EN

Dünya su böhranı ilə üz üzə: 2,2 milyarddan çox insan təhlükəsiz içməli sudan məhrumdur

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Dünyada 2,2 milyarddan çox insan təhlükəsiz içməli su əldə etmək imkanından məhrumdur və bu problem getdikcə daha da kəskinləşir.

Bizimyol.info xəbər verir ki, bu barədə İstanbul Texniki Universitetinin professoru Filiz Karaosmanoğlu açıqlama verib.

Onun sözlərinə görə, qlobal su böhranı artıq təkcə ekoloji məsələ deyil, həm də sosial və iqtisadi sahələrə ciddi təsir göstərir. Ekspert vurğulayıb ki, təmiz su və sanitariya xidmətlərinə çıxış əsas insan hüququdur və bu, Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş dayanıqlı inkişaf məqsədləri ilə birbaşa bağlıdır.

Böhran xüsusilə qadınlar və qız uşaqları üçün daha ağır nəticələr doğurur. Qiymətləndirmələrə əsasən, bir milyarddan çox qadın təhlükəsiz suya çıxışdan məhrumdur və hər üç ev təsərrüfatından ikisində suyun gətirilməsi məhz onların üzərinə düşür. Bəzi ölkələrdə qadınlar və uşaqlar su toplamaq üçün gündəlik ümumilikdə 250 milyon saata qədər vaxt sərf edir ki, bu da kişilərlə müqayisədə üç dəfə çoxdur.

Ekspert həmçinin sağlamlıq baxımından ciddi nəticələrə diqqət çəkib: təhlükəli su təchizatı, sanitariya və gigiyena şəraiti hər gün beş yaşdan kiçik təxminən min uşağın ölümünə səbəb olur. Bu isə su böhranını qlobal ictimai səhiyyə sahəsində ən mühüm problemlərdən birinə çevirir.

Bununla yanaşı, qadınların su resurslarının idarə olunmasında iştirakı olduqca məhduddur.

İqlim dəyişiklikləri də vəziyyəti daha da çətinləşdirir. Buzlaqların sürətlə əriməsi və su dövranının pozulması resurslara çıxışı daha qeyri-sabit edir, bu isə energetika, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və insanların həyat səviyyəsinə təsir göstərir.

Mütəxəssislər bildirirlər ki, Yer üzündəki su ehtiyatlarının cəmi təxminən 2,5%-i şirin sudur və onun da yalnız kiçik hissəsi birbaşa istifadə üçün əlçatandır. Bu səbəbdən resursların səmərəli idarə olunması və məsuliyyətli istehlak həyati əhəmiyyət daşıyır.

“Тəhlükəsiz suya çıxış fundamental insan hüququdur. Daha ədalətli və dayanıqlı gələcək üçün hərəkətə keçməliyik”, – deyə professor vurğulayıb.

Mütəxəssislər dövlətləri, biznes qurumlarını və cəmiyyəti artıq milyardlarla insanı təsirləndirən bu böhranı aradan qaldırmaq üçün birgə fəaliyyətə çağırırlar.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
bizimyol.info

1Sources