ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Barat VÜSAL
Barat VÜSAL
Müasir ədəbiyyatımızda özünəməxsus yer tutan şair və publisist, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri Barat Vüsalın 75 yaşı tamam olur. Bu münasibətlə yubilyara səmimi təbriklərimizi və xoş arzularımızı ünvanlayır, yaradıcılığından nümunələri oxuculara təqdim edirik.
MƏNİM ŞEİR DƏFTƏRİM
Açan bənövşələrin
Hamsımı qoxulanıb,
Bir gülün sinəsində
Neçə bülbülün oxu...
Ürəyi dolu kəndim
Bülbüldü, oxumayıb,
Aşıq məclisi - yazda
Aparıb şirin yuxu,
Mənim şeir dəftərim
Burda itib, burda, bax!
Uşaqlığı sənin tək
Duysaydım, Cəvi dərə,
Anamsan, anam, deyib,
Göz yaşımı sıxımmı?
Bir an qonaq olsaydım
Ötüb keçən günlərə,
Bitirdiyin kol-koslar
Çilik-ağaclığımmı,
Mənim şeir dəftərim
Burda itib, burda, bax!
Bu həmin tanış meşə,
Bu həmin tanış tala...
A gorun nurla dolsun,
Ata, gör bir nə etdik.
Bir evin dirəyini -
Göy iti, ata-bala
Bir yol uladı deyə
Burda azıdıb getdik,
Mənim şeir dəftərim
Burda itib, burda, bax!
Taylı tapmır tayını,
Duyun dərdimi, duyun,
Yaxşı armud ayının...
Dərd yenə həminkidir.
Kor olaydın gözlərim,
Tikanla gül qol-boyun,
Eh... birinci xəyanət,
Təbiət, səninkidir,
Mənim şeir dəftərim
Burda itib, burda, bax!
Can ana, canım ana,
Şənliyin də mübarək,
Boş qalıb beşik başı,
Hardan hara gəlmisən.
Baxırsan baş daşınla
Yoxsa nişan verərək,
Axı, hardan bilmisən,
axı, nədən bilmisən,
Mənim şeir dəftərim
Burda itib, burda bax!
Dolub, dolub ürəyim,
Neyləyim, qara bulud,
Əldən necə alıblar
Gör şair fərəhimi,
O qabığı soyulmuş
Xan çinar, qoca palıd
Axtardığım dəftərin
Cırılmış vərəqimi?
Mənim şeir dəftərim
Burda itib, burda, bax!
Əgər yazmağa qalsa,
Yazmalıyam çöpdən də,
Öpüb boz qanqalı da
Bağrıma basacağam.
Bir şair bəxş edəcək
Qoca dünya bu kəndə,
Tapammasam bir səhər,
Bir axşam tapacağam,
Mənim şeir dəftərim
Burda itib, burda bax!
SAZIM, SÖZÜM
Baxmayın ki, doğulmuşam Qazaxda,
Ulu ruhum Təbrizdəndi, Qarsdandı.
Qatıq kimi süzülmədim torbadan,
Mayam duru, əslim-köküm xasdandı.
Bir bülbüləm, yaz məndədi, mən yazda,
Bir aşığam, saz məndədi, mən sazda.
Aslan gördü, aslanlaşdı bir az da,
Tülkü gördü, quyruq qısdı, yaslandı!
Bir söz deyim, deyiləm ha dəli-zad,
Yerin gözüm üstündədir əhli-zad!
Bu əkinə öz kefincə əl uzat,
Elə bilmə uralanmış bostandı.
Nəfəs aldım, ocaq oldu, köz oldu,
Nəyim varsa getdi, qalan üz oldu.
Ömrüm-günüm qoşma oldu, söz oldu,
Mən bir ömür yaşadım ki, dastandı.
Barat, sınaq tel etdiyi sınaqdı,
Əsl qınaq el etdiyi qınaqdı.
Teldən başqa nədən desəm, günahdı,
Eldən başqa nədən desəm, nəsdəndi!
BƏRİ GƏL
Biri dedi, deyən, sən də yazırsan,
Eylədiyin nə ağılmış, bəri gəl!
Yazıb-pozub ölməyə də hazırsan
Gözlərinə qan sağılmış, bəri gəl!
Daş acıyır bir kəsəyə yenəmi,
Şam oturub gün ağlayır günəmi?
Qalıb yoxu var eyləmək sənəmi?
Ay biçarə, ay yox olmuş, bəri gəl!
Kim çıxarıb bu dünyanı yolundan?
Baxır, gözü heç su içmir halımdan.
Qalx, söyləyib anam dartır qolumdan,
"Düzələn döy bu dağılmış, bəri gəl!"
Mən neyləyim, alın yazım yazılı,
İlhamımın nə sağı var, nə solu.
Şeir yazmaq deyil məndən asılı,
Şair olmaq bir nağılmış, bəri gəl!
Oxuyubmuş ürəyimi elə bil,
Bir qanadlı pəri gəldi, açdı dil.
Dedi, burda harda olur Baratgil,
Dedim, mənəm, ay sağ olmuş, bəri gəl!
SAXLAR
Gülün nəfəsini yaşadar bülbül,
Bülbülün xətrini gül yaxşı saxlar.
Meyvənin dadını bağbanı bilər,
Ocağın qorunu kül yaxşı saxlar.
Olsan da min arzu, min bir həvəsdə,
Gedib qəbristanda çəkmə şikəstə.
Kəkliyi saxlama qızıl qəfəsdə,
Dağ-daş keşik çəkər, çöl yaxşı saxlar!
Barat, yaşasa da, hələ etibar,
Yoxdu hər çiçəyə, gülə etibar.
Eyləsəm, eylərəm elə etibar,
Adımı yadında el yaxşı saxlar!
ÖLMƏRƏM
Əlimdəki qələm yox,
Bayraqdı, ölmərəm mən.
Təbrizdi ürəyimin
Paytaxtı, ölmərəm mən!
Ocaqdı qapı-bacam,
Ocaqsız-odsuz heçəm.
Ucayam, mənim ucam
Torpaqdı, ölmərəm mən!
Şaham, fərman verirəm,
Dərdə dərman verirəm.
Söz haqqı, can verirəm,
Saz haqqı, ölmərəm mən!
KOROĞLUDANDI
(Təcnis)
Buludlu havada günəş gəzmirəm,
Koroğlu - şəfəqdi, Koroğlu - dandı!
Günəş olduğunu elə mərddi ki,
Koroğlu öymədi, Koroğlu dandı.
Sıçrayıb baxasan ata belindən!
Atan şeşpərini ata belindən!
Oğullar gəlibdi ata belindən,
Nə ki kişilər var, Koroğludandı!
Barat, deyil kor, Alının oğluyam,
Ömrü daşa koralının oğluyam,
Koroğlutək kor Alının oğluyam,
Gədaymış... zatını kor oğlu dandı!
TAPDIN, İTİRMƏ!
Könül vüqarını, ömür yarını,
Böyük məhəbbəti - elin varını,
Zirvəni, başında zirvə qarını,
Gəzəndə tapılmaz, tapdın, itirmə!
Qızıl şəfəqi də, qızıl danı da,
Qızıl dəqiqəni, qızıl anı da,
Qızıldan qiymətli adı-sanı da.
Gəzəndə tapılmaz, tapdın, itirmə!
Xalqın qiymətini, xalqın sözünü,
Ocağın közünü, yolun düzünü,
Bir dəfə tapırsan özün özünü,
Gəzəndə tapılmaz, tapdın, itirmə!
Göylərə uçsa da, fikri-xəyalı,
Xalqdan güc alanın yoxdu zavalı.
Seçmə şairlərdən Barat Vüsalı,
Gəzəndə tapılmaz, tapdın, itirmə!
ƏBƏDİ NƏĞMƏ
Bülbül köçdü, gül soldu,
Yer yenə gül qoxudu.
Qonub çəpərin üstə
Qaratoyuq oxudu.
Oxudu ana torpaq,
Şaxtasıyla, qarıyla.
Bahar arzularıyla,
Nəğmə arzularıyla.
Oxudu çəpər belə,
Daş da həvəsə düşdü.
Haradasa bülbülün
Qulağı səsə düşdü.
Eşidirəm torpağın
Ürəyinin səsini,
Burda qoyub gedibmiş,
Yurda qoyub gedibmiş,
Bülbül öz nəğməsini!
BİR SÖZDƏNƏM
Burda - doğma Qazaxdanam,
Orda - Muğan düzündənəm.
Bir vaxt Xızır gəlib içən
Bir çeşmənin gözündənəm.
Şahdağımda qara baxın,
Göyçayımda nara baxın.
Kəlbəcərin, Qarabağın,
Odundanam, közündənəm.
Şəki, Şirvan, Balakənim,
Lənkəran, başına dönüm!
Ay laləli Gəncəm mənim,
Bir az da nərgizindənəm!
Ya Zəngəzur obasından,
Ya da ki "Qız qalası"ndan,
"Qubanın ağ alması"ndan,
Naxçıvanın duzundanam!
Daşkəsən qaya beşiyim,
Gədəbəy, qoyma üşüyüm!
Göygölüm küsməsin, deyim
Nurundan-güzgüsündənəm!
Vurulmuşam təbiətə -
Doqquz iqlimli nemətə.
Bax, yüz çüngə, yüz lüğətə,
Azərbaycan sözündənəm!
VƏTƏNİN
Şairiyəm, söhbətiyəm, sözüyəm,
Xoş nəğmələr ötəniyəm Vətənin.
Tonqalıyam, alovuyam, közüyəm,
Nur içində itəniyəm Vətənin.
Mənim yurdum öz haqqını gec alıb,
Keşməkeşli tarixlərdən öc alıb.
Dünənindən, bu günündən güc alıb.
Al sabaha gedəniyəm Vətənin.
Eşqi ilə alışmışam, sönmərəm,
Şah dağıdır, zirvəsindən enmərəm.
Heç vaxt sərhəd dirəyinə dönmərəm,
Çinar olub bitəniyəm Vətənin.
Kür sevincim, arazlanıb qubarım,
Kəsəyi də vüqarımdır, vüqarım.
Bil ki, ensəm sinən üstə Qoşqarım,
Öz dumanı, öz çəniyəm Vətənin!
O lalələr hardan alıb odu, yar?
Nədən bülbül belə şirin oxuyar?
Qəlbindəyəm - Vətənimdi bu diyar,
Qəlbimdədir - vətəniyəm Vətənin!
KİM GEDİR, GƏLSİN GEDƏK...
Ömrü boyu qaçmışam,
Dərdə dərman olmağa.
Hazırsanmı de görüm,
Yurda qurban olmağa?!
Yolları kəsməliyik,
Düşməni əzməliyik.
Hər an tələsməliyik,
Biz "qana qan!" olmağa!
Ömür gödək, gün gödək,
Vətən kimi ömür edək.
Kim gedir, gəlsin gedək
Azərbaycan olmağa!
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.