EN

Son illərdə insanların sağlamlıq məqsədilə tutduğu su orucu İslam dininin ibadət sisteminə uyğundurmu? Video

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son illərdə su orucu sağlamlıq və çəki idarəçiliyi üçün alternativ üsullar axtaran insanlar arasında populyarlıq qazanıb. Su orucu bütün bərk qidalardan və digər içkilərdən tamamilə imtina etməyi, müəyyən bir müddət ərzində yalnız su qəbul etməyi əhatə edir. Bu metodun tərəfdarları su orucunun bədəni zərərsizləşdirdiyini, arıqlamağı sürətləndirdiyini və hüceyrələrin bərpasını təşviq etdiyini iddia edirlər.İslam dinində su orucu varmı?

İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bəzən cəmiyyətdə su orucu adlandırılan bir anlayışdan da danışılır: “Bu anlayış daha çox müasir dietologiya və alternativ sağlamlıq sistemləri ilə bağlıdır. Bəzi insanlar yalnız su qəbul etməklə uzun müddət qida qəbul etməməyə su orucu deyirlər. İslamda isə belə bir ibadət forması yoxdur. İslam orucu müəyyən vaxt çərçivəsində yeməkdən, içməkdən və bəzi fiziki ehtiraslardan uzaq qalmaqdır. Gün batdıqdan sonra isə insanın yeməsi və içməsi halal sayılır. Quran-i Kərim bu məsələdə çox aydın bir ölçü qoyur. Bəqərə surəsinin 187-ci ayəsində buyurulur ki, dan yeri söküləndən gecəyə qədər orucu tamamlayın. Bu ayə göstərir ki, İslam orucu insanın həyat ritminə uyğun şəkildə müəyyən edilmişdir. Gecə yemək və su içmək qadağan edilməmişdir. Ona görə də yalnız su içməklə və ya uzun müddət qida qəbul etməməklə həyata keçirilən su orucu İslamın ibadət sistemi ilə uyğun gəlmir”.

İlahiyyatçı qeyd edib ki, müasir tibb və biologiya sahəsində çalışan alimlər də göstərirlər ki, insan orqanizmi müəyyən ritm üzrə qidalanma və istirahət balansı ilə işləyir: “Maraqlıdır ki, bir çox tədqiqatçılar Ramazan orucunun bədən üçün faydaları barədə də araşdırmalar aparmışlar. Məsələn; yapon alim Yoşinori Ohsuminin autofagiya ilə bağlı tədqiqatları göstərdi ki, müəyyən müddət qida qəbul edilmədikdə hüceyrələr özünü təmizləmə prosesinə başlayır. Bu da insan bədənində bir növ bioloji yenilənmə prosesini aktivləşdirir. Bu baxımdan Ramazan, orucu yalnız dini ibadət deyil, həm də insan bədəninin təbii ritminə uyğun bir sistem kimi qiymətləndirilir”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
84
bizimyol.info

1Sources