EN

Yeni əməkhaqqı modeli: “İdarəçilik səviyyəsinin yüksəlməsinə töhfə verəcək”

Ölkə başçısının fərmanı ilə dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilib.

Fərmanla Azərbaycanın dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 1170 manat, yardımçı vəzifələr üçün 760 manat müəyyən edilib.

Həmçinin dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələri, dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə artım faizləri, eyni zamanda dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği təsdiq edilib.

Prezidentin bu istiqamətdə imzaladığı son fərmanlar vətəndaşların həyat şəraitinin, faydalı iş əmsalının daha da artmasına hansı töhfələr verəcək?

Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov "Cebheinfo.az"-a bildirib ki, dövlət başçısının imzaladığı yeni qanunvericilik dəyişiklikləri dövlət idarəçiliyində aparılan islahatların davamlı xarakter aldığını göstərir: 

“Bu sənədlər dövlət qulluğunda əməkhaqqı mexanizminin yenilənməsini, daha optimal və vahid sistemə keçirilməsini təmin edir. Qəbul edilən qərarlar idarəetmə sistemində müasir yanaşmaların tətbiqini genişləndirir və struktur baxımından daha balanslı modelin formalaşdırılmasına yönəlib. 

Nəticədə dövlət qulluğunun institusional əsasları daha da möhkəmlənir. Yeni yanaşmanın əsas xüsusiyyətlərindən biri əməkhaqqı sisteminin sadələşdirilməsi və şəffaflığın artırılmasıdır.

Əvvəllər çoxsaylı əlavələr hesabına formalaşan maaş strukturu artıq vahid mexanizm çərçivəsində birləşdirilir. Bu dəyişiklik əməkhaqqının daha aydın və başa düşülən olmasına imkan yaradır.

Eyni zamanda, müxtəlif ödəniş komponentlərinin bir strukturda cəmlənməsi dövlət qulluqçuları arasında ədalət prinsipinin daha effektiv təmin olunmasına şərait yaradır. İslahat çərçivəsində əməkhaqqının baza hissəsinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır". 

Onun sözlərinə görə, əvvəlki modeldə ümumi gəlirin böyük hissəsi əlavə ödənişlərdən ibarət olduğu halda, yeni sistemdə əsas pay vəzifə maaşının üzərinə düşür:

"Bu isə əməkhaqqının daha sabit və proqnozlaşdırıla bilən olmasını təmin edir. Beləliklə, dövlət qulluqçularının maliyyə təminatı daha dayanıqlı xarakter alır. Yeni model həm də dövlət qulluğunun əmək bazarındakı mövqeyini gücləndirir.  Əvvəlki dövrdə aşağı baza maaşları səbəbindən gənc 

mütəxəssislərin dövlət sektoruna marağı məhdud idi. İndi isə daha cəlbedici şərtlər yaradılmaqla peşəkar kadrların cəlb edilməsi stimullaşdırılır. Bu, dövlət aparatında insan resurslarının keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək.

Mükafatlandırma və əlavə ödəniş mexanizmlərinin yenidən qurulması da islahatın mühüm tərkib hissəsidir. Əvvəl tətbiq olunan müxtəlif mükafat formalarının ləğvi və onların maaş strukturuna inteqrasiyası sistemin daha şəffaf işləməsinə imkan verir.

Bu yanaşma idarəetmədə qeyri-müəyyənlikləri azaldır və korrupsiya risklərinin minimuma endirilməsinə xidmət edir. Beynəlxalq təcrübədə də oxşar addımların müsbət nəticələr verdiyi müşahidə olunub. 

Nəticə etibarilə, həyata keçirilən dəyişikliklər dövlət qulluğunun keyfiyyətcə yeni mərhələyə keçidini təmin edir. Yeni əməkhaqqı modeli idarəetmədə effektivliyin artırılması, şəffaflığın gücləndirilməsi və sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi baxımından mühüm rol oynayır.

Bu sistem dövlət qulluğunu daha cəlbedici və rəqabətli sahəyə çevirərək, ümumilikdə ölkədə idarəçilik səviyyəsinin yüksəlməsinə töhfə verəcək”.

Chosen
48
1
cebheinfo.az

2Sources