EN

ABŞ-də azərbaycanlıya qarşı 90 milyon dollarlıq dələduzluq ittihamı – Axtarışa verildi

ABŞ-də azərbaycanlı Anar Rüstəmov genişmiqyaslı maliyyə maxinasiyasında ittiham olunur.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Federal Prokurorluq İdarəsi rəsmi məlumat yayıb.

Bildirilib ki, Rüstəmov federal səhiyyə proqramlarını hədəf alan dələduzluq sxemində iştirak edib. 38 yaşlı şəxsə qarşı ittiham aktı irəli sürülüb.

İstintaq materiallarında qeyd olunur ki, azərbaycanlı şəxs "Medicare Advantage" proqramı çərçivəsində saxta tibbi avadanlıq sifarişləri ilə bağlı minlərlə saxta iddia təqdim edib. Bu iddiaların ümumi məbləği 90 milyon dollardan artıqdır.

İddialara əsasən, Rüstəmov Kaliforniya ştatında yerləşən "Dublin Helping Hand" adlı qurum vasitəsilə fəaliyyət göstərib. O, qan şəkəri ölçən cihazlar və ortopedik breketlər kimi tibbi avadanlıqların guya xəstələrə təqdim edildiyini göstərərək ödəniş tələb edib. Lakin araşdırma zamanı məlum olub ki, həmin avadanlıqlar nə xəstələrə verilib, nə də tibbi zərurət olub. Üstəlik, sənədlərdə adı keçən xəstələrin bu prosesdən xəbəri olmayıb, həkimlər isə bu sifarişləri təsdiqləməyib.

ABŞ hüquq-mühafizə orqanları bildirir ki, Rüstəmov hazırda qaçaq vəziyyətdədir və axtarış davam edir. Rəsmi açıqlamada vurğulanıb ki, bu cür hallarla mübarizə ABŞ-də prioritet sayılır. Bildirilib ki, dövlət vəsaitlərini mənimsəməyə çalışan şəxslər mütləq məsuliyyətə cəlb olunacaq.

İttiham sübuta yetirilərsə, onu hər epizod üzrə 20 ilə qədər həbs və 250 min dollaradək cərimə gözləyir.

Qeyd edək ki, ABŞ qanunvericiliyinə görə, ittiham irəli sürülməsi şəxsin təqsirli olması demək deyil və yekun qərar məhkəmə tərəfindən verilir.

Şahanə Rəhimli
Musavat.com

Chosen
45
50
musavat.com

10Sources