EN

Unudulmayan səslər, dadlar, inanclar - Bayramların ruhunu niyə itirdik?

Son zamanlar ən çox işlətdiyimiz sözlərdən biri də odur ki, əvvəlki bayramlardan əsər qalmayıb. İndi heç nə əvvəlki kimi deyil. Doğrudur, bu fikirlərlə mən də razıyam, lakin elə o dadı, duzu da itirənlər özümüzük. Hamı özlüyündə nələrsə etməyə çalışsa, bayram üçün hazırlıq görsə, adət-ənənələri qoruyub saxlamağa çalışsa, hər şey də əvvəlki kimi olar…

Bu gün isə mən öz böyüdüyüm qəsəbənin Novruz bayramı və Ramazan bayramı adət-ənənələrimiz haqqında yazmaq istəyirəm.

Qəbələ rayonunun Vəndam qəsəbəsində doğulub böyümüşəm. Lap uşaqlıqdan Novruz ən sevdiyim bayramlardan biri olub. Birincisi isə Ramazan bayramı olub. Bizim kənddə bu bayram xüsusi olaraq qeyd olunur və el arasında “Orucluq” bayramı kimi tanınır. İki gün qeyd edilən bayramın birinci günündə hamı qohum-əqrəbanın evinə qonaq gedib onlarla bayramlaşır. Səhər saat 9-dan süfrələr hazır olur. Stola isə paxlava, şəkərbura, qoğal, dovğa, dolma, halva, fırnı, xurma və digər nemətlər düzlür. Hətta hamının evində dolma bişirildiyinə görə, Ramazana “Dolma” bayramı deyənlər də var. Uşaqdan böyüyə hamı bu bayramı həvəslə gözləyir.

Bayramın ikinci günü isə böyüklər qəbristanlığa gedərək ölülərini ziyarət edirlər. Çox sevinirəm ki, bu kimi adətlərimiz hələ də bizim qəsəbəmizdə davam edir.

Novruz bayramında isə hər 4 çərşənbədə (Su, Od, Yel, Torpaq) hamı evində plov bişirərdi. Su çərşənbəsində anam səhər tezdən durub çaydana təmiz su doldurardı, evin dörd bir yanına su səpəndən sonra, doldurduğu təmiz sudan da bizə içirərdi. Suyun aydınlıq olduğu fikrini hamımıza aşılayırdı.

Ən sonuncu çərşənbəni isə xüsusi olaraq qeyd edirdik. Ən sevdiyimiz adət isə qulaq falına çıxmaq idi. Ürəyimizdə arzu tutub, 3 qonşunun qapısını pusmağa gedərdik. 11-ci sinifdə oxuyanda Universitetə qəbul olmaq üçün arzu tutub mən də qonşuya getmişdi. Ruhiyyə bibi uşaqları üçün dua edirdi. Onları əzizləyib hər şeyin yaxşı olacağına inandırırdı. Bu sözləri eşidib o qədər sevinmişdim ki… Artıq elə bilirdim ki, oxumasam belə, tələbə adını qazanacam. Xoş söz eşidəndə sevincimiz yerə-göyə sığmırdı. Bəzən qonşulara tapşırırdıq ki, axşam yaxşı şey danışın sizə gələcəyik. Hətta mama həmin günü hamımızı tənbeh edirdi ki, pis heç nə danışmayın. Dəstə halında qulaq falına çıxanda yoldu başqa qonşularla da qarşılaşıb onlara qoşulurduq. Sayımız daha da çoxalırdı. Kimisə özünə ev, iş, maşın, kimisi də övladına toy arzu edirdi. Eşitdiyimiz hər xoş söz bizi göylərə qaldırırdı. Artıq 10 ildir ki, qulaq falına çıxmıram…  Axır çərşənbədə cavan qızlar fala baxardı. Guya evlənəcəkləri yaşı öyrənirdilər, ya da bu il kimin ərə gedəcəyini hesablayırdılar.

Bayramda papaq əvəzinə isə torba atırdıq. Sellofan paketin içinə balaca daş qoyub ucunu düyünləyirdik ki, həm daş yerində otursun, həm də səsi bərk çıxsın. Hamı eşitsin ki, onlara papaq atılıb. Bayram süfrələrimizi isə, Novruzun ənənəvi şirniyyatı qoğal, paxlava, şəkərbura və badambura bəzəyirdi. Səmənini hamı öz evində cücərdirdi. Hətta çox hazırlayıb səməni halvası bişirənlər də var idi. Onun da maraqlı prosesi var, bir gün mütləq haqqında yazacam… Stolun üstünə isə “s” hərfi ilə başlayan 7 nemət qoyulurdu. Məsələn, səməni, sünbül, su və s. Bunlar da Novruzun əsas rəmzlərindən sayılırdı. Bayram axşamı isə böyüklər qapıları açıq qoyub “Xıdır Nəbi”nin sovqat gətirəcəyini deyirdilər. Hətta çöldə balaca nəlbəkinin içinə buğda, arpa qoyub onun üçün pay qoyanlar da var idi. Əslində bunlar başqa anlayışlardır, amma kənd yerində hamı eşitdiyini, ya da gördüyünü təkrarlayırdı. Bayram tonqalının üstündən isə cəmi 3 dəfə atlanırdıq. Şüar olaraq isə hamı “Ağırlığım-uğurluğum odlara” fikrini təkrarlayırdı. Guya 3 dəfədən artıq atlansaq ağırlığımız özümüzə qayıdırdı… Gördüyümüz və eşitdiyimiz hər şeyə inanırdıq. İndi uşaqları da inandırmaq bu qədər asan deyil.

Stola rəngli şamlar qoyub hərə öz arzusu üçün şam yandırırdı. Sonra isə həvəslə oturub hansı şamın daha tez sönəcəyini gözləyirdik. İnanca görə kimin yandırdığı şam tez sönsə, ən birinci də onun arzusu yerinə yetəcəkdi.

Soğan qabıqları ilə yumurtalar boyanıb toqquşdurulurdu. İstəyə görə yumurtaya ad yazanlar da var idi. İndi isə yumurtanı boyamaq üçün hər cür vasitə olsa da, mən bu il də ənənəni pozmadım.

Bu il həm də iki bayram üst-üstə düşdü. Anam dünən qurduğu stolun şəklini göndərib. Baxıram ki, evin bir küncündə “Yolka” qurulub, stolda isə Novruzla, Ramazanın nemətləri düzülüb. Deyir ki, Yeni ili ürəyimcə qeyd edə bilməmişdim deyə üçünü birlikdə qeyd etməyi düşündüm. “Paytaxt salatı” etməyi isə unudub…

Bu il isə bayramı Qazax rayonunun Çaylı kəndində qeyd edirəm. Burada adətlər fərqlidir. Bayramın 1-ci günü hamı evdə qeyd edir. Stol açılır, yeməklər hazırlanır. Martın 21-i isə hamı biri-birilə bayramlaşmağa gedir. Kənddə təzə rəhmətə gedən biri varsa, hamı onun qapısına gəlir. Bizim evin arxasında da iki vəfat edən qohum var. Adətləri maraqlı gəldiyi üçün getdim mən də baş çəkdim. Hər həyətdə 2 stol qurulub, biri kişilər, biri isə qadınlar üçün. Stola konfet, şokalad, şirniyyat və qoz-fındıq qoyulub. Kəndin hər tərəfindən adamlar gəlir. Çay içib, pul yazdırıb gedirlər. Adətə görə gedən hər kəs cibinə konfet və ya şokalad qoyub aparır. Hətta küsülü olduqları adamlar belə gəlib bayramlaşıb barışır.

Burada diqqətimi çəkən bir şey də insanların qəbristanlığa gedib öz doğmalarının məzarına xonça, səməni və ya şirniyyat düzəldib aparmağıdır. Ramazan bayramını isə ümumuyyətlə qeyd etmirlər.

Adətlər fərqli olsa da, hamımızım bayramı mübarək olsun!

Aydan Hacı


Telegram kanalımız
Chosen
109
yenisabah.az

1Sources