EN

Rusların “bas qaytar” və qastarbayter əməliyyatları

Rusiyalı iş adamları hökumətin rüsxəti ilə gedib uzaq Şri-Lankadan əmək mühacirləri, qastarbayterlər gətirib işlədirlər. Yayılan məlumata görə, onların bir dəstəsini Pskovda işlədiblər, amma pullarını vermir, gecikdirirlər.

Rusiyanın Şri-Lankadakı səfiri Caqaryan xəbərdarlıq edib ki, ruslar belə etməsinlər, çünki Şri-Lankadan qastarbayter axını azalar, nəticədə Rusiya boyunca yüzlərlə şirkət işçi qüvvəsinin çatışmazlığına görə iflas təhlükəsi ilə üzləşər.

Əcəb işdir: ruslar postsovet məkanından olan miqrantları təyyarələrə basıb ölkələrinə qaytarırlar, əvəzinə dünyanın o başından qastarbayter gətirirlər.

Hələ iki il öncə bu vaxtlar, “Krokus-siti”də törədilən və 148 məsum insanın ölümü ilə nəticələnən terror aktından sonra, teraktı törədənlərin tacik millətindən olması üzündən Orta Asiya respublikalarının Rusiyada yaşayan əmək miqrantlarına qarşı total təqib-təzyiq kampaniyası başlananda rusiyalı iqtisadçılar xəbərdarlıq edirdilər ki, miqrantların kütləvi şəkildə federasiyadan deportasiya edilməsi əmək bazarında problem yaradacaq.

İqtisadçılar problemin adını da deyirdilər: işçi qüvvəsi çatışmazlığı. Bu ifadəyə yalnız bir kəlmə artırmaq olardı: “ucuz”. Tam olaraq: “ucuz işçi qüvvəsi”.

İlk günlərdə əsasən taciklərə qarşı başlanmış kampaniya sonradan nəyə görəsə özbəklərə və qırğızlara qarşı yönəldi. Bu, bəlkə də ona görəydi ki, Rusiya Federasiyasında özbəklər daha kütləvi şəkildə yaşayırlar, sayları milyonlarla ölçülür, Xabarovskdan Kalininqrada qədər bütün şəhər və qəsəbələrdə mövcuddurlar. Yəni gözə görünən onlar idi.

Nəticədə özbək millətindən olan yüz minlərlə əmək mühaciri Özbəkistana qayıtmalı oldu. Onların bir xeylisi heç deportasiya ediləcəklərini gözləmədi, dəyişən münasibətin təhlükəli şəkil aldığını görərək, ailə-uşaqları ilə birlikdə vətənlərinə döndülər. Çünki Rusiyada yerli hüquq-mühafizə orqanları vaxtaşırı olaraq (ən azı ayda bir dəfə) onların işlədiyi müəssisələrə, inşaat meydançalarına, ticarət obyektlərinə reydlər təşkil edir, onları kütləvi şəkildə avtobuslara doldurub təcridxanalara aparır, qazandıqlarını əllərindən alır, çoxunu növbəti aya qədər sərbəst buraxır, bir hissəsini isə deportasiya məntəqələrinə aparırdılar.

Sonradan Orta Asiyadan, Qafqazdan olan əmək mühacirlərinin zorla və ya şirnikləndirməklə Ukrayna müharibəsinə aparılması kampaniyası da başlandı və minlərlə mühacir Kremlin hərbi kampaniyasının güdazına getdi.

Bundan başqa, artıq çoxdan Rusiya vətəndaşlığı almış qeyri-ruslar da federasiyanı, rus cəmiyyətini sarmış neo-nasizm dalğasından öz nəsiblərini aldılar və almaqdadırlar. Bu sırada minlərlə azərbaycanlı da var.

Rusiyalı deputatların ard-arda qəbul etdikləri mürtəce anti-miqrant qanunları da bir tərəfdən Rusiyada yaşayıb-işləməyin cazibədarlığını minimuma endirməkdədir. Miqrantlardan rusca təmiz danışıb-yazmağı, rus ədəbiyyatını, tarixini əzbər bilməyi tələb edir, onları imtahandan keçirirlər. Bu isə kompakt halda yaşayan miqrantlar üçün asan keçiləsi baryer deyil.

Ona görə də son 100 ildə ruslarla məcburən bağrı-badaş yaşayan, bir dövlətin vətəndaşları olan ölkələrin vətəndaşları öz ölkələrinə qayıdırlar və onların tərk etdikləri iş yerləri ağzı günə qalır. Çünki həmin işlər ağır fiziki zəhmət tələb edən işlərdir və yerli sakinlər hələm-hələm özlərini ağır, “qara” işlərin altına vermirlər.

Ötən ilin axırlarında Rusiyanın şəhərlərinə intensiv qar yağanda yollar və küçələrin təmizlənməməsi səbəbindən həyat iflic olmuşdu, o zaman yerli əhali və hökumət orqanları indiyədək bu “qara iş”i görən miqrantların xiffətini çəkirdilər.

Ancaq ox yaydan çıxıb. Rusiyanın qanunları postsovet ölkələrdən olan miqrantların yenidən Rusiyaya dönməsinin qarşısında sədd çəkib. Artıq onlara ailələri birlikdə Rusiyaya yerləşmək imkanı vermirlər.

Ona görə də indi Şri-Lankadan, Hindistandan, Nepaldan və başqa Asiya ölkələrindən qastarbayterlər gətirirlər. Onlar ailəsiz gəlir, həm rus cəmiyyətinə bələd olmadıqları, həm də rus dilini bilmədikləri üçün qolu bağlı qara qul vəziyyətinə düşürlər.

Yeni qastarbayterlər biznesmenlər üçün daha sərfəlidir, onların pulunu kəsmək daha asandır. Rus biznesmenlər bunu postsovet ölkələrindən olan mühacirlərə qarşı edə bilməzdilər, qarşılarında “etnomafiya” adlandırdıqları diaspor təşkilatlarını, cürbəcür birlikləri görərdilər. Şri-lankadan gələnlərin kimi var?

Bu üzdən hesab etmək olar ki, Pskovda işləyən, amma maaşlarını ala bilməyən şri-lankalıların başına gələn iş “əməkhaqqının gecikdirilməsi” hadisəsi deyil, onlara kələk gəlinməsi olayıdır.

Bəli, Rusiya bu ağılla idarə olunur. Rusiya iqtisadiyyatının inkişafı üçün milyonlarla əmək mühaciri lazımdır, amma ruslar yaxın ölkələrdən olan, pis-yaxşı yerli cəmiyyətə uyğunlaşmış miqrantları qovur, uzaqlardan işçi qüvvəsi cəlb edirlər, heç onları da yola vermirlər.

Sanki bu ölkənin bəsirəti bağlanıb. İfrata varmaqda olan neo-nasizm RF-ni uçuruma aparır, xəbərləri yoxdur.

 

Chosen
15
musavat.com

1Sources