"Hazırda dünyada əsas prioritet xarici dil biliklərinin inkişafıdır. Orta ümumi təhsil məktəblərində də, ali təhsil müəssisələrində də bu tendensiya müşahidə olunur. Dünyanın inkişaf etmiş ölkələri xüsusilə dil biliklərinə üstünlük verir. Tədrisin İngilis dilində aparıldığı ixtisaslar, həmçinin Çin, Alman, Fransız və digər dillərdə tədris olunan proqramlar gələcək perspektiv baxımından yüksək qiymətləndirilir. Bizim ölkədə isə orta ümumi təhsil məktəblərində və ali təhsil müəssisələrində xarici dillərin tədris səviyyəsini yüksək qiymətləndirmək çətindir. Orta məktəblərdə İngilis dili biliklərinin səviyyəsi xarici ölkələrlə müqayisədə orta qiymətləndirilə bilər, lakin ali təhsil müəssisələrində bu vəziyyət daha zəifdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Xatırladaq ki, son illərdə təhsil sahəsində qlobal və milli dəyişikliklər dil və ədəbiyyat təhsili sahəsində də özünü göstərir. Məktəb və universitetlərdə xarici dillərin öyrədilməsi yalnız kommunikasiya bacarıqlarını artırmaqla kifayətlənmir, eyni zamanda tələbələrin beynəlxalq əmək bazarında rəqabət qabiliyyətini yüksəldir. Paralel olaraq, Azərbaycan ədəbiyyatının və klassik dil biliklərinin müasir metodlarla tədrisi, gənclərin mədəni və intellektual inkişafında vacib rol oynayır.
Ekspert bildirib ki, tədrisi İngilis dilində olan ixtisasların əslində tam İngilis dilində aparılmaması diqqət çəkir.