525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rafael HÜSEYNOVAkademik
Yerin-göyün bu həqiqəti və ölməz Abbas Səhhətin o gəlişin rəsmini cızan bu sadə sözlərinin gerçəyi dəyişməzdir, əbədidir:
O gün ki fəsl-i yaz olur,
Gecə-gündüz taraz olur.
Hər il bəlli bir anda gecə ilə gündüz bərabərləşir və o dəqiqədən, o saniyədən işıq artmağa, qaranlıq azalmağa başlayır. Sanki ən adi olan möcüzə kimi baş verir, yaz gəlir. Əlbəttə, arxada qalan min illər, on min illər, yüz min illər boyu təkrarlanan hadisəni "möcüzə" adlandırmaq bəlkə yetərincə doğru səslənmir. Ancaq insan oğlu var olduqca yazın hər gəlişinə həmişə möcüzə kimi baxıb və Yaradan yazın gəlişi kimi ən təkrarlanan hadisəyə hər dəfə ən yeni və gözlənilməzə sevinə bilmək istedadını da insana elə yazın özü kimi duyğuların ən safı olaraq pay verib.
Yaz hər dəfə ona görə möcüzədir ki, hər gəlişi ilə dünyanın ən bəlli bir gedişini pozmuş kimi olur. İnsan dünyaya göz açandan hər gələnin bir gün gedəcəyi qaçılmazlığı ilə artıq barışmış olur. Lakin yaz gəlir və bu məntiqin əksini sübuta yetirir. Gedən qayıdır, ölən dirilir.
Pərvərdigarın yaratdığı hər fəsil gözəldir. Yayın öz hüsnü var, qışın öz gözəlliyi, payızın öz yaraşığı var, yazın da tamam başqa füsunkarlığı. Hər biri ayrılıqda gözəldir. Ancaq nədirsə, insanlar həmişə yazı digər fəsillərdən daha üstün tutublar. Yalnız ona görə yox ki, rəngləri, çalarları, suyu, yaşıllığı, gülü-çiçəyi çoxdur. Baharın hər gəlişində bütün təzələnməklik və təmizlənmələrdən əlavə ümid, insanın sabaha daha artıq inamı, hər şeyin yaxşı olacağına doğru canatması var.
Dünyanın hər yerində, bütün xalqların, bütün insanların saysız bayramları olub və var. Hansısa bayramlar təqvimlərə düşür, müəyyən bir zaman çərçivəsində təqvimlərdə ömrünü yaşayır, sonra da asta-asta unudulub gedir.
İnsanlıq tarixində yaşanmış və yaşanmaqda davam edən çox bayramların böyük əksəriyyətinin mahiyyəti siyasətlə bağlıdır. Ancaq siyasətlə, vaxtın gündəlik gərdişi ilə əlaqədar bayramların ömrü də elə o siyasətlərin özü kimi müvəqqəti olur. Gəlirlər, bəlkə də bütün bayramlardan daha təntənə ilə qeyd edirlər. Amma bir məqam yetişir ki, əriyən qar kimi, budaqdan qopan xəzan yarpaqları tək o bayramlar da asta-asta soyuyur, hətta bəzən heç soyumağa da macal tapmır, bir anın içərisində yox olub gedir. Ən azı bizlər - XX yüzildə yaşamış azərbaycanlılar təqvimlərdə olub və ən təntənə ilə qeyd edilmiş, sonra isə bayramlıqdan biryolluq çıxmış və indi bayram kimi heç xatırlanmayan qırmızı günlərin hekayətindən agahıq.
O bayramlar ki siyasətlərin törəməsi olub, elə siyasətlərə qovuşaraq vaxt yelləri ilə sovrulub gediblər. Ancaq təbiətin ən siyasətsiz bayramı Novruz daimidir. Vaxt olub ki, riyakar siyasətlər onu insanların yaddaşından silməyə də çalışıblar, gündəlik həyatından qoparmağa var gücləriylə əlləşiblər. Bacarmayıblar. Siyasətdən ən uzaq olan bayrama siyasətin gücü çatmayıb.
Novruz bayramı lap başlanğıcdan ona görə bütün siyasətlərdən üstün olub ki, o, təbiətin və torpağın bayramıdır, Günəşin və göylərin bayramıdır. Novruz hər il gəlməli olduğu saatda insanların iradəsindən asılı olmayaraq gəlib, yaşayıb, insanların içərisini fərəhlə, sevinclə, işıqla doldurub.
Di gəl, Novruz həm də bayramların ən siyasətlisidir. Ülfət, məhəbbət, dostluq, həmrəylik, dözümlülük, diltapmaqlıq insanların daim can atdığı dəyərlərdir. Əslində bunlar dürüst siyasətlərin, (o kəlmənin yanında bu sözü işlətmək münasibsə) nəcib siyasətlərin də uğrunda mübarizə apardığı dəyərlərdir.
Novruzun insanlara bağışladığı məhz yaz yarpaqları və tumurcuqları kimi həmişə təzə, daim arzulanan olan keyfiyyətlərdir. Ona görə də bir tərəfdən bütün siyasətlərdən uzaq və bütün siyasətlərin fövqündə duran Novruz həm də siyasətlərin, əlbəttə ki, insanaxeyir, işıq daşıyıcısı siyasətlərin toplusudur.
Lap üstdən baxılarsa, Novruz bütün insanlığın, bəşəriyyətin bayramıdır. O nemət ki dünyada tarazlığın, bərabərliyin, ahəngin meyarı ola, əlbəttə ki, bütün insanlığa aid hesab edilməlidir. Ancaq Novruzu dədə-babadan qalan miras kimi Mərkəzi Asiyadan Balkanlara qədər nəhəng məkana yayılmış dörd yüz milyona yaxın insan milli bayram kimi keçirir və bu dörd yüz milyona yaxın insanın da əksəriyyəti türk xalqlarıdır. Demək, əslində bütün bəşəriyyətinki olan bu bayram ən əvvəl elə türklüyün ən əziz bayramlarındandır.
Əzəl bahar gəlməyincə qırmızı gül bitməz imiş,
Qırmızı gül bitməyincə sarı bülbül ötməz imiş.
Bahar haqqında nə şeirlər yazılıbsa, elə hamısında bu cür sadəlik var, misralarında baharın özü qədər tükənməyən saflıq, sayalıq, təravət çağlayır.
Və yüz illər, min illər, on min illər əvvəl olduğu kimi, yenə yaz gəlir, yenə güllər açır, yenə quşlar oxuyur, yenə insanların içərisi oyanır, dünya dirçəlir və həyatın, varlığın, gerçəkliyin bu əbədi dövretməsi arasıkəsilməzdir. İllər əvəzlənəcək, yeni-yeni insanlar gəlib ömür sürəcək, gənclik arxada qalacaq, yaşa dolacaqlar. Amma yeni yazlar gələcək. Ən ixtiyar insan da yazın gəlişinə içəridən cavanlaşacaq. Elə Novruzun ən böyük hikməti, insanlara bağışlaya bildiyi ən ali üstünlük də budur - yaşından asılı olmayaraq səni həmişə gənc edə bilməsi, səni həmişə ruhlandırması, səni həmişə ümidlə doldurması və sabahlara ən dərin inamlara kökləməsi.
Novruzu insanlar nə vaxtdan bayram edir? Bu barədə qaynaqların sorağı bizi 24 əsr əvvələ aparır. Təbii, ondan əvvəl də yazın gəlişi nə şəkildəsə hökmən bayram edilirmiş. Ancaq yazılı qaynaqların hələlik bəlli olan ən əski şahidliyi eramızdan 350 il əvvələ aiddir. Nizami "Xəmsə"sinin son məsnəvisində - "İskəndərnamə"də yazın gəlişinin bayram olunmasından bəhs edir. İskəndərin Bərdəyə yetişməsi, Nüşabə ilə görüşü məhz yaz bayramı günlərində baş tutur. Ərəblər, onların gətirdiyi din Yaxın-Orta Şərqin düşüncə həyatını və mənzərəsini büsbütün dəyişdi. Qədim türklər yazı bayram etmişdilər və ona özlərinin verdiyi məxsusi adlar da vardı. Daha çox bu bayramın adına "yengi gün" deyirdilər. Amma qədim Çin mənbələrində uyğurların bu bayramı necə adlandırmasının izi də qalıb. Yazın təsadüf etdiyi dəqiq vaxta uyğun olaraq bu bayramın adına "Başay bayramı" deyirlərmiş. Baş ay - bütün ayların başında dayanan, ayların sərkərdəsi! Əlbəttə ki, insanlara bahar kimi gözəl bir fəsli gətirdiyinə görə, həm də ilin əvvəlində gələn ay olduğuna görə Novruza "baş ay" deyimi çox yaraşır.
Çeşidli tarix dönəmlərində taxt-tac sahibləri Novruzdan məqsədlərinə uyğun istifadə etməyə hey çalışıb. Xilafət dönəmində xəlifələrin kimliyindən asılı olaraq bu bayrama münasibət fərqli olub. Əli ibn Əbu Talib taxta çıxanda bu bayramı məhz onun hakimiyyətə gəlişi ilə əlaqələndirməyə çalışdılar. Lakin alınmadı. Onda da, sonrakı dövrlərdə də Novruz iradələrdən asılı olmayaraq kiməsə bağlı təntənə kimi yox, bir yaz bayramı kimi qeyd edildi.
Xəlifə Məmunun hakimiyyəti çağlarında - 813-833-cü illərdə Novruz bayramını qeyd etmək bir ənənə şəkli almışdı, rəsmən keçirilən bayramların cərgəsində idi. Lakin 892-ci ildə hakimiyyətə gələn xəlifə əl-Mötədid Novruzu qadağan etmişdi. Bu yasağın baisi ona məsləhət verənlər idi. İslam hələ gənc idi, onun daha böyük təntənə çağları qarşıdaydı və bu yeni din "taxt"a ətrafdakı digər dinləri yenərək qalxmışdı. Ona görə bütpərəstliyə də, zərdüştiliyə də, digər inanclara da rəqibləri tək bir qədər kəc baxırdı. Ancaq əsrlər keçəndən, ayaq üstə möhkəm dayanandan sonra İslamın heç bir başqa dindən hürküsü yox idi. Ancaq o dövrdə xəlifə əl-Mötədidə başa salmışdılar ki, burada zərdüştilik əlamətləri var, oda sitayişin izləri görünməkdədir, yaxşı olar bu bayram yasaq edilsin ki, insanlarda yanlış düşüncələr oyatmasın.
Bütövlükdə İslamın Novruz bayramına münasibətindən söz gedəndə isə meyar, əlbəttə ki, peyğəmbərdir.
Məhəmməd Peyğəmbərin isə Novruza hansı münasibət bəsləmiş olmasını mötəbərdən-mötəbər bir üstün zəka bizə çatdırır.
X əsrin sonları - XI əsrin birinci yarısında ömür sürmüş müstəsna alim Əbu Reyhan Biruni Novruz haqqında yazırdı ki, günlərin birində Novruz bayramı vaxtı Məhəmməd Peyğəmbərə gümüş qabın içərisində Novruz halvası gətirdilər. Məhəmməd Peyğəmbər soruşdu ki, bu nədir? Dedilər: "Novruz halvasıdır". Dübarə xəbər aldı ki, bəs "Novruz" nə deməkdir? Qayıtdılar ki, bu, bir bayramdır. Məhəmməd Peyğəmbər həmin cavabın müqabilində dilləndi: "Bəli, bu həmin gündür ki, Pərvərdigar insanları diriltdi".
Ardınca Səma Elçisi həmin diriltmənin nədən ibarət olduğunu izah etdi: "Bu həmin gündür ki, Allah-Təala öz yurdlarını qoyub qaçan insanlara qəzəbləndi. Onlar minlərlə idi və Allah-Təaladan bir nida gəldi ki, ölün! O andaca bu insanların hər birinin vücudundakı həyat dayandı. Ancaq elə o gün Allahın bunlara rəhmi gəldi, yağış yağdırdı, səpən yağmurla ölənlərin ruhu yenidən dirilik tapdı. Həmin səbəbdən də bu günü sonralar bayram etməyə başladılar. Bayram vaxtı insanlar dirilmənin nişanəsi olaraq bir-birinin üstünə su atardılar".
Biruni davam edirdi ki, Məhəmməd Peyğəmbər bu əhvalatı danışandan sonra ona gümüş qabda gətirilmiş Novruz halvasından bir tikə daddı, qalanını əshabələrinə payladı və "Bu bayram nə gözəl bayramdır", - söylədi.
..."Novruz" sözünə bayram adı olaraq rast gəldiyimiz qaynaqların ən köhnələrindən biri Mahmud Kaşğarinin "Divani lüğəti-t-türk"üdür. XI əsrin digər "sakini", filosof-şair Baba Tahir Üryan dübeytilərindən birində "Novruz" kəlməsini elə bayram adı olaraq işlədir və bu bayramın ən şad gün kimi yaşanmasına işarə vurur:
Səndən uzaq düşsəm mən, ey dilaram,
Qarışar gözümdə səhərlə axşam.
Bir gün vüsalına olsam müyəssər,
Hər günü Novruztək edərəm bayram.
Keçmişlərdə də, elə indiki zamanımızda da bu bayramı keçirənlərin əksəriyyəti türklərdirsə, bəs niyə mərasimin adı farscadır?
Bu sual həmişə düşündürüb. "Novruz"un mənası "təzə gün" deməkdir. Ancaq farscanın qaydalarına görə, "təzə gün" "ruz-e nov" olmalıdır. Əvvəlcə sifətin, ardınca ismin gəlməsi isə türkcəyə xas dil qaydasıdır. Yəni "novruz" deyimini yaradan hər iki hissəcik mənşəcə farscadırsa da, onların birləşdirilərək yeni sözə döndərilməsi türkcənin qrammatik təbiətinə görə edilib.
Tarix boyu farsca danışan və böyük ədəbiyyat yaradan türklər miqdarca farsların özündən çox olub. Ona görə də farsca danışan türklər, o sıradan azərbaycanlılar istər-istəməz öz dillərinin sərf-nəhv qaydalarını, söz yaradıcılığı ülgülərini farscaya da tətbiq etmişlər. "Novruz" da əsl türk, Azərbaycan sözyaratma qəlibi ilə düzəldilib və dildən-dilə keçərək də hamımızçün elə öz sözümüz kimi doğmalaşıb.
...Tarixin müəyyən dönəmlərində gah o, gah bu xalq Novruza sahib çıxmağa cəhd edib, onu özününküləşdirmək istəyib, çalışıb sübut etsin ki, bu günün bayram ənənəsini yaradan məhz onlardır.
Ancaq alınmayıb. Axı heç kim iddia edə bilməz ki, Günəş tək mənimkidir. Heç kəs deyə bilməz ki, torpaq tək onunkudur. Torpaq, Günəş kimi, hava da, su da hamımızınkıdır, hər kəsinkidir. Novruzsa torpağın, suyun, havanın, Günəşin bayramıdır. Demək, bütün insanlığınkıdır, onun sahibi də hər bir bəşər övladıdır və elə bu nöqtədə də Novruzun ən böyük hikməti gizlidir. Seçdirərək yalnız kiminkisə olmamaq, eyni anda hamınınkı olmaq, hamınınkı olmaqla da insanları birləşdirmək. Bəşəriyyətin var olduğu bütün zamanlarda ən ülvi istəyisə məhz əl-ələ, ürək-ürəyə, kürək-kürəyə olmaq deyilmi?!
Novruz bayramında o daxili güc, o qaçılmaz cazibə var ki, mütləq insanları qovuşdurur. Ən azı bayramın cərəyan etdiyi günlərdə. Hətta bir-biri ilə küsülü olanlar da, bir-biri ilə yola getməyənlər də barışır, yaxınlaşır, günahdan keçir, bir-birlərinin suçlarını əfv edirlər. Ona görə də yalnız ilin bircə günündə yox, 365 günün hamısında insanların Novruz intizamı və ovqatına ehtiyacı var.
Tarixi qaynaqlar və rəvayətlər iki böyük şəxsiyyəti bir-biri ilə məktəb yoldaşı edib: Xacə Nizam ül-Mülklə Ömər Xəyyam Nişapurini. Hüseyn Cavidin 1935-ci ildə yazıb tamamladığı "Xəyyam" pyesində isə onlar üçü bir yerdədir - Həsən Səbbah, Xacə Nizam ül-Mülk və Ömər Xəyyam. Rəvayətlərə görə, guya onlar eyni mədrəsədə təhsil alıb, uşaqlıq, yeniyetməlik çağlarında dostluq ediblər, sonra tale hərəsini ayrı bir səmtə yönəldib. Fəqət tarixi mənbələr bu hekayətlərin doğruluğuna şəkk gətirir, aralarındakı illər fərqinə görə onların üçünün də eyni vaxtda eyni mədrəsədə oxumasını istisna edir. Amma bir məqamda Xacə Nizam ül-Mülklə Ömər Xəyyam çəkici hər halda eyni nöqtəyə vurublar. Ömər Xəyyam Novruz bayramını vəsf edən, onun tarixini, ənənələrini əks etdirən "Novruznamə" adlı əsər yaradıb və Xacə Nizam ül-Mülk də məşhur "Siyasətnamə"sində Novruz bayramı ilə bağlı xeyli maraqlı tarixi ayrıntıları əks etdirib. Xacə Nizam ül-Mülk dərin biliklər sahibi, alim təbiətli müdrik şəxsiyyət, həm də güclü dövlət xadimi idi. Səlcuq hökmdarlarının sarayında baş vəzir məqamında olmuş Xacə "Siyasətnamə"sində III əsrdən VII əsrədək, Sasanilər dönəmində Novruzun hansı təntənə ilə keçirilməsi haqqında əli çatan qaynaqlardan topladığı məlumatları əks etdirərək xəbər verir ki, həmin əsrlər ərzində bütün hökmdarlar Novruzu ədalət, bərabərlik günü elan etmişdilər. Novruz günü insanlar bayramlaşır, bir-birini təbrik edib şənlənərək nemətlərlə daşan süfrələr açır, taxta oturanlarsa sadə insanların məqamına enirdilər. O gün hər kəs kimdən hansı narazılığı varsa, dilə gətirə bilərdi. Hansı çözülməyən müşkülü varsa, hansı həll olunmayan məsələsi varsa, onun haqqında söz açmaq imkanındaydı. Hökmdar özü də həmin gün taxta əyləşməzdi, başındakı tacı da bir kənara qoyar, "Məndən narazı olan kim varsa, gəlsin, ürəyindəki sözünü desin, şikayətini etsin".
Və qazilər qazisini də çağırtdıraraq həmin məclisdə əyləşdirər, hamının yanında tapşırarmış ki, bax, taxtdan da düşmüşəm, tacı da qoymuşam qırağa, üzgörənlik etmə, mənimlə məhkəməsini apardığın digər insanlar kimi davran. Əgər məndən şikayət edənin sözü haqdırsa, bununla bağlı ədalətli qərarını ver. Mən həmin haqsızlığa dərhal əncam çəkəcəyəm".
Amma yunan tarixçisi Plutarxın yazdıqları bizi Nizam ül-Mülkün çatdırdıqlarından da daha əski zamanlara, eramızın başlanğıcına - I-II əsrlərə aparır.
"Səməni, saxla məni, ildə göyərdərəm səni" - yaddaşımızdakı elə səməni kimi həmişə təzə düstur!
Müxtəlif dinlərdə, müxtəlif inanclarda saysız dualar var. Duaları insanlar əllərini göylərə açaraq dilə gətirir. İstəyir ki, ürəklərinin ən munis istəkləri bu dualar vasitəsilə gerçəkləşsin. Səməniyə oxunan bu nəğmə də əslində bir duadır. Azərbaycanda bir insan tapmazsan ki, o sadə kəlmələri əzbər bilməsin: "Səməni, saxla məni, ildə göyərdərəm səni". İnsanın qarşısında yaz astanasında balaca bir boşqabın içərisinə tökdüyü bir ovuc buğda yazda puçurlayan budaqlar kimi asta-asta açılıb, yaşıllaşıb, böyüyüb, dönüb olub göz oxşayan səməni. İndi insan ona sadəcə bir nimçənin içərisindəki yaşıllıq kimi baxmır. Ona elə yazın özü kimi, yazın canlı təcəssümü kimi yanaşır. Üz tutur səməniyə, səməni ilə danışa-danışa əslində yazla danışır, baharla və təbiətlə, İlahiylə əhd-peyman edir.
"Səməni, saxla məni". Ondan rica edir ki, sən məni qoru, saxla, bəlalardan salamat çıxart.
Və əvəzində vəd edir: sən məni qoru, mən də sənə etibarlı çıxaram, hər il səni yenidən göyərdərəm.
İnsan bu duanı ilk dəfə haçan dilinə gətirib? Bu tarix dünənin ən uzaq dumanlarında əriyib itir. Ancaq onillərdir, yüzillərdir, minillərdir ki, həmin dua var, dilimizdə, düşüncəmizdədir. İnsan hər il səmənini göyərdir, səməni də insanı yaşadır, onu qışdan çıxardır və qışa bənzəyən çox fəsadların, saysız bəlaların pırtlaşıq kələfindən salamat adladaraq sabahlara aparır.
Və səməni ilə Azərbaycan insanının, türk balasının bu ünsiyyəti səməni var olduqca, yaz gəldikcə davam edəcək.
...XX yüzildə Azərbaycanda Novruz enişli-yoxuşlu bir yol keçib. Novruzun tarixini araşdıranda, Azərbaycan gerçəkliyində onun irəlilədiyi yolu göz önünə gətirəndə sanki bir insanın ömür kitabını vərəqləyirsən. Fərəhlə, sevinclə daşan səhifələr də çoxdur, kədərli, nigaran, narahat vərəqlər də.
Hüseynqulu Sarabskinin "Köhnə Bakı" kitabı var. İçərişəhərdə Novruz günlərinin necə keçirilməsini təsvir edir. Elə dəqiqliklə, elə ayrıntılarıyla yazır ki, istər-istəməz düşürsən həmin günlərin axarına. Elə zənn edirsən XIX əsr təzəcə bitməkdə, XX yüzil yenicə başlamaqdadır - Qala divarlarının arasındasan, o dar küçələrdən keçib gedirsən, hər addımda qarşına sifətində Novruz işığı bərq vuran insanlar çıxır.
Böyük Sabirin son böyük arzularından biri bu imiş ki, "Molla Nəsrəddin" dərgisinin bir sayını əvvəldən-sonacan Novruza həsr etsin və "Molla Nəsrəddin"in o sayı başdan-sonacan şeirlə olsun. Bir neçə şeiri də artıq yazıbmış. Ancaq mübtəla olduğu ağır xəstəlik, taqətsizlik bu niyyətini başa çatdırmağa imkan vermir.
1913-cü il mart ayının 19-da "İqbal" qəzetində Nəriman Nərimanovun məqaləsi çıxmışdı. O, bu bayramı dinlə nə şəkildəsə bağlamaq istəyənlərin fikirlərini rədd edir, bayramın bütün insanların əziz günü olduğunu önə çəkir, tarixdən misallar gətirirdi. 1921-ci ildə isə artıq Azərbaycanın rəhbərliyində ikən, əlində səlahiyyətlər varkən dekret imzalayır, Novruzun bir bayram kimi qeyd edilməsinə töhfəsini verir.
Onsuz da Novruzu xalq həmişə bayram edirdi. Ancaq 1925-ci ildə, sovet dönəmində məxsusi qərar qəbul edilir. Novruz digər inqilabi və dini bayramlarla yanaşı rəsmi dövlət bayramlarının sırasına qatılır. Ancaq Novruzun qarayaxa düşmənləri artıq elə o vaxt da varmış. 1924-cü ildə bolşeviklərin mənfur dalğasının təsiri ilə Azərbaycanda "Mübariz allahsızlar" ittifaqı yaranmışdı. Oradakı bir sürü boşboğaz yalnız hay-küylü iclaslarında deyil, elə mətbuat səhifələrində də səslərini qaldırmağa başlayır ki, bəs Novruz dini bayramdır, ondan vaz keçilməlidir. İldən-ilə daha artan, gurlaşan səslə tələb etməyə başlayırlar ki, Novruz bayramı rəsmi bayramlar arasından çıxarılsın, bir inqilabi bayramla əvəzlənsin. Ancaq 1925-ci ildə qəbul edilmiş Novruz bayramının dövlət bayramı sıralarında olması qərarı hər halda ən azı üç il işləyir - 1928-ci ilə qədər. 1929-cu ildə isə mürtəce əks qüvvələr istəklərinə nail olur, Novruz bayramlar sırasından çıxarılır. 1937-ci il arxada qalandan, yeni sovet konstitusiyası qəbul ediləndən sonra isə Novruza, ümumiyyətlə, qadağa qoyulur.
Novruzda nə görmüşdülər? Bu zavallı bayramın nə təqsiri vardı ki, şura hökumətinin gözü onu götürmürdü? Həm də yalnız 1920-30-cu illərdə yox, elə sonrakı dönəmlərdə də.
Sovet hökuməti bu bayrama gözünün düşməni kimi baxırdı və səbəb Novruzun fəlsəfəsində idi. Şura hökumətinin məqsədi sovet xalqı yaratmaqdı - ayrı-ayrı xalqların, millətlərin özünəməxsusluqlarını bir-birinin içərisində əriyib itirmək, o xalqları, o millətləri simasızlaşdırmaq, rəngsizləşdirmək, əvəzində isə kimliyi bilinməyən, kökü, əsli, zatı olmayan yeni bir insan birliyi yaratmaq - sovet xalqı. Novruz bayramı, muğamat, milli adət və ənənələr buna mane olan çəpərlər, qalalar idi. Ona görə bu sovet məfkurəsi həmin çəpərləri, qalaları sökmək, dağıtmaq əzmində idi.
Novruz xalqı içəridən bir edirdi, insanları bir-birinə yaxınlaşdırır, mütəşəkkilləşdirirdi. Novruz imkan vermirdi ki, insanlar öz əslini, kökünü, rişəsini unutsun. Şura hökumətinə isə bu lazım deyildi. Ona görə bayramın keçirilməsinə yasaq qoymuşdu. Nəinki bayramın keçirilməsinə, kəlmənin özünü işlətmək belə mümkün deyildi. Əlbəttə, camaatın məişətində, dilində-danışığında Novruz öz daimi yerində idi. Ancaq ixtiyarı dövlətin əlində olan mətbuat vardı axı - radioya, televiziya, qəzet-jurnala "Novruz" kəlməsi yol tapa bilmirdi.
O zamanlar mətbuatda dövlət sirlərini mühafizə edən idarə deyilən bir qurum düzəldilmişdi. Əslində bir siyasi senzura idi. Orada oturan əməkdaşın qarşısında qadağan edilmişlərin siyahısından ibarət bir kitab, sağ əlində də qırmızı qələm vardı. Ancaq senzorun iri bir siyahısı da vardı ki, orada qəzet-jurnalda, radio-televiziyada işlədilməsi qadağan edilən kəlmələr əks olunmuşdu. "Novruz" həmin yolu bağlı sözlərdən idi. Ancaq 1960-cı illər gəlir. Sovet İttifaqının dörd bucağında, o sıradan Azərbaycanda yeniləşmə başlayır, azad düşüncə, yeni təfəkkür şəkillənməyə üz qoyur. Bir-birinin ardınca sərbəst düşüncəli neçə şair, alim meydana atılır.
Və bu axın istər-istəməz Novruzla bağlı düşüncələri də hərəkətə gətirir. 1966-cı ildə belə məsələ qoyurlar ki, rusların "maslenitsa" deyilən bayramı var. Gəlin martın əvvəlində onu qışın gedişinin bayramı kimi qeyd edək, martın 20-də isə Novruzu yazın gəlişinin bayramı kimi keçirək.
Və 1967-ci ildə bu niyyət gerçəkləşir. 1966-cı ilin yazı gələndə Azərbaycanın ayrı-ayrı qəzetlərində bahara həsr olunmuş silsilə şeirlər, fotolar dərc edilir. Növbəti ildə isə uzun fasilədən sonra ilk dəfə bu bayram Azərbaycanda dövlət əli ilə təntənə ilə keçirilir. Azərbaycanın bircə televiziyası vardı. Respublikanın dörd bucağında televiziya proqramları başlanan saatdan insanlar ekranın qarşısında olurdu.
Və 1967-ci ilin martında, Novruz bayramı günündə ekran işıqlananda Azərbaycan insanları oçağacan görmədiyi sevinci yaşayır. Novruz bayramı ekrana çıxmışdı. Qız qalasının ətrafında axın-axın insanlar toplaşmışdı. Qız qalası özü boyda bir səməniyə çevrilmişdi. El sənətkarları çalırdılar, çağırırdılar, küçələrdən faytonlar keçirdi. Bayram bütün təntənəsi ilə Bakının bütün ovqatını dəyişmişdi. Vacibi bu idi ki, həmin Novruz ovqatı ekrandan görünürdü, bütün Azərbaycan boyu yayılırdı...
Əlbəttə, burada Azərbaycanın fədakar insanlarının xidmətləri vardı, bu haqda az yazılmayıb da - o zaman Azərbaycan Respublikasına rəhbərlik edən Vəli Axundovun da, o çağlarda Kommunist Partiyasında ideologiya sahəsinə baxan Şıxəli Qurbanovun da, Azərbaycan televiziya və radiosuna sədrlik edən Ənvər Əlibəylinin də və daha bir neçə digər ziyalımızın da əməkləri, oçağkı Novruzu qaytarmaq səyləri unudulmazdır. Ancaq unudulmasın ki, bunların hamısının arxasında, hər halda, o dövrdə Kremlin izni vardı. O, izin olmasa idi, ömründə bu ideologiya Novruzun ekranlara çıxmasına yol verməzdi. İznin də səbəbi beynəlxalq münasibətlərlə əlaqədardı, o vaxt İran şahının SSRİ-yə səfəri ilə bağlı idi. Guya millətə lütf göstərirdilər. Əslində isə bu, bir siyasi gediş idi. Sübutu da odur ki, 1967-ci ildə təntənə ilə keçirilsə də, Novruzun üzünə qapılar növbəti ildə yenidən bağlanır, əvvəlkindən də daha sərt məhdudiyyətlər qoyulur.
Yəni Novruzun taleyi sovet onillərinin içərisindən keçib gedən Azərbaycanın və digər müsəlman respublikalarının taleyinə oxşayır. Bizə - milli ruhumuza, dilimizə, mədəniyyətimizə, mənəvi varlığımıza hansı basqılar vardısa, bütün əyaniliyi ilə həmin təzyiqlər Novruzda əks-sədalanmışdı. Ancaq böyük ruhu təqiblərlə, təzyiqlərlə, küncə sıxmalarla söndürmək, susdurmaq mümkün deyil. Nə millətin ruhunu, nə də o ruhun ən parlaq təcəssümü olan Novruz kimi bir bayramı.
Bu Novruz rayihəli misralar millətə Abdulla Şaiqin ərməğanıdır.
Əs, ey ətirli dan yeli, könül açan bahar gəlir,
Bənövşə, yan dara teli, bağa sevimli yar gəlir.
Novruz həmişə Azərbaycan insanının ömrünə bu təhər - sevimli yar, ən simsar dost kimi gəlib. Ən yasaq əyyamlarında da Novruzu hər bir azərbaycanlı ailəsi evində-eşiyində könül xoşluğu ilə keçirib. Şorqoğalını da, şirinçörəyini də, şəkərburası-paxlavasını da, löyün-löyün başqa şirniyyatını da bişirib, yumurta da boyayıb, səməni də cücərdib. Ən ucqar kəndlərimizdə də, Bakıdan tutmuş digər şəhərlərimizə, qəsəbələrimizəcən də insanlar Novruz sevincini birgə yaşayıb.
Hərdən xəyaldan bu da keçir ki, axı, deyəsən, Novruz bayramını o yasaq dönəmlərində bəlkə indikindən də artıq sevirikmiş. Bəlkə yox, elə yəqin ki, əslində məhz belədir. Çünki o vaxtlar həmin sevginin nüvəsində bir müqavimət duyğusu, etiraz hissi də vardı. Çünki allahsız sovet dövlətinin Kremldən gələn və çox da açılıb-ağardılmayan qırımına görə Novruza dini bayram möhürü vurulmuşdu, Novruzun qəzetdə-jurnalda, radioda-televiziyada nə şəkildəsə işıqlandırılması mümkünsüzdü. Ancaq sovet dövründə tək olan radio və televiziya xalqı birləşdirən, bütöv auditoriyaya çevirən əsas vasitə idi və Mərkəzin hökmü ilə oturub-durmağa məcbur qalan respublika rəhbərliyi də, radio-televiziya başçıları da Novruzun gəlməsinin sevincini, bayram təbriklərini hər halda insanlara çatdırmağın çəmini tapmışdılar. Ən azı iki film vardı: "Arşın mal alan", bir də "O olmasın, bu olsun". Novruz bayramı gələndə həmişə o filmləri göstərirdilər.
Filmlərdə Novruzla bağlı bircə kadr da yoxdu. Ancaq o filmlər insanlarımızçün Novruz rəmzinə çevrilmişdi.
Və əslində bunu Azərbaycan dövlətinin, Azərbaycan rəhbərliyinin, Azərbaycan televiziyasının millətə təbriki kimi qəbul edirdik. Hər kəs anlayırdı ki, yuxarıdakıların da dili qısadı, söz demək imkanları məhduddur. Onlar millətə təbriklərini bacardıqları kimi, iki daş arasında olsa da, bu filmlərlə çatdırırdılar. Ancaq 1969-cu ildə görkəmli rejissorumuz Hüseyn Seyidzadə "Dəli Kür" filmini çəkdi. "Dəli Kür" filmində artıq Novruz bayramı vardı. Bütün füsunkarlığı, bütün zərif çalarlarıyla.
Film uğurlu idi. Orada cərəyan edən hadisələr insanı təsirində saxlayırdı. Ancaq baxanlar həmin filmi qoynundakı Novruz adasına görə ikiqat həvəslə seyr edirdilər. Bir il keçdi, "Yeddi oğul istərəm" yarandı. "Yeddi oğul istərəm"ə də rejissor Tofiq Tağızadə Novruzu gətirmişdi. Beləcə, Novruz bütün yasaqlara baxmayaraq, qayaların arasından sızıb keçən bir bulaq kimi asta-asta insanlara doğru gəlirdi.
Sovet dönəmini görmüş yaşlı insanlar xatırlayar ki, xırda çəkməçi köşklərində adətən Stalinin şəkli asılardı. Stalin hara, çəkməçi hara?! O demək deyildi ki, bu çəkməçilərin hamısı siyasətin cikinə-bikinə bələddi, Stalinin aşiqi idi. Sadəcə, Stalini sovet dövləti "qara siyahı"sına salmışdı və sovet dövlətinin "qara siyahı"ya saldıqlarına rəğbət göstərməkləsə əslində hər bir insan bu siyasətin özünə, şura hökumətinə qarşı əks münasibətini ifadə edirdi. Ona görə də sovet dönəmində, bu bayramın yasaq çağlarında Novruz bəlkə də insanlara daha əzizmiş. Çünki Novruza sevgi öz yerində, ona dövlətin rəsmi bayramlarının hamısından daha şövqlə, daha məhəbbətlə yanaşmaqla camaat həm də Novruzun sıxışdırılmasına, adət-ənənələrimizin solğunlaşdırılmasına, qəribçiliyə salınmasına etiraz edirdi. Qolları bağlı, gözü-dili qıpıq idi, gücləri etirazın bu qədərinə çatırdı, onu da edirdilər. Novruzun küncə qısnanmasına, aşkarda-gizlində təqibinə etirazın fəlsəfəsində bütövlükdə bu sovetin çürük və irinli məfkurəsinə qarşı nəzərəçarpacaq əksgetmə vardı. Başqa sözlə, insanlar bu quruluşla, bu məfkurəylə, bu xətlə, bu siyasi istiqamətlə barışmazlıqlarını həm də Novruza daha artıq məhəbbət göstərməklə, yasaq edilmiş Novruzu daha təntənəli şəkildə bayrama döndərməklə ifadə edirdilər.
Bu Novruza insanlar həmişə dönüş nöqtəsi kimi baxıb və ona hazırlaşıb. Ən yoxsul da, ən imkansız da azı iki-üç ovuc düyünü ehtiyatda saxlayıb ki, bayram günü evində qazan qaynasın, plov dəmlənsin. Ən yoxsul insan da çalışıb ki, bayram günündə təzə libas geyinə bilməsə də, barı üst-başı səliqəli, təmiz olsun.
Və bütün bunların hamısının içərisində bir arzu, ümid, sabaha inam var ki, hər şey yaxşı olacaq - yaman günün ömrü bitəcək, qara qış arxada qalan kimi ömrün qışlı günləri də keçmişə çökəcək.
Bütün mahiyyəti ilə, bütün əlamətləri ilə anlaşmadan, sülhdən, mehribanlıqdan, diltapmadan deyən Novruz bayramı daim həm də etirazın göstəricisi olub - insanın köhnəlmişlə, iradəsinin əleyhinə olanla mübarizəsinin rəmzi.
Və insanlar baharı həm də ona görə çox seviblər, yazın gəlişini həmişə o səbəbdən səbirsizliklə gözləyiblər ki, istəyiblər bahar onların varlığına, ruhuna da sirayət etsin. Yəni sənin sağında-solunda, ətrafında bahar olması, aləmin yaşıla bürünməsi hələ azdır. Gərək o yaşıllıq, o əlvanlıq, o təravət, o təzə ruh sənin içərində də çırpına. Əgər o ruh, o bahar havası sənin içərində varsa, çöldə lap çovğun qopsa da, sənə əsər etməz, ancaq qəlbini sazaq üşüdürsə, çöldə min bahar ola, sənin daxilində qış fəsli şaxtasıyla, qırovuyla qalacaq.
Və insan bahara yalnız onu ətrafdan bürüməsi üçün deyil, həm də könlünə, varlığına, ruhuna, ömrünə daxil olmasından ötrü sevgi və ümidlə yanaşıb. İnsanların bu niyyətini isə Hüseyn Caviddən daha sərrast ifadə edən olmayıb:
Gülsə Günəş, gülsə çəmən, laləzar,
Sanma könüllərdə şətarət doğar.
Arif odur gülsün içindən bahar.
Daha bir qış başa çatmışdı. Daha bir yaz gəlmişdi. Şah Xətai qələmi ilə, kağızıyla üzbəüzdü, ürəyindən keçənləri, yaşadığı bahar ovqatını vərəqlərə köçürürdü, "Dəhnamə"sini yazırdı və kitabına müqəddiməsi "Bahariyyə" idi (və elə bununla da "Bahariyyələr" yazmaq ənənəsinin təməlini qoyurdu):
Qış getdi, yenə bahar gəldi,
Gül bitdi vü laləzar gəldi.
Quşlar hamısı fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.
Şah İsmayıl Xətaiyəcən Azərbaycanın Novruz kimi bayram edilən neçə baharı olmuşdu? Bu sualın da cavabı yoxdur. Midiya dövründə də, Atropatena çağlarında da bizlərdə Novruzun bayram edilməsi haqqında tarixi soraqlar qalmaqdadır. Bayram edilirdisə, əlbəttə ki, insanlar nəğmə də oxuyurdu, şeir də söyləyirdi, rəqs də edirdi. Bəs ən əski Novruz şeirləri, nəğmələri, rəqsləri kiminkidir? Kim daha qədimdən Novruzladısa, demək, Novruz daha çox onunkudur. Bu baxımdan Azərbaycana tay ola biləcək, Azərbaycanla yarışmaya girişə biləcək ikinci yurd, ikinci bir xalq yoxdur. Sübutlarımız da göz önündədir. Elə sübutlar ki, daşdan keçər və dünyanın heç bir ölkəsində, dünyanın Novruzu bayram edən heç bir xalqı bunlara çata biləcək daha qüvvətli dəlili ortaya qoya bilməz. Daşdan keçən sübutlardan biri elə daşdandır - Qobustandakı Qavaldaş! Bu, digər qayalara bənzər iri, qədimi sal daşdır. Ancaq bir başqa xırdaca daşı götürüb onu döyəcləməyə başlayınca bu qaya dil açır, əsl nağara kimi səslənir. Allahın yaratdığı, təbiətin icadı, Tanrının Azərbaycan insanına Novruz hədiyyəsi kimi bağışladığı nağara - Qavaldaş!
Vaxtilə unudulmaz ritm ustamız vardı - Çingiz Mehdiyev. Günlərin birində Qobustana yollanmışdı, o qayada Novruz ritmlərini, sümüyə düşən köhnə rəqs melodiyalarını elə gerçək nağaradakı sayaq ifa etmişdi.
Bu ən qədim nağaramızın, Qavaldaşın sinni nə qədərdir? On min il, ya on beş və ya, iyirmi min il? Amma tək bu deyil axı! İndi qol-qola girib yallı gedənlərimiz kimi, Qobustanda qayalar üstündə 5-10 min il qabaq eyni cür şənlənmiş, eyni cür yallı getmiş ən ulu babalarımızın da rəsmləri əbədiləşib.
Hansı xalqın öz Novruzuna aid yaşı beş-on min ili aşan belə "foto"su var?
...Novruz oyanışın, dirilmənin bayramı, həm də odun, atəşin təntənəsidir. Novruzda insanların tonqallar çatması, ocaq üstündən atlanması, "ağırlığını-uğurluğunu" oda tapşırması minillərin uzaqlarından gələn adətdir. Amma İlahi Azərbaycana tonqalların da ən qədimlərini, ən yaşıbilinməzlərini sovqat edib. Abşeronda, Məhəmmədi kəndində alovu heç vaxt kəsilməyən Yanardağımıza tay Novruz tonqalı da heç kəsdə yoxdur, yaşı minilləri aşan Qız qalası ucalıqlı ocaq da yalnız bizdədir. Sal qaya üzərində qərar tutmuş Qız qalasına çatan təbii qaza zərdüşti babalarımız bayram günlərində, mərasimlər yerinə yetirərkən od vurardılar, Novruz bayramlarında Qız qalasının ətrafına toplaşardılar və təbii qazın da mavi alova çevrilməsi üçün gərək olan 28 metr hündürlüyü o çağın mühəndis düşüncəli aqilləri Qalanı tikməyə başlayandaca nəzərə almışdılar. Yerin altından Qız qalasına gələn qazı ulularımız zirvəyə çatdırır, orada çaxmaq çaxarlarmış, mavi atəşlə dilim-dilim dikələn alov iki min il əvvəl, üç min il qabaq, beş min il öncə Novruz günlərində bu ən uca tonqalın çevrəsinə yığılanların Novruz eşqini daha da coşdurarmış.
Qız qalası da, Qobustan qayaları üzərindəki bayram keçirən, yallı gedən insanların sevincini əks etdirən rəsmlər də, o daş qaval da bizim qabağına daha əskisini çıxarmaq mümkün olmayan mötəbər sübutlarımızdır ki, biz minillərlə bu torpağın üstündəyik, Novruzumuz da bizimlədir!
Tarix boyu ən müxtəlif xalqlarda ən fərqli təqvimlər olub və bu gün də var. Ancaq təqvimlərin ən dürüstü, vaxtı ölçən tərəzilərin ən dəqiqi və həmin tərəzinin çəki daşları Günəş, onun ətrafında hərəkətdə olan səyyarələrdir.
Və məhz Günəşə bağlı təqvim, bu misilsiz tərəzi dünyanın bütün insanlarına qeyd-şərtsiz ən dəqiq vaxtı göstərir, Yeni İlin gəlişinin ən dəqiq başlanğıcını nişan verir. Sən ixtiyari olaraq təqvimdə yeni ili haradan başlayırsan başla, "Gün ki səhərlər çıxır, axşam batır!" Günəş və onun başına dolanan Yer kürəsi üçün Yeni Gün, Təzə İl həmişə martın 20-si, ya 21-də başlanacaq.
...Novruzun dədə-babadan gələn, nəsil-nəsil ötürülən adətlərinin cərgəsində Quzeydə də, Güneydə də ömrünü davam etdirən "Qoduxan" mərasimi də var.
Bunu daha çox dağ yerində yaşayanlarımız edirlər. Bayram axşamı dağlarda cavanlar ocaq tədarükü görür. Axşam qaranlığı düşüncə, gecənin zülməti gəlincə həmin ocaqlar o dağda, bu təpədə, oyandakı zirvədə alışmağa başlayır. Ocaqları qalamazdan əvvəl yanlarına xeyli ehtiyat odun yığırlar ki, sübhədək bəs etsin. Ocaqlar yandıqca sanki bir-biri ilə səsləşir, bu yüksəklikdən o biri ucalıqdakı tonqala əl edir. El arasında "Qoduxan" adətinin bir başqa adı "Günəşi qarşılama"dır.
Qışın son gecəsinin bağrını yaran bu ocaqların şölələri dan yeri çırtlayanda Günəşin nur selinə qarışır, Yeni günün, Novruzun ilk səhəri açılır.
Günəş doğur və insanlar qaladıqları tonqallarla, Günəşin yerdəki timsalı olan ocaqlarla Yeni Günə "Xoş gəldin!" söyləyirlər.
Günəş bu cavanlara bahardakı ilk salamını verir, səhəri dirigözlü açan gənclər Novruzu ilk salamlayanlar olurlar.
Minillərlə belə olub, bu gün də belədir və nə qədər ki dünyamız var, nə qədər ki insan var, nə qədər ki Novruz gəlir, elə belə də olacaq - insanımız ocaqlar çatacaq, səhərədək qaranlığı dələn alov topalarıyla Günəşi salamlayacaq və saatında, dəqiqəsində bayramların ən əzizi Novruz özünü çatdıracaq. Hər dəfəki kimi, yenə ilk dəfə gəlirmiş sayaq, möcüzətək gələcək. Günəşi qarşılayan insanlara yeni ilin ilk günündə dan yeri qızaranda salamların ən səmimisini verən Novruz hər dəfə dünyanı daha gözəl etmək üçün gələcək
Ən azı o salamın həmişə var olması üçün, Novruzun hər dəfə insanlı dünyaya qonaq gələ bilməsindən ötrü gərək bu Kainatın dibsizliyindəki müştərək və xudmani Yuvamızı, bu Ortaq Evimizi - mehriban Yer Kürəmizi qoruyaq!
9 mart, 2026
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.