EN

Böyük savaş yaxınlaşır? – “Armageddon” və “Malhəmə əl-Kubra” həqiqətləri

İslam qaynaqlarında qiyamətdən öncə Armageddon savaşının çıxacağından bəhs olunur. Müxtəlif hədislərdə qeyd olunur ki, bu savaş müsəlman ölkələri və qərb arasında çıxacaq.

Son dövrlərdə Yaxın Şərqdə və qlobal miqyasda artan hərbi gərginliklər fonunda bunu Armageddona sürükləyən savaş kimi qiymətləndirmək olarmı?

Həsənov

Əkrəm Həsənov

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov deyib ki,  “Armageddon” termini İslam mənbələrinə aid termin deyil. Bu anlayış əsasən xristian teologiyasında, xüsusilə “Vəhy” kitabında işlədilir və son böyük savaş mənasında təqdim olunur. İslamda isə qiyamətə yaxın baş verəcək hadisələr “əşratüs-saa”, yəni qiyamətin əlamətləri kimi izah olunur. Bu əlamətlər arasında böyük savaşlardan da bəhs edilir, amma onlar konkret olaraq “Armageddon” adı ilə deyil:

“Hədislərdə “Malhəmə əl-kubra” adlanan böyük bir savaşdan danışılır. Bu barədə rəvayətlər əsasən Əbu Davud, İbn Macə kimi mənbələrdə keçir. Orada yazılıb ki, müsəlmanlarla “Rum” arasında böyük bir qarşıdurma olacaq. Klassik alimlər “Rum” sözünü əsasən Bizans, yəni dövrün xristian imperiyası kimi izah ediblər. Müasir dövrdə isə bəzi şərhlərdə bu anlayış qərb dünyası ilə əlaqələndirilir. Amma bu, qəti və dəyişməz bir izah deyil, daha çox təfsir xarakteri daşıyır. Quran, qiyamətə yaxın böyük bir konkret savaş ssenarisi vermir. Quranın üslubu fərqlidir. O, daha çox ümumi qanunauyğunluqları göstərir. Məsələn, Rum surəsində belə bir ayə var: Rumlar məğlub oldular, lakin bir neçə ildən sonra qalib gələcəklər. Bu ayə tarixi bir hadisəyə işarə edir və göstərir ki, siyasi və hərbi proseslər dəyişkəndir, sabit bir xətt üzrə getmir. Bu, bizə bir prinsip öyrədir ki, hər müharibəni son savaş kimi oxumaq düzgün yanaşma deyil”.

Peyğəmbərin (s.ə.s) hədislərində qiyamətə yaxın fitnələrin artacağı, qarışıqlıqların çoxalacağı, qan töküləcəyinə dair xəbərlər var deyən ilahiyyatçı vurğulayıb:

“Buxari və Müslimdə gələn hədislərdə deyilir ki, elə zaman gələcək ki, öldürən niyə öldürdüyünü, ölən niyə öldüyünü bilməyəcək. Bu, daha çox mənəvi və sosial dağınıqlığı təsvir edir. Yəni məsələ təkcə bir böyük savaş deyil, ümumi xaos mühitidir. İslam alimləri bu hədisləri şərh edərkən mühüm bir prinsip qoyublar. Qiyamət əlamətləri konkret tarixləşdirilə və dəqiq siyasi hadisələrə bağlana bilməz. İmam Nəvəvi, İbn Həcər kimi alimlər qeyd edirlər ki, bu xəbərlərin hikməti insanı qorxutmaq yox, oyatmaqdır. Yəni insan bu xəbərləri oxuyub konkret tarix proqnozu vermək üçün deyil, öz həyatını düzəltmək üçün istifadə etməlidir. Burada incə bir məqam var. İslam müharibəni təşviq edən din deyil. Quran açıq şəkildə bildirir ki, Allah zülmü sevməz. Peyğəmbər (s.ə.s) dövründə olan savaşlar müdafiə xarakterli idi. Bu baxımdan hər hansı müasir müharibəni dini “qaçılmaz son savaş” kimi təqdim etmək həm dini baxımdan risklidir, həm də insanların psixologiyasına zərər verir”.

“Belə başa düşməliyik ki, hazırkı müharibələri qəti şəkildə “Armageddon” və ya qiyamətin son savaşı kimi qiymətləndirmək elmi, dini və məntiqi baxımdan əsaslı deyil. Bəli, hədislərdə böyük qarşıdurmalardan bəhs olunur. Amma onların konkret zamanını, iştirakçılarını və bugünkü hadisələrlə birbaşa uyğunluğunu dəqiq demək mümkün deyil. İslamın bizə verdiyi əsas mesaj budur ki, insan gələcəyin qorxusu ilə yox, bu günün məsuliyyəti ilə yaşamalıdır. Qiyamətin nə vaxt gələcəyini yalnız Allah bilir. Amma insanın öz qiyaməti, yəni ölümü hər an yaxındır. Ona görə əsas məsələ böyük savaşın nə vaxt olacağı deyil, insanın öz daxilində nə qədər sabit, ədalətli və imanlı qalacağıdır”, — deyə o, sonda əlavə edib.

Dəniz Pənahova
KONKRET.az

Chosen
35
1
konkret.az

2Sources