Livan və İran arasında diplomatik münasibətlər kəskinləşib. Livan Xarici İşlər Nazirliyi İranın bu ölkədəki səfiri Məhəmməd Rza Şeybanini “arzuolunmaz şəxs” (persona non grata) elan edib.
Nazirliyin sosial media hesabı vasitəsilə yaydığı rəsmi bəyanatda bildirilir ki, Livan dövləti iranlı diplomatın namizədliyinə verdiyi razılığı geri götürür və onun ölkədə fəaliyyətini dayandırır.
NOCOMMENT.az xəbər verir ki, qərara əsasən, İran səfiri martın 29-dan gec olmayaraq Beyrutu tərk etməlidir. Livan tərəfi bu addımı Tehranın diplomatik normaları pozması ilə əlaqələndirib. Eyni zamanda, Livan hökuməti Tehrandakı səfirini də məsləhətləşmələr üçün geri çağırdığını açıqlayıb. Diplomatik qalmaqalın konkret hansı hadisə və ya müdaxilə səbəbindən yaşandığı barədə rəsmi Beyrut təfərrüatları açıqlamasa da, bu qərar regionda İranın təsir imkanlarına qarşı növbəti sərt gediş kimi qiymətləndirilir.
Sara,
NOCOMMENT.az