Yaponiya bu ilin mart ayında öz ərazisində saxlanılan, hasilatçı ölkələrlə birgə ehtiyatların sərbəst buraxılmasına başlayacaq.
"Report"un məlumatına görə, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi "X" sosial şəbəkəsində yazıb.
"Mart ayı ərzində neft hasil edən ölkələrlə birgə ehtiyatların sərbəst buraxılmasına başlanılması planlaşdırılır", - o qeyd edib.
Baş nazir əmin edib ki, Yaponiya hakimiyyəti Yaxın Şərq böhranının milli iqtisadiyyata mənfi təsirini minimuma endirmək üçün bütün lazımi addımları atacaq.
Neft ehtiyatlarının hasilatçı dövlətlərlə birgə saxlanması mexanizmi neftin istehsalçı ölkələr, xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ tərəfindən Yaponiya ərazisində yerləşdirilməsindən ibarətdir. Bu sxem Yaponiya şirkətlərinə fövqəladə hallar yarandığı təqdirdə, həmin ehtiyatları satın almaq üçün üstünlük hüququ verir.
Daha əvvəl Takaiçi ölkənin 45 günlük istehlakına ekvivalent olan neft həcmlərini bazara yönəltmək niyyətində olduğunu bildirmişdi. İlk növbədə, 15 günlük istehlak üçün nəzərdə tutulmuş özəl ehtiyatlar sərbəst buraxılmalı idi.
ABŞ Prezidenti Donald Tramp cari danışıqlar çərçivəsində Vaşinqtonla Tehran arasında razılaşmalar əldə olunacağı təqdirdə, Hörmüz boğazının dərhal açılacağına əminliyini ifadə etmişdi. Onun sözlərinə görə, Vaşinqton Tehranla Yaxın Şərqdəki münaqişənin "tam nizamlanması" barədə "çox yaxşı" danışıqlar aparıb. Öz növbəsində, İran iddia edir ki, ABŞ ilə birbaşa təmas olmayıb.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.