EN

Modi: Qlobal enerji böhranı fonunda Hindistan nefti mümkün olan hər yerdən idxal edir

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Hindistan dünya üzrə yaranmış enerji böhranı şəraitində, xüsusilə Yaxın Şərqdəki münaqişənin təsiri ilə enerji daşıyıcılarının tədarükünü bütün mümkün mənbələrdən təşkil edir. Son günlərdə respublikaya neft və qaz bir neçə ölkədən idxal olunub.

Bizimyol.info xəbər verir ki, bu barədə Hindistanın baş naziri Narendra Modi parlamentin yuxarı palatasında Yaxın Şərqdəki vəziyyətlə bağlı çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki müharibə qlobal miqyasda ciddi enerji böhranına səbəb olub və Hindistan bu vəziyyətdən narahatdır. “Müharibə ticarət yollarımıza təsir göstərib. Nəticədə benzin, dizel yanacağı, qaz və gübrələrin müntəzəm tədarükü pozulub”, – deyə Modi vurğulayıb.

Baş nazir qeyd edib ki, hökumətin əsas məqsədi Hindistana neft və qaz tədarükünü mümkün olan bütün mənbələrdən təmin etməkdir. “Son bir neçə gündə neft və mayeləşdirilmiş qaz daşıyan gəmilər müxtəlif ölkələrdən respublikaya çatıb. Bu istiqamətdə işlər yaxın günlərdə də davam etdiriləcək”, – deyə o əlavə edib.

Modi həmçinin xatırladıb ki, Hörmüz boğazı vasitəsilə gəmi hərəkəti çətinləşib. “Çətin vəziyyətə baxmayaraq, hökumətimiz müharibə şəraitində belə Hindistan gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək üçün davamlı diplomatik səylər göstərir”, – deyə o bildirib.

Bazar ertəsi axşam Hindistan bayrağı altında üzən və mayeləşdirilmiş karbohidrogen qazı (LPG) daşıyan iki tanker Hörmüz boğazından keçib. Bu gəmilərin göyərtəsində 92 min tondan çox LPG olub. Onların 26–28 mart tarixlərində Hindistan limanlarına çatacağı gözlənilir.

Bundan əvvəl Hindistanın Limanlar və Gəmiçilik Nazirliyi bildirib ki, Hörmüz boğazı ətrafında ölkə bayrağı altında üzən ən azı 22 gəmi mövcuddur. Hindistan hökuməti onların 20-ni ölkənin enerji təhlükəsizliyi baxımından kritik əhəmiyyətli hesab edir və təhlükəsiz keçidlərinin təmin olunması üçün danışıqlar aparır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
bizimyol.info

1Sources