Rza Pəhləvinin Vaşinqton və Təl-Əvivə ünvanladığı son çağırış – zərbələrin yalnız rejim obyektlərinə yönəldilməsi, mülki infrastruktura ziyan vurulmaması bəyanatı geniş müzakirələrə səbəb olub.
Rza Pəhləvinin Vaşinqton və Təl-Əvivə etdiyi bu çağırış nə dərəcədə real siyasi təsir gücünə malikdir?
Bu mövqe onu İranın gələcək siyasi lideri kimi legitimləşdirir, yoxsa əksinə, riskli fiqura çevirir?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran güneyli siyasi ekspert Məhəmməd Rəhmanifər bildirib:

“Əslində Rza Pəhləvi bu bəyanatı vermək məcburiyyətində qaldı. Hətta o, bu açıqlamanı bir gün gecikdirdi. Sosial şəbəkələrdə ona çox hücum oldu. Xüsusilə, “əgər sən həqiqətən də İranı sevirsənsə, şah olmaq niyyətin varsa, niyə susmusan?” sualları bu bəyanatı sürətləndirən əsas amillərdən olub”.
Ekspert qeyd edib ki, ABŞ tərəfindən İrana yönəlik son təhdidlər, enerji infrastrukturunun hədəf alınması ehtimalı ciddi risklər yaradır. Belə bir ssenaridə ölkənin elektrik sistemi çöksə, sosial həyat üçün ağır nəticələr doğuracaq. Pəhləvi də çağırışında təhdid edərək, Amerikanın həm elektrik, həm də su təchizatlarının məhv ediləcəyini deyib.
Rəhmanifərin fikrincə, Rza Pəhləvi və onun tərəfdarları bu zehniyyətlə İran rejimini inqilabdan əvvəlki şahlıq dönəmini bərpa edəcəklər. Onlar “bütün yumurtaları” Amerika və İsrailin “səbətinə” qoydular.
Pəhləvi rejimə gətirilsə belə, Amerikanın dəstəkləməyəcəyini vurğulayan siyasətçi deyib:
“Avropada meydana çıxanların əllərindəki ABŞ-İsrail bayraqları İran bayraqlarından çox idi. Onlar rejimi dəyişmək və yerinə Pəhləvini gətirmək istəyirdilər. Bəzən Tramp bunu rədd edərək, bacarmayacağını dilə gətirdi. Xüsusilə də bu gecə “New York Times” nəşri Pəhləvi barədə “uduzan şəhzadə”, “yazıq” kimi ifadələr işlədərək, məqalə dərc edib. Bu, onu göstərir ki, Rza Pəhləvinin “oxu daşa dəyib”. ABŞ və İsrail kimi aktorlar hərbi qərarlarını bu cür çağırışlara əsasən deyil, öz strateji maraqları çərçivəsində verirlər. Pəhləvinin bu mesajını ciddiyə almayacaqlar”.
“Rza Pəhləvinin İranın gələcəyində heç bir yeri yoxdur. Onu şişirdiblər və propaqandasını aparmaq üçün böyük pullar xərclədilər. İranın çox güclü televiziya kanalları gecə-gündüz Pəhləvinin təbliğatını apardı. Millət arasında ona tərəfdar toplamaq üçün bunu etdilər. Farslar arasında belə seçkilərdə Rza Pəhləvini çox az adam dəstəklədi. Rza Pəhləvinin İranın gələcək siyasi sistemində aparıcı fiqur kimi çıxış etməsi inandırıcı görünmür”, — deyə siyasətçi sonda bildirib.
Dəniz Pənahova
KONKRET.az