ABŞ Dövlət Departamenti Venesueladakı Amerika səfirliyinin işinin mərhələli şəkildə yeniləndiyini və ölkə üçün səyahət təhlükə səviyyəsinin nəzərdən keçirildiyini elan edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 19 martda yaydığı bildirişdə qeyd olunur.
Sənədə əsasən, diplomatik nümayəndəliyin fəaliyyətini yeniləməsi prosesi 2026-cı ilin yanvarında başlayıb. Karakasdakı səfirlik tam yenidən açılana qədər Boqotada ABŞ səfirliyinin Venesuela üzrə şöbəsi distant diplomatik nümayəndəlik kimi fəaliyyət göstərməyə davam edəcək.
Dövlət Departamenti həmçinin bildirib ki, Venesuelanı artıq amerikalıların getməməsi tövsiyə olunan və ya tərk edilməli olan ölkələr sırasına salmır.
Respublika indi ABŞ vətəndaşlarına səyahətlərini yenidən nəzərdən keçirmələri tövsiyə olunan ölkələrin siyahısına daxil edilib.
Dövlət Departamenti qeyd edib ki, ölkədə qanunsuz həbslər və iğtişaşlarla bağlı risklər azalıb. Bununla belə, yüksək cinayətkarlıq səviyyəsi, adam oğurluğu təhdidləri, mümkün terror hücumları və səhiyyə sistemindəki problemlər səbəbindən Venesuelaya səyahətin təhlükəli olaraq qaldığı vurğulanır.