İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri İsrailə qarşı "Doğru vəd 4" əməliyyatının 79-cu dalğasının başladığını elan edib.
Musavat.com "Tasnim"ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində iki mərhələli "Siccil" ballistik raketləri, həmçinin "Xeybərşəkən" və "İmad" raketləri ilə yanaşı, kamikadze dronlardan da istifadə olunub.
SEPAH-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin yaydığı məlumata görə, raket və dronlar İsrailin hava hücumundan müdafiə sistemlərini yararaq Təl-Əvivin şimal və mərkəzindəki kəşfiyyat obyektlərini, Ramat-Qan və Negevdəki ticarət və logistika mərkəzlərini, həmçinin Beer-Şevadakı əsas hərbi idarəetmə qərargahını hədəf alıb.
Eyni zamanda, hücumla bağlı İsrailin Aşkelon şəhəri və Qəzza zolağı ətrafındakı yaşayış məntəqələrində hava həyəcanı siqnallarının işə düşdüyü bildirilir.
Musavat.com