə də ali təhsil bu istiqamətdə təşviqedicilik baxımından əhəmiyyətli üstünlüyə malikdir. Dünyada bir çox nümunələr göstərmək olar ki, həmin yaşayış məskənlərinin, şəhərlərin, qəsəbələrin iqtisadiyyatının əsasında məhz ali təhsil sferası, seqmenti dayanır.

Çünki ali təhsil, eyni zamanda həmin bölgədə davamlı yaşayışı, xidmətlərin və məhsulların istehlakını, pərakəndə ticarəti, eləcə də əyləncə, iaşə və digər xidmətləri götürdükdə bütövlükdə bir çox istiqamət üçün tələb formalaşdırır.

Bu tələbin özü-özlüyündə yaratdığı multiplikativ effekt  həmin bölgənin inkişafı üçün bir hərəkətverici qüvvə füunksiyasını yerinə yetirmiş olur”. 

Ekspert qeyd edir ki, bu baxımdan, Azərbaycanda da həmin təcrübənin bu və ya digər şəkildə genişləndirilməsi bir sıra üstünlüklər yarada bilər: 

“Bu, həm paytaxtdakı problemlərin, sıxlığın aradan qaldırılması, həm əlverişli təhsil mühitinin, kampusların qurulması üçün ərazi üstünlüyünün istifadə edilməsi, bundan başqa tarazlı inkişafla bağlı hökumətin strategiyaları, qarşıya qoyduğu hədəflərə nail olunması istiqamətində müəyyən üstünlüklərin əldə edilməsidir.

Bütövlükdə götürdükdə istənilən halda hər hansı təhsil müəssisəsinin bölgədə yerləşməsi həm xidmətlər sektoruna, həm ticarət dövriyyəsi, eyni zamanda məşğulluğa ciddi müsbət təsirlər formalaşdırır.

Ancaq bu təsirlərin səviyyəsi əhəmiyyətli dərəcədə ölçülərdən,  müəssisənin ölçüsündən, ekosistemin  iştirakçılarının sayından asılı olaraq dəyişə bilir”.

Chosen
58
1
cebheinfo.az

2Sources