EN

İdeoloji cəbhədə yeni QARŞIDURMA: Türkiyə və Azərbaycan FƏLAKƏTƏ sürüklənir?

Martın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Riyadda keçirilən “İranın təcavüzü ilə bağlı məsləhətləşmə toplantısı” regionun siyasi trayektoriyasında kəskin dönüş nöqtəsi oldu. Türkiyə və Azərbaycanın da xarici işlər nazirləri səviyyəsində qatıldığı bu görüşdə qəbul edilən bəyannamə İranın ABŞ hədəflərinə zərbələrini sərt şəkildə pisləyərək “zəruri tədbirlərin görülməsi” iradəsini ortaya qoydu.

Lakin bu diplomatik addım beynəlxalq sol hərəkatın, xüsusilə “World Socialist Web Site” (WSWS) platformasının kəskin ittihamları ilə üzləşib. Beynəlxalq sol cərəyanın bu bəyanatı “Tramp administrasiyasına aktiv dəstək” və “imperialist siyasətin tərkib hissəsi” kimi xarakterizə etməsi, regiondakı hərbi gərginliyin həm də qlobal ideoloji mübarizəyə çevrildiyini göstərir.

Xüsusilə sol hərəkatın nümayəndələri Türkiyə və Azərbaycanın bu prosesdə iştirakını “reaksion və fəlakətli bir müharibəyə sürüklənmə” kimi təqdim edir. Onların yanaşmasına görə, baş verənlər regional təhlükəsizlik məsələsi deyil, ABŞ-nin qlobal strategiyasının icrasıdır. Bu narrativ faktların deyil, ideoloji interpretasiyaların ön plana çıxdığı yeni bir reallıq formalaşdırır. Belə bir şəraitdə region dövlətləri həm meydanda hərbi təhdidlərlə, həm də informasiya məkanında formalaşdırılan “imperializm” ittihamları ilə mübarizə aparmaq məcburiyyətində qalırlar.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Qabil Hüseynli qeyd edib ki, beynəlxalq sol hərəkatın bu iddiaları reallıqdan uzaq olmaqla yanaşı, bölgədəki milli maraqları nəzərə almır:

“Sol hərəkatın və bəzi ideoloji platformaların Türkiyə və Azərbaycanı “müharibəyə sürüklənməkdə” ittiham etməsi köhnəlmiş imperializm şablonlarından başqa bir şey deyil. Riyad görüşü bir hücum planı deyil, İranın aqressiv xarici siyasətinə və regionun təhlükəsizliyini təhdid edən raket hücumlarına qarşı kollektiv müdafiə instinktidir.

Azərbaycan və Türkiyənin bu masada olması hər hansı imperialist maraqlara xidmət etmək yox, birbaşa öz sərhədlərinin və enerji dəhlizlərinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

İranın son dövrlərdəki hərbi aktivliyi və regional proksi qüvvələri vasitəsilə yaratdığı gərginlik fonunda bu dövlətlərin koordinasiyalı hərəkət etməsi qaçılmazdır. Solçu platformaların bu vəziyyəti “fəlakətli müharibə” kimi qələmə verməsi əslində molla rejiminin aqressiyasına dolayısı ilə bəraət qazandırmaq cəhdidir.

Reallıq budur ki, bu gün regionda yalnız hərbi deyil, həm də ciddi narrativ müharibəsi gedir. Azərbaycan və Türkiyə öz suveren hüquqlarını qoruyur və bu prosesi “reaksion” adlandırmaq regionun geosiyasi gerçəkliyini tamamilə təhrif etməkdir. Bizim üçün əsas olan ideoloji etiketlər deyil, bölgədə sabitliyin bərpası və milli maraqlarımızın qorunmasıdır”.

Tunar
NOCOMMENT.az

Chosen
24
nocomment.az

1Sources