EN

“Tramp marşrutu” niyə ləngiyir? Hərbi ekspertdən ŞƏRH

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan “Tramp marşrutu” (TRIPP) layihəsinin İranda cərəyan edən proseslər səbəbindən gecikə biləcəyini bildirib. Onun sözlərinə görə, hazırda bu təşəbbüs Donald Tramp administrasiyasının əsas prioritetləri arasında yer almır. Bu açıqlama regionda yeni müzakirələrə səbəb olub. İranda baş verən son hadisələr sözügedən layihə üçün konkret olaraq hansı riskləri formalaşdırır?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli bildirib ki, “Tramp marşrutu” layihəsində baş rolda ABŞ çıxış edir və onun bu məsələdə rolu müəyyənedicidir.

Onun sözlərinə görə, təklifin irəli sürülməsi və dəstəklənməsi, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunması və möhkəmləndirilməsi istiqamətində ABŞ prezidenti Donald Trampın xidmətləri böyükdür: “Bu fonda Azərbaycan və Ermənistan prezidentlərinin Trampın vasitəçiliyi ilə bir araya gəlməsi, müəyyən məsələlərdə razılığa gəlməsi və sülh danışıqları istiqamətində növbəti addım atması faktdır. Bu fakt həm region, həm də xüsusilə Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. “Tramp marşrutu”nun müəllifi kimi ABŞ-nin əsas aktor qismində çıxış etməsi, onun bu marşrutun reallaşdırılması istiqamətində fəaliyyətini də müəyyənləşdirir və önə çıxarır. Hazırda ABŞ-nin İranla bağlı ciddi problemləri mövcuddur. Tramp özü də etiraf edib ki, İrandan bu səviyyədə müqavimət gözləmirdilər. Ümumiyyətlə, bu kimi məsələlərdə proqnoz və informasiya amili həlledici rol oynayır. Məsələn, Rusiya Ukraynanı 3 gün ərzində ələ keçirmək planı qurmuşdu. Onlar hesab edirdilər ki, qısa müddətli xüsusi əməliyyat nəticəsində Ukraynada dövlət çevrilişinə nail olacaq və özlərinə uyğun hakimiyyət formalaşdıracaqlar. Lakin hadisələrin gedişi göstərdi ki, bu “3 günlük əməliyyat” artıq 3 ildən çoxdur davam edir. Bu da informasiya təhlükəsizliyinin və düzgün proqnozlaşdırmanın nə qədər vacib olduğunu bir daha sübut edir. Həm Rusiya, həm də ABŞ rəhbərliyi bu məsələlərdə müəyyən yanlış hesablamalara yol verib və nəticədə uğursuzluqlarla üzləşib”.

Hərbi ekspert qeyd edib ki, “Tramp marşrutu” ilə bağlı ABŞ-nin müəyyən gözləntilərinin doğrulmaması və Azərbaycanın İranla yanaşı digər dövlətlərlə balanslaşdırılmış siyasət yürütməsi bəzi çətinliklər yaradıb: “ABŞ-nin istəyi Azərbaycan ərazisindən İrana qarşı mümkün quru əməliyyatları üçün istifadə etmək idi. Lakin Azərbaycan belə bir ssenariyə çətin ki, razılıq versin. Çünki bu, ölkənin birbaşa hərbi münaqişəyə cəlb olunması demək olardı. Naxçıvana dron hücumlarından sonra Azərbaycanın sərt reaksiyası da bunu göstərdi. Azərbaycan həm Cənubi Qafqazda, həm də beynəlxalq müstəvidə sülhü dəstəkləyən siyasət yürüdür. Bu baxımdan, İrana qarşı hər hansı hərbi əməliyyatlarda platforma rolunu oynamaq Azərbaycan üçün yolverilməzdir. Bu istiqamətdə nə İsrailə, nə də ABŞ-yə “yaşıl işıq” veriləcəyi gözlənilmir.

Bununla belə, “Tramp marşrutu”nun həyata keçirilməsində müəyyən ləngimələr mümkün olsa da, onun tam dayandırılacağından söhbət gedə bilməz”.

Oğuz Ayvaz

AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
azpolitika.info

1Sources