EN

Müharibə yaxınlaşır: Xəzər hövzəsində təhlükəli ssenari KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran ətrafında davam edən hərbi gərginlik təkcə Yaxın Şərqlə məhdudlaşmır, artıq onun təsir dairəsinin genişlənərək Xəzər dənizi hövzəsinə qədər uzanması ehtimalı müzakirə olunur. Bu ssenari enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və region ölkələri arasında hərbi-siyasi balans baxımından ciddi risklər yarada bilər. Xüsusilə İranın şimal sərhədləri və Xəzər akvatoriyasında mümkün aktivlik bölgədə yeni gərginlik ocaqlarının yaranmasına işarə edir.

İranla bağlı davam edən hərbi gərginlik Xəzər dənizi hövzəsinə sıçrayarsa, hansı ölkələr bu riskdən daha çox təsirlənə bilər? Enerji layihələri və neft-qaz infrastrukturu bu vəziyyətdə necə təhlükə altına düşəcək?

Bu barədə KONKRET.az-a açıqlama verən siyasətçi Cavanşir Abbaslı bildirib ki, İran ətrafında baş verən hərbi proseslərin təsiri təkcə Yaxın Şərqlə məhdudlaşmır. Onun sözlərinə görə, müharibə davam etdikcə gərginliyin yeni bölgələrə sıçraması ehtimalı artır:

“Son 25 gündə atılan raketlərin yalnız bir ərazi ilə məhdudlaşmaması bunu açıq şəkildə göstərir. Müharibə genişlənərsə, İran daha sərt addımlar atmağa məcbur qala bilər”.

Siyasətçi vurğulayıb ki, Azərbaycan da daxil olmaqla region ölkələri münaqişənin tezliklə başa çatmasında maraqlıdır. C. Abbaslının fikrincə, müharibənin uzanması enerji təhlükəsizliyini ciddi risk altına salır və bu, yalnız bir ölkəyə deyil, bütün Xəzəryanı dövlətlərə təsir edər.

Abbaslı qeyd edib ki, xüsusilə neft-qaz ehtiyatlarının yerləşdiyi ərazilərin hədəfə alınma ehtimalı artır:

“Xəzəryanı bölgədə yerləşən ölkələrin heç biri bu riskdən sığortalanmayıb. Müharibə uzandıqca, onun əhatə dairəsi də genişlənir”.

Bununla belə, siyasətçi hesab edir ki, nə İran, nə ABŞ, nə də İsrail Xəzər regionuna zərərin dəyməsində maraqlıdır. Çünki bu, münaqişənin daha geniş miqyas almasına səbəb olacaq.

Siyasətçinin qənaətinə görə, gərginliyin Xəzər hövzəsinə keçməsi halında region ölkələri üçün həm iqtisadi, həm də təhlükəsizlik baxımından ciddi nəticələr yaranacaq. Hazırda əsas gözlənti tərəflərin müharibənin miqyasını genişləndirmədən hansı strategiyanı seçəcəyidir.

Dəniz Pənahova,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
50
konkret.az

10Sources