EN

Azərbaycan mədəniyyəti Vyetnamda tanıdılıb

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın və Qazaxıstanın Vyetnamdakı səfirliklərinin birgə təşkilatçılığı ilə Hanoy Ticarət və Turizm Kollecində təntənəli Novruz şənliyi keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə Vyetnamın dövlət və hökumət strukturlarının nümayəndələri, mədəniyyət və ictimaiyyət xadimləri, iş adamları, Türkiyə, Pakistan və Tailandın Vyetnamdakı səfirləri, diplomatik missiya təmsilçiləri, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri, Azərbaycanda təhsil almış vyetnamlı məzunlar, media nümayəndələri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə Novruz bayramı münasibətilə təbriklərini çatdıraraq, bu bayramın xalqımızın çoxəsrlik tarixində özünəxas yeri olduğunu, hər il dünya azərbaycanlıları tərəfindən böyük sevinc və coşqu hissi ilə qeyd edildiyini, həmçinin Novruzun Vyetnamın yeni il bayramı "Tet"lə bir çox oxşar xüsusiyyətlərinin olduğunu bildirib.

Azərbaycan-Vyetnam dostluq münasibətlərinin əsasının xalqımızın Ulu Öndəri Heydər Əliyev və Vyetnamın Lideri Ho Şi Min tərəfindən qoyulduğunu diqqətə çatdıran diplomat, son illərdə ölkələrimiz arasında əlaqələrin bütün sahələr üzrə inkişafının məmnunluq doğurduğunu qeyd edib.

Qazaxıstanın Vyetnamdakı səfiri Kanat Tomyuş, Hanoy Ticarət və Turizm Kollecinin rektoru xanım Çin Ti Tu Ha öz növbələrində bayram təbriklərini çatdıraraq, bu tədbirin xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında xüsusi rol oynadığını vurğulayıblar.

Şənliyin qonaqlarına müxtəlif növ Novruz şirniyyatları və səməni ilə bəzədilmiş xonçalar təqdim olunub. Novruz bayramı və Azərbaycanın turizm potensialı haqqında videoçarxlar göstərilib, milli geyimlərimiz nümayiş edilib.

Tədbir zamanı azərbaycanlı aşpaz, Dünya Barbekü Assosiasiyasının Asiya və Şərqi Avropa üzrə prezidenti David İsrafilov tərəfindən Azərbaycan mətbəxinin ləziz nümunələrinin təqdimatı keçirilib. Qonaqlara milli mətbəximizdən müxtəlif növ kabablar, plov və dolma təqdim edilib.

Hanoy Ticarət və Turizm Kollecinin tələbələrinin iştirakı ilə 6 komanda arasında barbekü (kabab) yarışı keçirilib, qaliblərə sertifikatlar və mükafatlar təqdim olunub.

Mərasimdə Novruz tonqalı alovlandırılıb, qonaqlar yumurta döyüşdürüb, milli musiqi sədaları altında rəqslər ediblər.

Chosen
43
2
hafta.az

4Sources