EN

Atropatın Makedoniyalı İsgəndərlə görüşü Bir rəsmin dedikləri

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Anar İbrahimovdur. Onunla tanınmış Azərbaycan rəssamı Əyyub Məmmədovun "Atropatın Makedoniyalı İsgəndərlə görüşü" əsərindən danışmışıq.

Azərbaycan SSR Əməkdar incəsənət xadimi, SSRİ Rəssamlar İttifaqının üzvü Əyyub Məmmədov 24 yanvar 1921-ci ildə Bakı şəhərində anadan olub. XX əsr Azərbaycan təsviri sənətinin formalaşmasında mühüm rol oynamış görkəmli rəssam, pedaqoq və ictimai xadimdir.

O, peşəkar sənət təhsilinə 1936-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində başlamış və 1941-ci ildə bu təhsil ocağını uğurla bitirmişdir. Hələ tələbəlik illərində - 1940-cı ildə həmin məktəbdə xüsusi fənlər üzrə müəllim kimi fəaliyyətə başlaması onun istedad və peşəkarlığının erkən dövrdə qiymətləndirildiyini göstərir. 1942-ci ilə qədər burada çalışan Əyyub Məmmədov sonradan bu məktəbdə uzun illər pedaqoji fəaliyyətini davam etdirmiş, 1965-1975-ci illərdə isə müəssisənin direktoru vəzifəsində çalışaraq milli rəssamlıq təhsilinin inkişafına mühüm töhfələr verib.

Onun həyat və yaradıcılığı İkinci Dünya müharibəsi illərinin ağır sınaqları ilə də sıx bağlıdır. 1942-1945-ci illərdə Qafqazın müdafiəsindən başlayaraq Berlinə qədər uzanan döyüş yolunda iştirak etmiş, cəbhə həyatı onun dünyagörüşünün və yaradıcılıq baxışlarının formalaşmasına ciddi təsir göstərib.

Müharibədən sonra, 1946-cı ildə SSRİ Rəssamlar İttifaqına qəbul olunan rəssam, eyni zamanda Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun dəzgah boyakarlığı fakültəsində təhsilini davam etdirmiş, burada O, D.Maçalski, G.Ryajskinin və digər müəllimlərindən aldığı akademik biliklər onun yaradıcılıq üslubunun zənginləşməsində mühüm rol oynamışdır. Sonrakı illərdə ümumittifaq sərgilərində iştirak etməsi onun sənətinin daha geniş coğrafiyada tanınmasına şərait yaradıb.

Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdan Əyyub Məmmədov yaradıcılıq və pedaqoji fəaliyyətini paralel şəkildə davam etdirmiş, gənc rəssamların yetişdirilməsində, incəsənət təhsilinin inkişafında və ümumilikdə bədii mühitin formalaşmasında əhəmiyyətli rol oynayıb. Onun fəaliyyəti yalnız yaradıcılıqla məhdudlaşmamış, eyni zamanda ictimai sahədə də fəallığı ilə seçilib.

Sənətşünas Nərgiz Rzayevanın "Dünyanı özünəməxsus baxışı ilə heyrətləndirən rəssam" adlı məqaləsində sənətşünaslıq doktoru, professor Mürsəl Nəcəfov xatirələrində belə qeyd edirdi: "Biz 1940-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini ən yaxşı diplom işi ilə bitirən on səkkiz yaşlı Əyyub Məmmədovu müəllim təyin etmək qərarına gəldik" hissəsini görə bilərik.

Əyyub Məmmədov Azərbaycan təsviri sənətində dərin iz qoymuş, çoxşaxəli fəaliyyəti ilə milli mədəniyyətin inkişafına mühüm töhfələr vermiş sənətkarlardan biri kimi yadda qalmışdır. O, 27 avqust 1994-cü ildə Bakıda vəfat edib.

- Əsərin yaranma tarixi ilə bağlı hansı məqamlar məlumdur?

- Bu işin yaranma tarixi müəyyən qədər simvolik məna daşıyır. Çünki tarix üzrə fəlsəfə doktoru, dosent Allahverdi Əlimirzəyevin elmi redaktor və ön söz müəllifi olduğu "Atropatena Azərbaycan tarixçilərinin tədqiqatlarında" kitabında Atropat və Makedoniyalı İsgəndərin münasibətləri və görüşü haqqında qeydlər mövcuddur. Orda həmçinin yazılıb ki, mümkün hesab bu görüşlər Atropatenanın sərhədlərinin kənarında baş verib. Əsər də məhz bu görüşlərdən birini təsvir. Buna baxmayaraq, Plutarxın İsgəndərin həyatı haqqında yazdığı kitabda bu görüşə yer verilməyib.

- Əsərin rəng həlli necədir?

- Əyyub Məmmədovun "Atropatın Makedoniyalı İsgəndərlə görüşü" tablosu Azərbaycan rəngkarlığında tarixi janrın ən bitkin nümunələrindən biri olub, rəssamın yüksək akademik hazırlığını və milli koloriti duyma qabiliyyətini nümayiş etdirir. Əsərin rəng həlli (koloriti) sadəcə vizual bəzək deyil, iki fərqli sivilizasiyanın - Şərq və Qərbin diplomatik və mədəni qarşılaşmasını ifadə edən əsas bədii vasitədir.

Rəssam kompozisiyanı plener (açıq hava) estetikası üzərində quraraq, hadisəni geniş, işıqlı bir məkana çıxarmışdır. Arxa fondakı dağların və səmanın solğun, bir az dumanlı rənglərlə hava perspektivi verilməsi ön plandakı fiqurların daha qabarıq və canlı görünməsini təmin edir. Günəş işığının bərabər paylanması səhnəyə şəffaflıq gətirir ki, bu da görüşün gizli deyil, açıq və legitim bir xarakter daşıdığını simvolizə edir.

Əsərdə simvolik rəng qarşıdurması xüsusi diqqət çəkir. Atropatın və onun ətrafındakıların obrazlarında Şərqin zənginliyini, odlar yurdu Atropatenanın enerjisini təmsil edən isti tonlar - qızılı, tünd qırmızı, qəhvəyi və dərin yaşıl çalarlar üstünlük təşkil edir. Bunun əksinə olaraq, Makedoniyalı İsgəndər və onun ordusunun təsvirində soyuq və metalik parıltılar - gümüşü, bürünc və göy tonları ön plana çıxır. Bu rəng təzadı Qərbin hərbi intizamı ilə Şərqin estetik zərifliyinin vizual dialoqudur.

Fakturaların verilməsində rəssam mahir bir usta kimi çıxış edir. Döyüşçülərin zirehlərindəki kəskin metal parıltısı ilə yerli əyanların geyimlərindəki yumşaq parça toxumaları arasındakı fərq, rənglərin müxtəlifliyi ilə ustalıqla vurğulanıb. Diqqət mərkəzində - iki liderin görüş nöqtəsində - Atropatın geyimindəki parlaq qırmızı və ağ çalarlar İsgəndərin dəbilqəsindəki firuzəyi elementlərlə vizual bir balans yaradaraq tamaşaçının baxışını əsas nöqtəyə yönəldir.

Əyyub Məmmədov bu tablosunda rəngləri sadəcə bir illüstrasiya vasitəsi kimi deyil, tarixin dramatik anlarını, milli mənsubiyyəti və dövlətçilik əzəmətini çatdıran bədii dil kimi istifadə etmişdir. Əsər rəng həllinin bitkinliyi və işıq-kölgə oyunlarının təbiiliyi ilə Azərbaycan təsviri sənətinin qiymətli incilərindən biri hesab olunur.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Əyyub Məmmədovun "Atropatın Makedoniyalı İsgəndərlə görüşü" tablosu, kompozisiya quruluşu baxımından həm klassik ənənələrə söykənir, həm də dövrün siyasi-tarixi mahiyyətini vizual dilə çevirən unikal fəndlərlə zəngindir. Əsərin kompozisiya həllini dünya rəngkarlığının şah əsərlərindən biri olan Dieqo Velaskesin "Bredanın təslim edilməsi" ("Nizələr") tablosu ilə müqayisəli şəkildə təhlil etmək, müəllifin niyyətini daha aydın üzə çıxarır.

Əyyub Məmmədovun əsəri mərkəzi (fronton) kompozisiya tipinə aiddir. İki əsas fiqur - Atropat və Makedoniyalı İsgəndər - tablonun mərkəzində üz-üzə gələrək vizual bir dialoq yaradırlar. Bu quruluş ilk baxışdan Velaskesin məşhur "Bredanın təslim edilməsi" əsərini xatırladır. Hər iki tabloda iki fərqli hərbi-siyasi qütbün qarşılaşması, mərkəzdə baş verən diplomatik jest və fonu dolduran hərbi birləşmələr bədii quruluşun əsasını təşkil edir. Lakin bu bənzərlikdə  çox mühüm və prinsipial bir fərq mövcuddur.

Velaskesin əsərində biz açıq-aşkar qalib və məğlub münasibətini görürük. Holland sərkərdəsi Yustin Nassausky ispan generalı Ambrozio Spinolaya qalanın açarlarını təslim edərkən əyilir, onun duruşunda məğlubiyyətin ağırlığı hiss olunur. Arxa fonda isə bu status rənglərlə və elementlərlə möhkəmləndirilir: qalib ispanların nizələri dik və nizamlı, məğlub hollandların nizələri isə dağınıq, əyilmiş və qeyri-mütəşəkkil təsvir edilib. Bu, qalib tərəfin mənəvi və hərbi üstünlüyünü vizuallaşdıran dahi bir kompozisiya fəndidir.

Əyyub Məmmədovun tablosunda isə vəziyyət tamamilə fərqlidir. Burada kompozisiya bərabərhüquqlu tərəfdaşlıq prinsipi üzərində qurulub. Velaskesdən fərqli olaraq, bu əsərdə qalib və ya məğlub tərəf yoxdur; burada iki böyük dövlət xadiminin diplomatik sazişi əks olunub.

Əsərin ən həlledici nüansı hər iki tərəfdə - həm makedoniyalıların, həm də atropatenalıların fonunda nizələrin eyni dərəcədə dik və şaquli olmasıdır. Bu detallar təsadüfi deyil; dik nizələr hər iki ordunun döyüş hazırlığını, daxili nizamını və ən əsası, qarşılıqlı hörmətini simvolizə edir.

Atropat İsgəndərin qarşısında əyilmir, əksinə, qürurlu və təmkinli bir duruş nümayiş etdirir. İsgəndər də öz növbəsində onu işğalçı kimi deyil, bərabərhüquqlu bir müttəfiq kimi qarşılayır. Rəssam bununla vurğulayır ki, Atropatena işğala məruz qalan deyil, öz müstəqilliyini siyasi iradə və diplomatiya yolu ilə qoruyan bir gücdür.

Əyyub Məmmədov Velaskesin təklif etdiyi kompozisiya modelini götürərək onu tamamilə fərqli bir məna ilə doldurmuşdur. Əgər Velaskesdə nizələrin vəziyyəti hərbi zəfəri və təslimiyyəti göstərirdisə, Məmmədovun əsərində nizələrin vahid və dik duruşu suverenliyin, milli qürurun və sülh şəraitində bərabərliyin təzahürüdür. Bu bədii fənd Azərbaycan xalqının qədim dövlətçilik tarixinin, sərkərdəlik və diplomatiya bacarığının rənglərlə yazılmış ən tutarlı sübutudur.

- Tablo hazırda harada saxlanılır?

- Əsər hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Əyyub Məmmədovun bu tarixi kətan üzərində qoyduğu ən maraqlı və fəlsəfi suallardan biri məhz personajların rakurs seçimidir. "Bu əsər bizə nə deyir?" sualına cavab axtararkən, Atropatın üzünün tam görünməsi, İsgəndərin isə arxası tamaşaçıya doğru (və ya profildən gizli) təsvir edilməsi detalı bir neçə mühüm qatı üzə çıxarır.

Bunlardan birincisi Milli Kimlik və "Ev Sahibi" statusudur. Rəssam bu kompozisiya fəndi ilə diqqət mərkəzinə Atropatı qoyur. İsgəndər dünya fatehi olsa da, bu torpaqlarda o, "qonaq" və ya xarici faktordur. Atropatın üzünün açıq və tam görünməsi onun bu torpaqların əsl sahibi, yerli dövlətçilik ənənəsinin varisi və siması olduğunu vurğulayır. Biz Atropatın simasında qətiyyəti, müdrikliyi və öz xalqının taleyi üçün məsuliyyət daşıyan liderin emosiyalarını oxuya bilirik.

İkincisi, şəxsiyyət və ya tarixi fiqur, yəni İsgəndərin üzünün gizlədilməsi və ya arxası bizə doğru təsvir edilməsi onu fərd olmaqdan çıxarıb daha çox "tarixi hadisə" və ya "xarici güc" simvoluna çevirir. Rəssam sanki demək istəyir ki, İsgəndər gəldi-gedərdir, onun siması tarixin dumanında itsə də, Atropatın təmsil etdiyi yerli ruh və dövlətçilik iradəsi bizə baxır, bizimlə birbaşa vizual təmas qurur. Bu, tamaşaçı ilə obraz arasında mənəvi bağ yaradır.

Üçüncüsü diplomatik üstünlük və psixoloji portretdir. Kompozisiyada Atropatın üzünün görünməsi onun şəffaflığını və dürüstlüyünü simvolizə edir. O, gizlənmir, danışıqlara açıqdır və öz siyasi iradəsini bəyan edir. İsgəndərin simasının kölgədə qalması isə onun imperiya ambisiyalarının və ekspansiya siyasətinin naməlumluğunu, bir növ "yadlığını" göstərir. Bu detal, Atropatın nəinki hərbi, həm də mənəvi-psixoloji cəhətdən bu görüşün mərkəzi fiquru olduğunu sübut edir.

Və nəhayət sonuncusu isə tamaşaçı ilə təması demək olar. Atropatın üzünün bizə doğru olması tamaşaçını hadisənin iştirakçısına çevirir. Biz sanki Atropatın tərəfində durub İsgəndərlə qarşılaşırıq. Bu, rəssamın öz xalqının tarixinə olan subyektiv və vətənpərvər yanaşmasıdır. Biz tarixin gedişatını İsgəndərin deyil, məhz Atropatın gözləri ilə görürük.

Əyyub Məmmədov bu vizual fəndlə bizə deyir ki, böyük imperiyalar və fatehlər (İsgəndər) tarixin bir parçasıdır, lakin milli kimlik və dövlətçilik (Atropat) həmişə diri, görünən və bizə baxan tərəfdir. Bu əsər bizə məğlubedilməzliyin simada deyil, iradədə olduğunu pıçıldayır.

Aytac SAHƏD

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
525.az

1Sources