ain.az, Bakupost portalına istinadən məlumat verir.
Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ABŞ Prezidenti Donald Trampı İrana qarşı hərbi əməliyyatları yarımçıq dayandırmamağa çağırır.
Bakupost.az “Associated Press”ə istinadən xəbər verir ki, Körfəz ölkələri ABŞ-dan birbaşa müharibəyə başlamağı tələb etməsə də, Vaşinqtonun İrana qarşı əməliyyatları yarımçıq saxlamamasını istəyir. Region ölkələri hesab edir ki, yarımçıq dayandırılan əməliyyatlar gələcəkdə daha böyük təhlükələr yarada bilər.
İranın raket və pilotsuz aparatlarla Körfəz ölkələrinin enerji və mülki infrastrukturlarına hücumları region dövlətləri tərəfindən ciddi təhlükə kimi qiymətləndirilir. Bu ölkələr bu hücumları regional təhlükəsizliyə mövcudluq təhdidi adlandırıb və beynəlxalq səviyyədə tədbirlər görülməsini istəyiblər.
ABŞ Prezidenti Donald Tramp isə müharibənin dayandırılması ehtimalını nəzərdən keçirdiyini bildirsə də, Vaşinqtonun əsas hərbi məqsədlərinin hələ tam yerinə yetirilmədiyi vurğulanır. ABŞ administrasiyası İranın raket imkanlarının məhdudlaşdırılması və nüvə proqramının nəzarətə götürülməsini prioritet hesab edir.
Eyni zamanda ABŞ tərəfindən İrana 15 maddədən ibarət atəşkəs planı təqdim edildiyi bildirilir. Planın Pakistan vasitəsilə Tehrana çatdırıldığı və tərəflər arasında dolayı danışıqların mümkün olduğu qeyd olunur.
Analitiklər hesab edir ki, region ölkələrinin mövqeyi Vaşinqtonun növbəti qərarlarına təsir göstərə bilər və müharibənin uzanması riskini artırır.
Cavid, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.