EN

"Qaraçılar məni əhatəyə aldı, bir də gördüm ki…" - Vahid Məcidovla MÜSAHİBƏ

İnsan taleyini oxumaq cəhdi qədim dövrlərdən bəri mövcuddur. Bu sahələrdən biri olan xiromantiya, yəni əl xətlərinin və formasının təhlili tarixən Hindistan, Çin və qədim Yunanıstana qədər gedib çıxır. Bəzi mənbələrdə bu sahənin Pifaqor tərəfindən də öyrənildiyi qeyd olunur. Zamanla fərqli mədəniyyətlərdə inkişaf edən xiromantiya bu gün də mübahisəli mövzulardan biri olaraq qalır.

Bu sahə ilə uzun illərdir məşğul olan xiromant Vahid Məcidov BAKU.WS-ə müsahibəsində həm bu sahənin incəliklərinə, həm də onun şəxsi təcrübəsində iz buraxan maraqlı hadisələrə toxunub.

2019-cu ildə demişdiniz ki, Azərbaycanda bu sahəyə maraq azdır. İndi vəziyyət necədir?

– İndi vəziyyət dəyişib. Son illər müraciətlər xeyli artıb. Əvvəllər bu sahəyə daha çox maraq kənardan idi, indi isə ölkə daxilində də insanlar öyrənmək istəyir. Xüsusilə həkimlərin və psixologiya ilə məşğul olanların marağı diqqət çəkir. Mənə tez-tez deyirlər ki, təlim keçin, bu sahəni öyrədin.

Əl xətlərinə baxmaq İslamda günah sayılır?

– Bu məsələdə yanaşmalar fərqlidir. Mən bunu fal kimi yox, insanı anlama vasitəsi kimi görürəm. Yəni məqsəd kiməsə qorxu yaratmaq və ya taleyi "yazmaq" deyil. Sadəcə insanın xarakterini, meyillərini oxumaqdır. Hətta Bibliyada "insanı tanımaq istəyirsinizsə, əlinə baxın" qeydi də var.

Uşaqların əl xətlərinə baxmaqla da gələcəyi demək mümkündür?

– Uşaqlarda daha çox potensial görünür. Onun hansı sahəyə meyilli olduğunu demək olur. Amma gələcəyi dəqiq şəkildə demək düzgün deyil. Çünki insan böyüdükcə dəyişir, əl xətləri də onunla birlikdə dəyişir.

Bu sahəyə maraq sizdə necə yaranıb?

– Maraqlı bir təsadüflə. Gənc yaşlarımda Moskvada oxuyarkən səhvən astroloji salona daxil oldum. Orada məni saxladılar, doğum tariximə baxdılar və müəyyən şeylər dedilər. Həmin an məndə böyük maraq yarandı. Sonra araşdırmağa başladım, kitablar oxudum, insanları müşahidə etdim.

Amma mənim üçün dönüş nöqtələrindən biri başqa bir hadisə olub. Moskvada bir gün küçədə qaraçılar məni əhatəyə aldılar. Dedilər ki, cüzi məbləğə əlimə baxacaqlar. Əvvəl 5 qəpik dedilər, sonra məbləğ artdı. Mən də cibimə əl atdım və o vaxt üçün böyük sayılan 250 manatımın olduğunu hiss etdilər. Bir neçə saniyə ərzində sanki nə baş verdiyini anlamadım, məni hipnoz etdilər. Çünki 10 saniyəlik heç nə görmədim, hər yer qaranlıq idi. Vəziyyətim düzələndə isə ətrafda heç kim yox idi. Sonra məlum oldu ki, məni aldadıb pulu götürüblər. Polisə müraciət etdikdən sonra pul geri qaytarıldı. Amma həmin hadisə mənə bir dərs oldu. O andan sonra bu sahəni daha dərindən öyrənməyə başladım. Artıq heç kim məni bu cür aldada bilmədi.

Bunu sizə verilmiş xüsusi qabiliyyət, "vergi" kimi qəbul edirsiniz?

– Məncə, burada həm qabiliyyət, həm də maraq var. Təkcə "vergi" demək düzgün olmaz. İnsan öz üzərində işləməlidir. Mən çox müşahidə etmişəm, insanlarla ünsiyyətdə olmuşam, öyrənmişəm.

Əl xətləri dəyişirmi?

– Bəli, dəyişir. İnsan həyatında böyük dönüşlər olanda bu xətlərdə də dəyişiklik olur. Bu, mənim illərdir müşahidə etdiyim bir şeydir.

Sizə ən çox hansı suallarla müraciət edirlər?

– Ən çox ailə problemləri, münasibətlər, iş həyatı və sağlamlıqla bağlı suallar verilir. İnsanlar həm də öz bacarıqlarını bilmək istəyirlər ki, hansı sahədə daha uğurlu ola bilərlər.

Ancaq müşahidə etmişəm ki, əgər ilin əvvəli ilk hansı problemlə müraciət edirlərsə, ilin sonuna qədər həmin problem daha aktual olur.

Xiromantiyanın elmi əsasları ilə bağlı nə deyə bilərsiniz?

- Bu sahə mən deyərdim ki, bir elmdir. Çünki hazırda bu sahə ilə maraqlanan, məşğul olan, araşdıran alimlər də var. Bundan əlavə əl quruluşu, barmaqlar, dırnaqlar insanın psixoloji vəziyyəti haqqında məlumat verir. Bəzi hallarda sağlamlıqla bağlı da ipucları olur. Hətta tibbdə dırnaqlara baxaraq müəyyən problemlər haqqında ilkin fikir yürüdülür.

Əldə əsasən nələrə baxılır?

– Həyat xətti, ürək xətti, baş xətti əsasdır. Bundan əlavə, barmaqların forması, əl quruluşu və dırnaqlardakı dəyişikliklər də nəzərə alınır. Hər detal bir informasiya verir.

Tanınmış şəxslər sizə müraciət edib?

– Bəli, olub. Amma ad çəkmək düzgün deyil. Hətta müraciət edən idmançılardan nəaliyyət əldə edənlər də var.

Əl xətlərindən sağlamlıqla bağlı nə demək mümkündür?

– Bəzi hallarda müəyyən əlamətlər daxili problemlərə işarə edir. Mənim təcrübəmdə elə hallar olub ki, əvvəlcədən dediyim şeylər sonradan tibbi müayinədə təsdiqini tapıb.

Sizi ən çox təəccübləndirən hadisə hansı olub?

– Belə hadisələr çoxdur. Məsələn, bir dəfə gənc bir qıza ağır diaqnoz qoyulmuşdu. Mən baxdım və bunun doğru olmadığını dedim. Sonradan məlum oldu ki, həqiqətən də o xəstəlik yoxdur. Başqa bir hadisədə isə bir insanın qəza riski ilə bağlı xəbərdarlıq etmişdim və bir müddət sonra bu baş verdi.

Söhbətdən belə nəticə çıxır ki, xiromantiya hər kəs tərəfindən eyni cür qəbul olunmasa da, bu sahə ilə məşğul olanlar üçün o, insanı anlamağın fərqli bir yolu kimi qalır.

Chosen
13
1
far.az

2Sources