Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.
“Ölkədə heyvandarlığın inkişafı aqrar siyasətin prioritet istiqamətlərindən biri kimi dövlətin qarşısında duran mühüm vəzifələr sırasına daxildir. Bu sahənin davamlı inkişafı ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarda qiymət sabitliyinin qorunması və əhalinin yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, müasir dövrdə aqrar sektorun intensiv inkişafı, xüsusilə də heyvandarlıq sahəsində innovativ yanaşmaların tətbiqi zərurəti yaranmışdır. Bu baxımdan dövlət tərəfindən iri aqroheyvandarlıq komplekslərinin yaradılmasına xüsusi diqqət yetirilir. Belə komplekslərdə müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və resurslardan səmərəli istifadə imkanları genişlənir. Artıq respublikanın bir çox rayonlarında bu tip komplekslərin yaradılması kənd təsərrüfatının modernləşdirilməsinə mühüm töhfə verir.
Şirvan Aqro Heyvandarlıq Kompleksinin fəaliyyətə başlaması və bu prosesdə ölkə rəhbərliyinin iştirakı regionun sosial-iqtisadi inkişafına verilən önəmin göstəricisidir. Bu cür layihələr yalnız istehsalın artırılmasına deyil, eyni zamanda regionlarda məşğulluğun yüksəldilməsinə, kənd əhalisinin rifah halının yaxşılaşdırılmasına da xidmət edir.
Son illərdə heyvanların baş sayında müşahidə olunan azalma tendensiyası isə diqqət tələb edən məsələlərdəndir. Bu hal bazarda ət, süd və digər heyvandarlıq məhsullarının qiymətlərinin artması ilə birbaşa əlaqələndirilir. Problemin həlli məqsədilə əsas diqqət ətlik və südlük istiqamətli heyvandarlığın inkişafına yönəldilməlidir.
Elmi yanaşmalar göstərir ki, fərdi təsərrüfatlarda ənənəvi üsullarla heyvan saxlanılması hər zaman yüksək məhsuldarlıq vermir. Bu zaman həm maddi resurslar, həm də əmək sərfi çox olsa da, əldə olunan nəticə qənaətbəxş olmur. Bu səbəbdən sənaye əsaslı, iri və ixtisaslaşmış heyvandarlıq komplekslərinin yaradılması daha səmərəli hesab olunur.
Belə komplekslərdə seleksiya işinin düzgün aparılması, yem bazasının elmi əsaslarla təşkili və baytarlıq xidmətlərinin keyfiyyətli həyata keçirilməsi məhsuldarlığın artmasına və məhsulun maya dəyərinin aşağı düşməsinə şərait yaradır. Nəticədə bazarda qiymətlərin tənzimlənməsi və əhalinin daha əlverişli şərtlərlə ərzaq məhsulları əldə etməsi mümkün olur.
Hazırda ölkənin müxtəlif bölgələrində, xüsusilə dağlıq və yarımdağlıq ərazilərdə iri heyvandarlıq komplekslərinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu isə həm regionların iqtisadi potensialının artırılmasına, həm də yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərir.
Şirvan regionu tarixən heyvandarlıq sahəsində ixtisaslaşmış ərazilərdən biri kimi tanınır. Bu bölgədə formalaşmış zəngin təcrübə və ənənələr müasir texnologiyalarla vəhdət təşkil etdikdə daha yüksək nəticələrin əldə olunmasına zəmin yaradır. Məhz buna görə də belə komplekslərin bu ərazidə yaradılması tamamilə məqsədəuyğun və strateji baxımdan əsaslandırılmış addımdır.
Aqroheyvandarlıq komplekslərinin genişləndirilməsi ölkədə aqrar sektorun dayanıqlı inkişafını təmin etməklə yanaşı, həm də ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və sosial rifahın yüksəldilməsinə xidmət edir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.