EN

Seyran Səxavət: TV-lərdə 30 ildə təmiz Azərbaycan dilində bir dənə də veriliş yayımlanmayıb - MÜSAHİBƏ

Yazıçı Seyran Səxavət Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Seyran müəllim, 80 yaşınız tamam oldu. Həyat, dünya haqqında düşüncələrinizi bilmək istərdik. Ömür necə keçdi?

- Səksən ildir dünya ilə yoldaşlıq edirik. Bəzən sözümüz çəp gəlir, bəzənsə fikirlərimiz üst-üstə düşür. Hərdən də heç nədən qanqaraçılığı olur. Səksən il müxtəlif zaman kəsimlərini müqayisə etmək üçün böyük müddətdir. Rusların bir cümləsi var: həqiqət müqayisə zamanı ortaya çıxır. İndiki halda dünyanın - adamların vəziyyəti çox çətinləşib. İnsanlar tamamilə başqa cür olublar. Elə bil birdən-birə fəlakət gəldi. İndi heç kimin sözü heç kimin boğazından keçmir. Bu sadəcə işdə, çöldə yox, hər yerdə, elə evdə də belədir. Bəziləri bunu boynuna almır, mən boynuna alanlardanam.

Biz niyə belə bərbad günə düşdük? Ona görə ki, Allah insanı yaradıb Yer üzü kimi cənnət bir məkana atdı. Ona hədiyyə etdi. Biz bunun müqabilində neynədik? Allah Yer kürəsini bizə əmanət vermişdi, biz ona xəyanət etdik. Allah da xəyanəti bağışlamır.

Yer üzündə milyonlarla barel insan qanı axır. İnsanın qanını da insan özü axıdır. Allah beləcə bizi cəzalandırır.

Bəzən məndən soruşurlar ki, ay Seyran müəllim, bu dünyanın axırı necə olacaq? Deyirəm, elə dünyanın axırıdır da. Axır necə olur ki? Dünyanın axırı bir anda baş vermir ki, proses belə gedir: yavaş-yavaş...

- Bəs əsərləriniz barədə nə düşünürsünüz? Hansını daha çox bəyənirsiniz, hansı haqda "gərək yazmazdım" deyirsiniz?

- "Gün ağladılar" adlı bir hekayəm var, yalnız onu zəif sayıram. Yerdə qalan 7 roman, 10-a yaxın povest, 50-yə yaxın hekayəmin hamısını super hesab edirəm. Kaş yazmazdım deyəcəyim bir mətnim yoxdur, amma ona bənzər bir şey var. Sizə onu deyə bilərəm.

"Daş evlər" romanımda alverçi Zəminəni dəfn etməyə aparırlar. Qonşular hamısı onun arxasınca qəbiristanlığa, ölümə doğru gedirlər. Hərəsi bir şey fikirləşir: biri deyir ki, məndən borc pul istəmişdi, pulum var idi, gərək verərdim. Taksi şoferi Əhmədağa fikirləşir ki, təcili məni vağzala apar, tələsirəm demişdi”, vaxtım var idi, gərək aparardım. Bir sözlə, qəbiristanlığa gedə-gedə hamının içində daxili monoloq gedir.

Dəfndən sonra qəbiristanlıqdan çıxırlar. Artıq arxaları ölümə, üzü həyətə, həyata tərəf olur. Bu anda daxili monoloq da tərsinə çevrilir. Biri deyir, yaxşı edib borc vermədim, onun dədədisə borcum vardı?! Taksi şoferi deyir ki, məndən başqa taksi yox idimi, başqası ilə gedərdi...

Mənə elə gəlir ki, orada çox tələbxərclik etmişəm. Çünki bu epizodun özü ayrıca bir romanın nüvəsidir. Ayrı bir roman yaza bilərdim. Başqa bir peşmanlığım yoxdur.

- "Daş evlər"də Akif-Rəna xətti var, avtobioqrafik elementə bənzəyir. Ümumiyyətlə, əsərlərinizdə avtobioqrafik cizgilər varmı?

- Bunu bir dəfə məndən soruşmuşdular. Demişdim ki, Akif Meşəbəyioğlu Seyran Səxavətin cavanlığıdır. Seyran Səxavət də onun qocalığı... Əsərlərimdə bioqrafik elementlər var. Amma bioqrafik element yaradıcılıqda, xüsusilə yazıçılıqda dərin rol oynamır. Çünki hərənin bir bioqrafiyası var, onda gərək bütün bəşəriyyət bioqrafiyasını yazıb yazıçı olsun.

Yazıçı yaşadıqlarının yalnız maraqlı tərəflərindən bədii əsərlərdə istifadə edilə bilər. Onu da ustalıqla etməlidir.

- Ümumiyyətlə, qadın-kişi münasibətlərində bir gün sevginin də qürubu gəlir. Bununla razılaşırsınızmı?

- Leyli-Məcnun sevgisinin bir əfsanə kimi yaşamasının əsas səbəbi dədəsinin qızı Məcnuna verməməsi və onların qovuşmamasıdır. Sevginin əbədiliyi onda alındı ki, sevdilər, evlənmədilər.

Dostoyevskinin bir sözü var. Yeri gəlmişkən, o qumarbaz türk kökənlidir. Deyir, dünyanı gözəllik xilas edəcək. Böyük çıxsa da deyəcəm, mən buna əvvəldən şübhə ilə baxmışam. İndi gözəllik özü reanimasiyadır, öz canının hayındadır, belə olan halda dünyanı o, necə xilas edəcək? Eləyə bilməz. Mən həmişə fikirləşmişəm ki, dünyanı gözəllik yox, sevgi xilas edə bilər. Sevgi həmişə olacaq.

Məsələyə məişət, ailə bucağından yanaşsaq, bəli, ailə sevgi ilə başlayır, amma uzun müddət davam eləmir. Əgər əvvəldən səmimi sevgi olubsa, sevgi bitəndən sonra hörmətə çevrilir. Hörmət sevginin zəif variantıdır. Əgər sevgi əvvəldən saxta olubsa, saxta sevgi qurtaran kimi hər şey dava-qırğına, dağıntılara keçir. Dırnaq içində sevgi dağıntılar altında qalır. Bu mənim mütləq həqiqətimdir. Buna çox inanıram, öz adımın Seyran olduğu qədər.

- Yazmağa necə başladınız?

- Sən doğulduğun günü xatırlayırsan?

- Yox.

- Mən də xatırlamıram. İnsan doğulduğu günü xatırlamadığı kimi mənim də yazmağa başladığım gün yadımda qalmayıb. Amma ilk çapım yadımdadır.

Mən kənd uşağı olmuşam. Kənd uşaqları şəhər uşaqlarına nisbətən daha tez cücərirlər. Çünki başlarına gün vurur, ayağı torpaqda olur. İkitərəfli enerji alırlar. Mən də tez cücərənlər sinfinə daxil idim. Uşaq vaxtı məktəbdə sinfimizdəki qızlar xoşuma gəlirdi. Bu elə-belə deyil, yazıçı olmaq üçün şərtdir. Hətta 3-cü sinifdə oxuyan vaxtı qonşu sinfin oğlanları bizim sinfə keçib qızlara baxanda dava düşmüşdü və davanın başında da mən idim.

Bax elə o vaxtlardan... Ay Allah, kaş yadıma düşəydi, ilk yazım nə olub... Nəsr yazmışam... Sonra arada şeirlər yazdım, Lenin babadan, Qızıl Meydandan, Moskvadan da şeir yazmışdım.

Bir rus dili müəlliminin qəşəng qızı var idi, çox xoşum gəlirdi. Anası rus, atası azərbaycanlıydı.

- Yeri gəlmişkən, əsərinizin birində rus dili müəlliməsi obrazı var. "Gözü işığa düşən adam" povestində...

- Düz deyirsən, var... Həmin qıza şeir yazdım. O şeiri indi də bəyənirəm. Kim öz ayranına turş deyər ki... Kəndimizdəki bütün oğlanlar onu sevirdi, dava-qırğınlar olurdu. Qızın da heç nədən xəbəri yoxuydu... Deyir, oğlan evində toydu, qız evinin xəbəri yoxdu. Qıza şeir yazmaq üçün anamdan hər dəfə rusca bir söz soruşub öyrənirdim. Anam rus və erməni dillərini yaxşı bilirdi, müəlliməydi. Şəhər qızı olsa da, təsərrüfatla da məşğul olurdu. Özü Füzulidən idi, anası, yəni nənəm Şuşadan.

Anamdan hər sözü müxtəlif vaxtlarda soruşurdum ki, şübhələnməsin. Beləcə “Mən səni sevirəm” sözünü rusca öyrəndim və kolxozda ot tayasının yanında qıza sevgimi elan etdim. Dedim: Anya, ya tebya lyublu. Qız da qayıdıb “net” dedi. Gəlib anamdan mənasını soruşdum, dedi, “yox” deməkdir. Halımı təsəvvür edin...

Ona yazdığım şeir heç yerdə çap olunmayıb. Hansısa romanda danışıq kimi istifadə etmişəm. Belə idi:

Sizdən bir cavab istədim

Rusca mənə "net" dediniz

Saf eşqimi lağa qoyub

Hərdən "privet" dediniz

Amma düşünmədin, gözəl

Gördüyün iş necə işdi?

Mən biləni

Anan sənə rusca layla deməmişdi.

İlk çap olunan şeirimi və onda keçirdiyim hissləri xatırlayıram. Bir də ötən il “Azərbaycan” jurnalında birdən-birə 7 hekayəm çap olundu. Onu da xatırlayıram. Axırıncılarda keçirdiyim hisslər yadımdadır.

Birinci şeirim bizim Füzuli rayonunda çıxan "Qızıl Araz" qəzetində çap olunmuşdu. “İki arzu” adlı şeir idi.

Deyir ki:

İki arzum var, ay qız

Biri sənət dağının zirvəsinə ucalmaq,

Biri də ki, səninlə ömür sürüb qocalmaq.

12 yaş üçün yaxşı şeirdir. Bu şeir rayonda camaatın çox xoşuna gəlmişdi. Nə kəndə, nə də yerə-göyə sığırdım.

- Hər yazıçının yaradıcılığında bir kulminasiyası nöqtəsi olur. "Qızıl teşt" pyesini sizin yaradıcılığınızın zirvəsi hesab etmək olar?

- Nəinki yazıçılıqda, heç musiqi ifaçılığında, bəstəkarlıqda, rəssamlıqda da zirvə olmur. Bu, uydurma bir şeydir. Zirvə qurtaracaqdır. Məsələn, dağın zirvəsi son nöqtədir, ordan sonra heç nə yoxdur. "Qızıl teşt" zirvədirsə, deməli, mən çoxdan qurtarmışam. Mən axı hələ qurtarmamışam. “Qızıl teşt” də zirvə deyil.

Bayaq dediyim kimi, "Gün ağladılar"dan başqa bütün yazdıqlarımı sizin dediyiniz kimi zirvə yox, amma yaxşı yazı hesab edirəm. Buna haqqım var. Oxucuların reaksiyasına arxayın olub bunu deyirəm.

Məsələn, “Daş evlər” romanım 100 min tirajla çap olundu, 1 aya satıldı. Qiyməti də 1 rubl 20 qəpik idi. 1 aya 120 min pul gətirdi.

- Nə qədər qonorar aldınız?

- Düz 22 min rubl... O pula iki “Qaz 24” və bir “412” maşın ala bilərdim. O vaxtı ən bərk gedən kişi maşını “Qaz 24” idi. Qiyməti 9 min 300 idi.

Əslində isə romanlarıma, povestlərimə, pyeslərimə - teatr, televiziya, radio pyesləri, - hekayələrimə müxtəlif adlar qoymuşam. Bu adlar mənim üçün şərtidir. Halbuki onların hamısının bir adı var - Seyran Səxavətin yaradıcılığı.

Özümlə yanaşı, məsələn, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlının da yaradıcılığı mənim üçün belədir. Əslində bu adlar da şərtidir, bir imza sahibi var: Azərbaycan ədəbiyyatı. Çox dərinə getsək bu da şərtidir, lap özüldə bir ədəbiyyat dayanır: Dünya ədəbiyyatı.

- Azərbaycan ədəbiyyatından sizin sevdiyiniz ən yaxşı əsərlər hansılardır? Bəzən belə sorğular da keçirirlər...

- Mənim üçün ən yaxşı mətn sevdiyim mətnlərdir. Məsələn, hər 10 ildən bir Nodar Dumbadzeni başdan-ayağa oxuyuram. Mənim ruhuma çox yaxın yazıçıdır. Bir dəfə demişdim ki, gürcü olsaydım, Nodar Dumbadze kimi yazardım və inanıram ki, o da azərbaycanlı olsaydı, Seyran Səxavət kimi yazardı. Onun bütün yaradıcılığını sevirəm.

Bir alman yazıçısı var, o qədər məşhur deyil. Amma mənim üçün o, bütün Nobel mükafatı laureatlarından daha böyük yazıçıdır - Ziqfrid Lents. Onun bütün yazdıqları "ən yaxşı"dır.

Sorğu-sual edənlər məni bağışlasınlar, yəqin başa düşərlər, amma ən çox sevilən 3 roman, ən yaxşı 5 hekayə kimi suallar düz deyil. Sevirsənsə, ədəbiyyatı bütöv sevirsən. Necə deyərlər, barmağın 5-i də eyni olmasa belə, hansını kəssən qan çıxar.

Seyran Səxavətin indiyə kimi yazdığı bircə yazıdır. Mənim bütün yaradıcılığım bir yazıdan ibarətdir.

- Gənc yazarlardan bəyəndiyiniz, adını çəkə biləcəyiniz varmı?

- Niyə yoxdur?! 30 ildir ad çəkirəm. Bəzən onların adını çəkdiyimə görə bəzi adamlar tərəfindən ziyan da çəkirəm. Azərbaycanda istedadlı cavanlar var. Hətta bəziləri 50 yaşı keçib. Mən onlara hörmətlə yanaşmışam, həmişə nahaq hücumlardan müdafiə etmişəm, Məsələn, Aqşin Yenisey, Seymur Baycan, Qanturalı, Mirmehdi Ağaoğlunu, Nərmin Kamalı müdafiə etmişəm. O vaxtlar "Alatoran" jurnalı buraxırdılar, onlara böyük rəğbətim vardı.

Hazırda Azərbaycan ədəbiyyatında qadın ədəbiyyatı keçmiş əsrlərdə yazıb-yaradan qadın ədəbiyyatından 10 qat yuxarıdır. Çox istedadlı xanımlarımız var. Amma təəssüf, heç kim onları tanımır. Məsələn, filologiya elmləri doktoru Təranə Turanın haqqında bilmək üçün iki misrası bəs edir:

Mən elə susdum ki,

Daş bilib divara hördülər məni.

Bir talış qızı var, Lənkərandan Ülkər Nicatlı. İndi onun da iki misrasını deyəcəm, sevgidən yazıb:

Sənin ürəyində doğan misranın

Mənim ürəyimdə qafiyəsi var.

Gəncləri oxuyuram. Özləri kitablarını gətirilər, çoxu da xanımdır. Mən də hamısını oxuyuram.

Eləsi olub, yazısını oxuyub demişəm ki, aldadırlar səni. Sənin şeirini yox, görkəmini tərifləyirlər. Başqa sahədə yaxşı ola bilərsən, amma ədəbiyyatda səndən heç nə olan deyil, bu kitabını da qəbiristanlığa atacam.

- Elə də demisiniz?

- Eləcə də deyirəm. Mən sözə görə atamdan da keçmərəm. Söz mənə çox şey verib. Mən də deyirəm, ay Seyran, zəhmət olmasa, sən sözün keşiyində kişi kimi dayan. Məni ortalığa çıxaran söz olub.

Mənim fikrimcə, Təranə Vahid dünyanın ən maraqlı yazıçılarından biridir. Onun bütün yaradıcılığı qeyri-adi cümlərdən ibarətdir. Sizə deyim, indiki dövrdə bəlkə də Azərbaycanda qadın ədəbiyyatı kişi ədəbiyyatını üstələyib.

- Sizi Azərbaycan ədəbiyyatında yazıçılığa daha da həvəsləndirən mətnlər hansılar olub?

- Hazırda başımın üstündə şəkli olan Yusif Səmədoğlu, başımın üstündə şəkli olmayan İsa Hüseynov, Sabir Əhmədov və başımın üstündə şəkli olmayıb ürəyimdə şəkilləri olan Ənvər Məmmədxanlı, bir də dünyanın çox möhtəşəm, çox bənzərsiz bir yazıçısı İsi Məlikzadə.

- Yazarkən nədən ilhamlamırsınız?

- Sevgidən... Bundan böyük nə ola bilər?! Hər şeyin başı sevgidir.

- Tərcüməylə də məşğul olmusunuz...

- Tərcümələrim də var. Dostlarımın mətnlərini etmişəm. Litva yazısının "Yaxşılığın qiyməti" adlı bir romanı həyat yoldaşım Almaz xanımla birlikdə tərcümə etmişik. Moskvada yaşayan gürcü yazıçı dostum Aleksandr İbanadzenin "İmeretye sayağı toy" romanını tərcümə etmişəm. Yadımda olanlardan deyə bilərəm ki, rusca yazan Maqsud İbrahimbəyovdan, Natiq Rəsulzadədən də tərcümələrim var.

Mən peşəkar tərcüməçiyəm və bu sahədə 5 il işləmişəm. Bakı Dövlət Universietinin şərqşünaslıq fakültəsinin mütərcim şöbəsini bitirmişəm - fars dilində mütərcim. Universiteti bitirən kimi təyinatımı SSRİ Müdafiə Nazirliyinə verdilər. Əfqanlarla Bişkekdə 2 il işlədim. Orada Ali Hərbi Təyyarəçilik Akademiyası var idi. Şərqi Avropa, Polşa, Macarıstan, Əfqanıstandan və ərəb ölkələrindən gəlib orada oxuyurdular. Gündə 6 saat sinxron tərcümə edirdim, rus-fars və fars-rus dillərinə.

- Farscadan bədii tərcümə etmisiniz?

- Etmişəm. Əfqancadan da tərcümələrim var.

1974-1976-cı illərdə İranda tərcüməçi işlədim. Sonralar rəhmətlik Tofiq Bayram mənə bir şeir yazmışdı:

İran niyə viran oldu?

Çünki orda Seyran seyran oldu.

- Azərbaycan dilinin hazırkı vəziyyəti ilə bağlı həmişə narahatlığınızı bildirmisiniz. Qısa da olsa fikirlərinizi bir daha bölüşə bilərsinizmi?

- Bu gün Azərbaycan dili reanimasiyadadır, ağır vəziyyətdədir. Mən 20 ildir ki, Azərbaycan dilinin vəziyyəti ilə bağlı danışıram. Hətta bir məruzə də hazırlayıb ona bir ad qoymuşdum: "Cümlə qurmaq dövlət qurmaq qədər çətindir".

Azərbaycan Yazıçılar Birliyi, Mətbuat Şurası, AMEA-nın Ədəbiyyat İnstitutu, Dilçilik İnstitutu, Dövlət Dil Qurumu yanında monitorinq şöbəsində, Milli Məclisin Mədəniyyət Komitəsində çıxışlar eləmişəm. Fikrimcə, dilimizi 95 faiz korlayan ünvan Azərbaycan televiziya məkanıdır. Digər 5 faiz saytların, tərcümə olunan filmlərin, sosial şəbəkələrin üzərinə düşür.

Hesab edirəm ki, televiziya məkanında son 30 ildə təmiz Azərbaycan dilində bir dənə də veriliş yayımlanmayıb. Mən çıxış yollarını da göstərmişdim, təkliflərimi də səsləndirmişəm.

Dünyada israfçılıq gedirsə, bu, dildən başlayır. İsrafçılıq dildən məişətə sürüşüb düşür. Məişətdə olan israfçılıq dildəki israfçılqdır. Yaslarda, toylarda olan israfçılıq da buradan qaynaqlanır. Məsələn, 2 sözlə ifadə ediləcək cümləni 7 sözlə sözlə çatdırırlar. Bu, israfçılıqdır.

- Seyran müəllm, nə qədər ömür yaşamaq istərdiniz?

- Ramiz Rövşən dostuma bu yaxınlarda belə bir sual vermişdilər. Gülərək cavab vermişdi ki, deyəsən, çox ləngidik, adam bir az utanır... Mən bu sözlə razıyam. Hər kəsə bir arzum var: Allah onları kiməsə möhtac etməsin. Vaxtı çatanda yatıb oyanmamaq ən yaxşı ölümdür. Yuxudan o dünyaya köçmək daha asandır, nəinki bu dünyadan o dünyaya köçmək.

- Süni intellektlə, sosial media ilə aranız necədir?

- Heç başım çıxmır. Sosial şəbəkələrə hərdən girirəm, baxıram. Amma ondan da baş açmıram. Qeyri-səlis məntiq məsələlərini çox yaxşı bilən dostum Rafiq Əliyevdən bu barədə soruşmaq istəyirəm, bəlkə məni o başa sala...

Chosen
41
1
teleqraf.com

2Sources