Türkiyənin xarici işlər naziri Hakan Fidan bölgədə artan hərbi gərginlik fonunda həm İsrailə, həm də İrana yönəlik açıq və balanslı mövqe sərgiləyib.
Musavat.com xəbər verir ki, nazir regionu dərin böhrana sürükləyən əsas səbəbin İsrailin hərbi əməliyyatları olduğunu bildirib.
Onun sözlərinə görə, münaqişənin başlanmasına görə məsuliyyət daşıyan tərəf məhz İsraildir və bu reallıq gözardı edilə bilməz.
Bununla yanaşı, Fidan İranın region ölkələrinə qarşı həyata keçirdiyi hücumları da qəti şəkildə pisləyib. O vurğulayıb ki, İrana qarşı edilən hücumlar nə qədər yanlışdırsa, Tehranın cavab addımları və digər ölkələri hədəfə alması da bir o qədər qəbuledilməzdir.
Nazir qeyd edib ki, Türkiyə bu mövqeni İran tərəfinə birbaşa çatdırıb və hücumların dərhal dayandırılmasını tələb edib. Xüsusilə mülki şəxslərə qarşı yönələn zərbələrin qəti şəkildə rədd edildiyi bildirilib.
Â
Musavat.com