Qlobal enerji bazarında vəziyyət kəskin şəkildə gərginləşir, qaz tədarükündə ciddi risklər formalaşır.
Musavat.com xəbər verir ki, Financial Times Fars körfəzində yaranmış böhran fonunda yaxın günlərdə dünya üzrə qaz çatışmazlığının qaçılmaz ola biləcəyini yazır.
Məlumata görə, İranın Hörmüz boğazını bağlamasından sonra Qətər mayeləşdirilmiş təbii qaz (LNG) ixracını dayandırıb. Dünya LNG bazarının təxminən 20 faizini təmin edən bu ölkənin prosesdən çıxması qlobal enerji balansını sarsıdır.
Ekspertlər bildirir ki, hazırda yolda olan son tanker yükləri alıcılara çatdıqdan sonra bazarda real qıtlıq başlayacaq. Xüsusilə idxaldan asılı olan Asiya ölkələri ciddi seçim qarşısında qalacaq – ya daha baha qaz almalı, ya alternativ enerji mənbələrinə keçməli, ya da istehlakı məhdudlaşdırmalıdırlar.
Artıq bəzi ölkələrdə fövqəladə tədbirlər gündəmə gəlib. Enerji qənaəti üçün iş rejimlərinin dəyişdirilməsi, sənaye istehsalının azaldılması və əhali üçün məhdudiyyətlərin tətbiqi müzakirə olunur.
Musavat.com