ABŞ, İsrail və İran arasında artan gərginlik fonunda Dubayda gün keçdikcə müharibənin real nəticələri artıq hiss olunmağa başlayıb.
Təhlükəsizlik və narahatlıqlar səbəbindən yüksək gəlirli bir çox xarici vətəndaş şəhəri tərk edir.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, bölgədən yayılan görüntülərdə çimərliklərdə və ictimai məkanlarda hindli icmanın daha çox gözə çarpdığı müşahidə olunur.
Onların rahat şəkildə gündəlik həyatlarını davam etdirməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Dubayda uzun illərdir böyük hindli diaspora yaşayır və son proseslər fonunda bu icma daha görünən hala gəlib.Ekspertlər hesab edir ki, baş verənlər daşınmaz əmlak bazarına da təsir göstərə bilər.
Xüsusilə lüks seqmentdə mənzillərə və villalara tələbin azalması ehtimalı var. Bu isə qiymətlərdə müəyyən enmə və ya bazarda durğunluq yarada bilər. Eyni zamanda kirayə bazarında da dəyişikliklərin baş verəcəyi istisna edilmir. Bununla yanaşı, bəzi analitiklər hesab edir ki, Dubay uzun illər ərzində böhranlara qarşı dayanıqlılığını sübut edib və mövcud vəziyyətin uzunmüddətli təsirləri məhdud ola bilər.
İnfrastrukturun güclü olması, vergi üstünlükləri və beynəlxalq biznes mühiti şəhərin yenidən investor cəlb etmək potensialını qoruyur.