EN

Nefti bildik, məmur, deputat niyə “bahalaşdı”?

Əvvəl onu deyiim ki, rəhmətlik rəssamımız Səttar Bəhlulzadənin və sevimli şairimiz Vaqif Cəbrayılzadənin zahiri görünüşündə sanki bir portretlik əlamətləri var. Səttar haqqında bunu məktəbimizdə rəsmxətt müəllimimizə demişdim: Əzim Əzimzadə adına məktəbi bitirmişdi və Səttar Bəhlulzadəni şəxsən-canlı gördüyünü deyirdi. Ona az öncə qeyd etdiyim kimi “Bəhlulzadə özü də rəsm əsərinə, portretə oxşayır” deyəndə, ani fikrə gedib “Hə, vallah, düz deyirsən” söylədi.

Vaqif bəyi, əlbəttə, hamımız canlı görmüşük, gözəl şairlərimizdən olması bir yana, Azərbaycandakı milli hərəkata, hərəkatçılara çox yaxın adam idi və mən onu hər dəfə canlı şəkildə seyr edəndə, şəkillərinə baxanda bayaq dediyim ki, bu adamın da görünüşündə portretlik əlaməti, cizgiləri hiss edirdim...

Amma sözüm bunda deyil. Demək istədiyim başqadır. Doğrusu, mən internetdən oxuduqlarıma bir az ehtiyatla istinad edirəm və bunu bir neçə yazıda qeyd etmişəm: kitab başqa şeydir, üstündə müəllifin adı var və sabah bilirsən, necə deyər, kimin yaxasına yapışacaqsan. Amma bunu internetdəki materiallar haqda demək olmur: bilmirsən ki, kim yazır, kim yerləşdirir, material nə dərəcədə dəqiqdir?

Vaqif bəyin də müxtəlif vaxtlarda iki şeirini məhz internetdən oxumuşam: “Öldürün şairləri” və “Öldürün deputatları”. Bir az səsləşmə var şeirlərdə, ona görə bir daha deyirəm ki, bir qədər tərəddüdlə xatırladıram onları.

Belədəsə, birincidən belə başa düşdüm ki, bizim Vaqif bəy də Lermontova çox önəm verir– mən də məktəbdən Lermontovun böyük pərəstişkarı olmuşam və dediyim şeiri oxuyanda belə başa düşdüm ki, oxucu kimi ədəbi zövqüm o qədər də qüsurlu deyil.

Amma bu kiçicik yazının qəhrəmanı ikinci, “Deputatlar...” şeiridir. Əlbəttə, Vaqif bəy “Öldürün deputatları” sözlərini simvolik, bir növ, məcazi, ritorik mənada deyib. Elə mən də bu sözləri sırf məcazi, obrazlı şəkildə hallandırıram. Belədəsə, əlbəttə, deputatlar sarıdan narahat olmaq lazım deyil, obrazlı, məcazi mənada deyirəm ki, onlar özləri kimi desən, “öldürərlər”! Fikir verin, “öldürərlər” sözünü dırnaqda yazdım ki, inciməsinlər, deməsinlər ki, biz qanqster-filanıq bəyəm? Yox, biz də heç vaxt onları nə “qanqster” saymışıq, nə də ki, Allah eləməmiş, “kriminal” –filan! Yox, belə istəyimiz yoxdur...

Amma özləri də razılaşar ki, yenə də məcazi mənada deyirəm, vaxtında, elə indi də az “öldürməyiblər” bizi –baxın, “öldürmək” sözünü yenə də dırnaqda yazıram! Fəqət, hələ on illər əvvəl, 90-cı illərdə insanlarımız dad çəkirdi ki, bu deputatlar bizi ürək xəstəliyinə salacaq, digəri ərz edir və hətta emosional formada bildirirdi ki, bunlar uşaqlarımızın tərbiyəsini pozur və s. və i.

Belə hallar sonrakı illərdə də oldu. Deyəsən, başa düşdülər və parlamentdən geniş reportajlar yığışdırıldı: amma arabir kiçik süjetlər olur, bəzi depuatatların qısa çıxışlarını verirlər ki, insanlar azı, görsünlər ki, ölkədə parlamentə bənzər bir şey qalıb hələ! Amma hətta indi bizim qanunçu qardaşlarımızın qısa, beş-on cümləlik “çıxışı” bəs edir ki, adam dərhal aptekə, valokordin dalınca yollasın uşaqları...

Qərəz, rəsmdən-rəssamdan, şeirdən-şairdən başlayıb gəlib çıxdıq deputatlara-deputatxanaya, amma “əsərimizin qəhrəmanı” tək onlar da deyli, hərçənd, müəyyən qərarların verilməsində onların da iştirakı olur, ən azı qarşılarındakı düyməni basırlar.

Sözümüzün mübtədası budur ki, hətta müharibələr belə kiminə bədbəxtlik, kiminəsə xoşbəxtlik gətirir: ABŞ, İsrail və İran daha çox biri-birinə atdıqları raketləri sayır, digər ölkələr, hətta Rusiya gəlirlərini. Bəli, deyirlər ki, bəs neft çox bahalaşıb. Və burada məmurlarımızın, deyilənlərə görə, hətta deputatlarımızın bəxti az qala, kəllə-çarx vurub: deyilənə görə, maaşları dəfələrlə artıbdır...

Doğrusu, qərarla tam tanış ola bilməmişik. Bir qismin maaşlarının qaldırılması haqqında özümüz oxuduq, digərlərinisə eşitdik. Nə demək olar, arzu edək ki, hətta bəziləri haqda qərar yoxsa, qoy, onlar haqqında da olsun: kasıb adamdırlar, gecəbəgündüz millətçün çalışır, onun, necə deyərlər, Allah eləməmiş, “çətin günləri” üçün ehtiyat pul toplayırlar!..

Sizə deyim ki, Novruz və Ramazan bir tərəfə, 20 mart Beynəlxalq Xoşbəxtlik günü idi. Məmurlarımızı, deputatlarımızısa Allah elə əzəldən xoşbəxt yaradıb. Ona görə də bir-iki para müxalif düşüncəli adama deyərdik ki, qardaşlar, nə istəyirsiz? Adamların bəxti gətirir də! Axı niyə paxıllıq edirsiniz?

Kiçicik qeyd. Bu sətirləri yazırdım ki, bir həmkarın yazısından Bill Qeytsin 50 dollarlıq saat taxdığı haqda oxudum! Doğrusu, bizim məmurların, deputatların saatlarının qiymətindən xəbərim yoxdur...

Chosen
57
musavat.com

1Sources