EN

Laporta üçüncü müddətə də seçildi - “Barsa” 2031-ci ilə qədər ona əmanət

Xəbər verdiyimiz kimi, martın 15-də “Barselona”nın prezidenti postuna seçki keçirilib. Əvvəlki prezident Xuan Laporta üçüncü müddətə də seçilib. O, daha çox səs toplamaqla iş adamı Viktor Fonta qalib gəlib.

Klubun mətbuat xidmətinin yaydığı xəbərə görə, bülletenlərin hamısı sayılandan sonra Laportanın 48480 səsdən 32934-nü (68,18), Fontun isə 14385-ni (29,78) topladığı məlum olub. 984 adam (2,04) bu iki namizəddən heç birini seçməyib.

Beləliklə, dünyanın ən nəhəng klublarından birinə yenə də Laporta rəhbərlik edəcək. O, ilk dəfə 2003-cü ildə bu posta seçilib. 2006-cı ildə başqa namizədlər olmadığından vəzifəsində qalıb. 2015-ci ildə seçkidə Xosep Bartomeuya uduzan Laporta növbəti dəfə 2021-ci ildə prezident postuna qayıdıb.
Maraqlıdı ki, hələ dekabrda “Barselona”nın prezidenti özünü dünya siyəsətçiləri ilə müqayisə edərək yeni müddətə seçilmək istəmədiyini deyirdi:

“Putin və ya Maduro kimi olmayacam. Daha bir dəfə namizədliyimi irəli sürə bilərəm, ancaq belə etməyi planlaşdırmıram”.

Bununla belə, Laporta 2031-ci ilə qədər klubda qalacaq. “Mundo Deportivo” onun seçkisonrası açıqlamasını yayıb: “Barselona”nın vətəndaş qüruru və ruhu bayramında səs verən bütün üzvlərə xüsusi təşəkkür edirəm. Klub üzvləri qarşıdurma yox, vahidlik təklifinə səs verdi. Bu, gördüyümüz işlərin – “Kamp Nou”nun yenidən qurulmasının başa çatdırılmasının və “Espai Barca” layihəsinin bəyənilməsidi”.

Belə görünür ki, seçki klub üzvlərində xüsusi maraq doğurmayıb. Cəmi 48 min adam səsverməyə qatılıb ki, bu da mümkün seçicilərin 42,34 faizini təşkik edir. Seçkiyə 1997-ci ildən bəri ən az klub üzvü qatılıb.

“Barsa”nın sabiq ulduzları da səsvermədə iştirak edib. Serxio Busketslə bağlı məzəli hadisə baş verib. Laporta hər yerdə onun arxasınca gəzib ki, düz seçim etsin. İndi “Jirona”nın şərəfini qoruyan Mark-Andre ter Ştegenlə bağlı kuryoz hadisə yaşanıb. Alman qapıçının adı naməlum səbəbdən səsverməyə qatılanların siyahısında olmayıb. Təxminən 10 dəqiqə ərzində problemi həll etməyə çalışsalar da, heç nə alınmayıb. Belədə qapıçı, sadəcə, getməli olub.

Amma baş məşqçi Hans-Diter Flik səs verə bilib. Mütəxəssis bülleteni qutuya salandan dərhal sonra Laporta onu qucaqlayıb və qulağına nəsə deyib. “Barsa”nın fanatları belə davranışı qəribə adlandırıb.
Bülletenlərin elə ilk topaları hesablanandan sonra yekun nəticənin necə olacağı heç kimdə şübhə doğurmayıb. Klub telekanalı xoş xəbərləri eşidən Laportanın seçki komandasının üzvləri ilə birgə necə rəqs etdiyini göstərən videolar yayıb. Tezliklə klubun mətbuat xidməti sosial şəbəkə hesabında Xuanın şəklini yerləşdirib:

“Komandamızın ən yaxşı illəri hələ irəlidədi”.

Bildiyiniz kimi, kataloniyalılar seçki günü 28-ci turun oyununda “Sevilya”nı 5:2 məğlub etməklə “Real”la aradakı 4 xal fərqini qoruyub.
Chosen
80
1
football-plus.az

2Sources