"Müharibəyə tamamilə son qoya biləcək hər hansı bir təşəbbüsü alqışlayırıq, dinləməyə və nəzərdən keçirməyə hazırıq".
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı Yaponiyanın "Kyodo" agentliyinə müsahibəsində deyib.
O bildirib ki, bəzi ölkələr münaqişənin həlli istiqamətində nələrsə etməyə çalışsalar da, ABŞ-ni hücumları dayandırmağa məcbur edə bilmirlər.
"Görünür ki, ABŞ hücumları dayandırmağa hazır deyil. Buna görə də müdafiə olunmağa davam edəcəyik. Keçənilki ssenarinin təkrarlanmasını istəmədiyimiz üçün atəşkəsi qəbul etmirik. Müharibə tamamilə və birdəfəlik bitməlidir və bu vəziyyətin bir daha təkrarlanmayacağına dair zəmanətlər olmalıdır. Həmçinin İrana dəyən zərərlər ödənilməlidir", - deyə Əraqçı bildirib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
"Cebheinfo.az"