EN

Ramil Şeydayev növbəti mövsüm “Kəhər” olacaq?

Mövsümün sonunda “Qarabağ”dan ayrılacağı dəqiqləşən Ramil Şeydayevdən xəbər var.

“Football-plus.az”ın əldə etdiyi məlumata görə, yayda klubsuz qalacağını öyrənən hücumçu yeni iş yeri axtarır. Amma...

2023-cü ildə “köhlən atlar”ı “Buriram Yunayted”ə dəyişən futbolçu həmin vaxtdan bəri yaxşı mənada fərqlənməyi bacarmadı. Tayland təmsilçisinin heyətində 16 oyun keçirən Ramil 1 qol, 3 məhsuldar ötürməyə imza atdı. Ardından “Kocaelispor”da forma geyən hücumçu burda da oxşar aqibətlə üzləşdi: 16 matç, 1 qol! Bərbad statistikaya rəğmən, Türkiyə klubundan “Neftçi”yə transfer olunan oyunçu bu dəfə də ümidləri doğrultmadı. 31 görüşdə cəmi 4 qol, 2 məhsuldar ötürmə müəllifi olan futbolçuya bu komandada da ehtiyac duyulmadı. Növbəti dayanacaq isə “Qarabağ” oldu. İş ondadı ki, Ramil baş məşqçi Qurban Qurbanovun “ikinci bahar” gözləntisini də yerə vurdu.

İndi Ramillə danışıq aparmaq niyyətində olan komanda yoxdu. Legioner həyatı onun üçün fəth olunması mümkünsüz görünən zirvədisə, premyer-liqa klubları daha fəal, istəkli və mübariz oyunçulara üstünlük verir.

Hadisələrin axarının necə olacağı sual altındadı. Hər halda, Ramil gələcəyini özü müəyyənləşdirəcək. Təbii ki, çıxış yolu statistik göstəricilərini yaxşılaşdırıb ölkəmizin əsas çempionatında tər tökməkdi. İkinci yol da var: “Kəhər”in formasını geymək. Bəlkə onda futbolçularla daha rahat zarafatlaşa bilər...

KƏNAN BAHADIR

Chosen
91
football-plus.az

1Sources